Azərbaycandan xaricə sahibkar axını: qarşısını necə almalı?backend

Azərbaycandan xaricə sahibkar axını: qarşısını necə almalı?

Şahin Nəcəfov: “Korrupsiyaya qarşı tədbirlər kompleks xarakterli olmalıdır”

Uzun illərdir ki, korrupsiya Azərbaycanda ölkə həyatının bir çox sahələrində kök salmış, cəmiyyəti ciddi şəkildə narahat edən bəlaya çevrilib. Ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin(“ASAN Xidmət”) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb. Lakin problem yenə də qalmaqdadır.

Onu da qeyd edək ki, 2019-cu ildə Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən daha təsirli addımların atılması gözlənilir.
Cəmiyyətin ən fəal təbəqələrindən biri olan sahibkarların mövcud vəziyyətlə bağlı gözləntiləri, dövlətdən umduqları barədə “Xəzər” İş Adamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri Şahin Nəcəfovla söhbətimizi təqdim edirik:

– Şahin bəy, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin effektivliyini qiymətləndirin, zəhmət olmasa: mübarizə hərtərəfli və ölkədə mövcud korrupsiyalaşma səviyyəsinə uyğundurmu?

– Son illərə qədər korrupsiya Azərbaycanda vandalizm həddinə çatmışdı. Keçmiş MTN rəhbərliyinin fəaliyyəti sözün həqiqi mənasında vandalizm idi: ölkədə az-çox gəlir əldə edən bütün sahibkarların vergi, gömrük, bank hesabı və sair bütün məlumatları bu adamların əlindəydi. Kimə xaricdən nə qədər mal gəlirdi, hesabına nə qədər pul daxil olurdu, hamısı barədə məlumat alır, daha sonra həmin adamın özünün, ailə üzvlərinin bütün əlaqə vasitələri tamamən nəzarətə götürülürdü. Daha sonra müxtəlif yollarla onlardan haqq alınırdı. Bu dövr Azərbaycan iqtisadiyyatına, iş adamlarına qarşı vandalizm törədildi. Yüzlərlə sahibkar ölkədən qaçdı, əlinə imkan düşən hamı vəsaitini qaçırdı. Nəticədə Azərbaycan iqtisadiyyatına ən ağır zərbə vuruldu.
Bilirsiniz, harada ki, məmur iş adamından, sahibkardan varlıdır, demək, orada işlər düz getmir. Bizdə məmurlar ən varlı iş adamından belə varlıydılar. Son illərdə bu prosesin qarşısının alınması üçün xeyli işlər görülüb, etiraf etmək lazımdır ki, vəziyyətdə ciddi dəyişiklik var. Məsələn, vergi yoxlamaları tamamilə azaldılıb, demək olar ki, sıfıra düşüb. Digər bir sıra sahələrdə də müsbət dəyişikliklər var.

– Azərbaycanda korrupsiyanın yüksək olmasının səbəbi haradadır: qanunvericilikdə, yoxsa onun tətbiqində?

– Azərbaycanda problem ondadır ki, qanunvericiliyi oliqarx məmurlar yaradırdılar. Layihə onlar tərəfindən hazırlanır, parlamentə gedirdi. Parlamentdə onların nəzarətində olan deputatlar vardı, istədikləri qanunu, müddəanı rahatlıqla keçirə bilirdilər. Və bütün qanunlarda özlərinə sərf edən boşluqlar qoyurdular. Bizim hazırkı qanunvericiliyimizin böyük hissəsi məhz belə hazırlanmış sənədlərdən ibarətdir. Buna görə də qanunvericilik kökündən dəyişməlidir. Yeni qanunvericilik parlament, hər dövlət qurumundan bir mütəxəssis və sahibkar konfederasiyaları, ictimai birlik nümayəndələrinin iştirakı ilə hazırlanmalıdır. Hansısa dövlət qurumunun tənzimləməli olduğu sahə ilə bağlı qanunvericiliyi o qurumun hazırlaması nonsensdir.

– Korrupsiyaya qarşı mübarizəni daha effektiv etmək üçün ilk növbədə hansı sahələrdə addımların atılmasına ehtiyac var?

– Addımlar hər sahədə atılmalıdır. İlk növbədə də idarəçilikdə. Bu gün Azərbaycanda 75 rayon var. Bu isə 75 icra başçısı, 75 prokuror, 75 rəis və sair deməkdir və onların içərisində sözsüz ki, iş görən sahibkardan haqq almaq istəyən məmurlar var. Baxın, regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı həyata keçirilib, 110 milyard manat pul xərclənib. Nəticə nədir – regionların büdcədə payı cəmi 4 faizdir. Əhali durmadan regionlardan Bakıya, Abşeron yarımadasına axır. Bu vəziyyəti aradan qaldırmaq üçün rayonlara bölgü ləğv edilməli, dövlət aparatının sayı minimuma endirilməlidir. 14-15 regional idarəetmə qurumu yaradılması yetərlidir. Böyük şəhərlərdə bələdiyyə institutu formalaşdırılmalıdır.

Hələlik bizdə problemə kompleks yanaşmanı görmürük. Ayrı-ayrı elementlərə müdaxilə olunur, amma bununla gözlədiyimiz nəticəni əldə etmək mümkün deyil. Baxın, Kənd Təsərrüfatı Nazirliyi gübrə, texnika, damazlıq heyvan gətirir, güzəştli şərtlərlə fermerlərə verir, yaxud bu prosesi digər şirkətlərin həyata keçirməsinə şərait yaradır. Dövlət əkinə və məhsula subsidiya ayırır. Amma Meliorasiya fermerə su vermir, onun əkini məhv olur, aldığı subsidiya düşdüyü zərərin 20 faizini belə qarşılamır. Buna görə də Meliorasiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmalıdır ki, harada, nə qədər torpağa su vermək mümkün olacağını əvvəlcədən planlaşdıra bilsin. Fermer də bilsin ki, tutalım,100 hektar torpağının 50 faizinə su veriləcək, oranı əksin, qalan torpağını növbəyə qoysun.

Elə bilirsiniz, ölkədən yalnız elmli adamlar gedir? Xeyr, sahibkarlar, həm də fermerlər, aqrar sektorda işləmək istəyib əli yananlar da gedir. Bu gün Rusiyanın cənub əyalətlərində Azərbaycandan gedən fermer-sahibkarlar min hektarlarla sahədə təsərrüfat, istixana qurublar. Niyə? Çünki orada iş, biznes mühiti buradan əlverişlidir. Halbuki bu adamlara bu gün Azərbaycanda çox böyük ehtiyac var. Qeyri-neft sektorumuzu, xüsusilə də kənd təsərrüfatını inkişaf etdirməyi əsas prioritetlərdən biri seçmişiksə, təşəbbüskar olan hər kəsin qədrini bilməliyik.

– Şahin bəy, biznes hansı mərhələdə korrupsiya ilə daha çox üzləşir: sahibkarlıq subyektinin qeydiyyatı, obyektin qaz-enerji, su təminatı, vergi, gömrük prosedurları və sair.

– Bilirsiniz, biznesin qeydiyyatı və sair sahələrdə vəziyyət yaxşıdır. Amma əsas biznesə başlamaq deyil, onu davam etdirmək, böyütməkdir. Azərbaycanda bütün problemlər başlayandan sonra yaranır.
Sahibkar biznesə başlayarkən hansısa məmura, qohuma deyil, ölkəsinin ədalət sisteminə, məhkəməsinə arxayın olmalıdır. Bilməlidir ki, hər hansı səbəbdən haqsızlığa uğrasa, məhkəmə – ədalətli hakimlər onun haqqını bərpa edəcəklər. Ədalətli məhkəmə olanda, heç bir məmur sahibkarın işinə müdaxilə edə bilmir, heç bir inhisarçı başqasını bazardan haqsız rəqabət yolu ilə çıxara bilmir. Yəni ədalətli məhkəmə bütün detalları oturuşduran, çarxların nizamlı hərəkətini təmin edən əsas istinaddır. Azərbaycan bu təməl istinad yoxdur. Olmadığı üçün də məmur oliqarxiyası təşəkkül tapır, məmur öz yaxınları vasitəsilə hansısa sahəni inhisara götürə bilir və sair.

Azərbaycanda sahibkarlığa yanaşmanı bir nümunə ilə izah edim. Siz gedirsiniz marketə, şəkər tozu almaq istəyirsiniz. Marketdə satıcı deyir ki, özünüzlə tərəzi gətirməlisiniz, şəkər tozunu çəkməlisiniz, bunun üçün də mənə şəkər tozunun qiymətindən əlavə pul ödəməlisiniz. Siz əlbəttə ki, satıcını dəli hesab edərsiniz. Amma baxın, bu gün obyektinə qaz, elektrik çəkmək istəyən sahibkara eyni şey deyilir. Deyilir ki, mən sənə qaz, işıq satıram, amma onun miqdarını ölçən sayğacı sən almalısan. Özü də sahibkarlıq subyektləri üçün sayğacların qiyməti 5-10-15 min manata qədərdir. Digər problem, qazı, işığı, suyu yalnız bir nəfərin –şirkətin satmasıdır. Bazar rəqabətli olub, satıcı 4-5 şirkət olarsa, sahibkar seçim edərək özünə ən sərfəli olanla işləyər.

Bəla burasındadır ki, bu dövlət inhisarçıların fəaliyyətində də korrupsiya yüksək səviyyədədir. Məhsulun maya dəyəri süni şəkildə şişirdilib, hələ də dəqiq və obyektiv hesablama aparılıb, biznesə, əhaliyə satılan qazın, elektrik enerjisinin, suyun, xidmətlərin real maya dəyəri ortaya qoyulmayıb. Bu hesablama aparılıb real maya dəyəri ortaya qoyulsa, aydın olacaq ki, inhisarçı dövlət şirkətlərinin illərdir açıqladığı rəqəmlər dəfələrlə şişirdilib. Şişirdildiyinə görə də hamısı ziyanla işləyirlər. Bütün bu sahələrdə köklü yoxlamalar aparılmalı, fəaliyyəti müasir standartlar əsasında yenidən təşkil olunmalı, hamısı da özəlləşdirilməlidir. Özü də bir deyil, bir neçə şirkətə verilməlidir ki, normal rəqabət mühiti olsun, sahibkarlar seçim edə bilsinlər.

– Sağlam rəqabət mühiti dediniz, onun bütün sahələrdə olması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Bilirsiniz, ingilislərin sözü var ki, velosiped sürmək üçün onu yenidən icad etməyə ehtiyac yoxdur: bazardan birini almaq yetərlidir. İndi normal rəqabət mühitini formalaşdırmağı bacaran onlarla ölkənin təcrübəsi var. Bu ölkələrdən birinin, hətta bir neçəsinin təcrübəsindən istifadə etmək olar. Sovet dövründə əsgərliyə gedənlərimizin rus dilində ilk öyrəndiyi söyüşlər olurdu. Onun misalı, bizim bəzi məmurların xaricdən ilk öyrəndikləri korrupsiya əməlləri oldu. Gedib oradakı inkişafa gətirən təcrübələri deyil, dövlət vəsaitini mənimsəmək metodlarını öyrəndilər.

Düşünürəm ki, Azərbaycanda sağlam rəqabət mühitinin formalaşdırılması üçün əsas iradənin olmasıdır. İradə olacaqsa, müsbət təcrübələr istənilən qədərdir, onlardan birini Azərbaycanda tətbiq etmək çox asandır.

Bir məsələni də deyim ki, biznes axar su kimidir: haradasa qarşısına kötük atıb, yolunu kəsəcəksənsə, axıb başqa yerə gedəcək. Biz ölkədən biznes axınının qarşısını almaq istəyiriksə bu axar suyun qabağına kötük atmaqdansa, yolunu açıb daha gur axmasına şərait yaratmalıyıq…

QEYD: Müsahibə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqat və rəy sorğusunu aparılması” layihəsi çərçivəsində hazırlanıb.

  •  (0)
  •  (0)