Fevralın 11-də Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib.
Hokm.az xəbər verir ki Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanda Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları çərçivəsində görülmüş işlər, bu sahədə beynəlxalq əməkdaşlıq, islahatların gələcəyi ilə bağlı atılacaq növbəti addımlar, habelə yeni büdcə mexanizminin tətbiqi üçün potensialın artırılması məqsədilə təşkil ediləcək təlimlər barədə çıxış və təqdimatlar olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Hesablama Palatasının, nazirliklərin, komitə və digər dövlət qurumlarının, habelə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov islahatların tarixçəsi, görülmüş işlər barədə məlumat verib, nəticəəsaslı büdcə mexanizminin fiskal tənzimləmə aləti kimi əhəmiyyətini vurğulayıb.
İsveçrənin Regional Əməkdaşlıq Ofisinin rəhbərinin müavini Guy Bonvin və Dünya Bankının Azərbaycan üzrə Meneceri Stefanie Stallmeister isə öz çıxışlarında “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsinin dövlət maliyyəsinin idarəolunmasına verdiyi töhfədən bəhs ediblər və növbəti dəstək tədbirlərinin bu islahatları daha da sürətləndirəcəyini qeyd ediblər.
Tədbirdə Dünya Bankının ekspertləri OMXÇ-nin və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı beynəlxalq təcrübə barədə, Maliyyə Nazirliyinin əməkdaşları isə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatların mövcud vəziyyəti, təkmilləşdirilmiş hüquqi və institutsional çərçivəsi, habelə nəticəəsaslı büdcə mexanizminin tətbiqinin prosessual əsasları və islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatlarda potensialın artırılması məqsədilə təşkil ediləcək nəzəri-metodoloji və praktiki təlimlərin təşkili barədə təqdimatlarla çıxış ediblər.
Açılış sessiyasının davamı olaraq, islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatların nümayəndələri üçün Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin təlimçi qrupu tərəfindən cari ilin 17-28 fevral tarixlərində nəzəri-metodoloji əsaslı ümumi tədris proqramı üzrə təlimlərin, cari ilin aprel-iyun aylarında isə Dünya Bankının ekspertləri tərəfindən praktiki ixtisaslaşdırılmış xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.