Ali təhsil müəssisələri arasında reytinq sıralamaları təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Universitetlərin akademik nüfuzunu, elmi-tədqiqat fəaliyyətini, beynəlxalq əməkdaşlıqlarını və məzunlarının uğurlarını ölçən bu reytinqlər ali təhsil sistemində keyfiyyətin artırılmasına mühüm təsir göstərir. QS World University Rankings, Times Higher Education kimi nüfuzlu təşkilatlar hər il universitetlərin mövqeyini dəyərləndirir və bu göstəricilər həm tələbələr, həm də təhsil müəssisələri üçün mühüm referans mənbəyinə çevrilir.
Azərbaycan universitetləri də zaman-zaman bu reytinqlərdə yer alır. Həmçinin, ali təhsil müəssisələrinin daxili reytinq sisteminin yaradılması da müzakirə edilir.
Ekspertlər bənzər yanaşmanın orta məktəblər üçün də tətbiq oluna biləcəyini düşünür. Məktəblərin reytinqinin hazırlanması təhsil sisteminin inkişafına xidmət edəcək və keyfiyyətin ölçülməsi üçün obyektiv bir göstərici rolunu oynayacaq.
Bu reytinq müəyyən edilərkən bir neçə əsas meyar nəzərə alınmalıdır. Əsas göstəricilərdən biri şagirdlərin akademik nəticələridir. Dövlət imtahanlarında əldə olunan nəticələr, beynəlxalq olimpiadalarda və fənn müsabiqələrində qazanılan nailiyyətlər məktəbin təhsil səviyyəsini əks etdirən mühüm faktorlardır. Həmçinin, məzunların ali təhsil müəssisələrinə qəbul faizi və onların universitetlərdə göstərdiyi uğurlar məktəbin tədris keyfiyyəti barədə aydın təsəvvür yaradır.
Bundan əlavə, müəllim heyətinin peşəkarlığı və təcrübəsi də vacib faktorlardan biridir. Müəllimlərin ixtisasartırma kurslarında iştirakı, tədris metodikası və innovativ yanaşmaları məktəbin ümumi səviyyəsinə birbaşa təsir göstərir. Eyni zamanda, məktəbin infrastruktur imkanları – laboratoriyaların, kitabxanaların, idman və yaradıcılıq mərkəzlərinin mövcudluğu və istifadə səviyyəsi də nəzərə alınmalıdır.
Məktəblərin təhsil mühiti və psixoloji atmosferi də əhəmiyyətli göstəricilər sırasındadır. Şagirdlərin və valideynlərin məktəbdən məmnuniyyəti və inklüziv təhsil imkanları məktəbin ümumi keyfiyyətini müəyyənləşdirən əsas amillərdəndir.
Məktəblərin reytinqinin hazırlanması ölkənin təhsil sistemində yeni bir mərhələ aça bilər.
“İndiyə qədər “qabaqcıl təhsil işçisi”, “əməkdar müəllim” kimi adlarla müəllimlər təlti edilirdi. Sonra belə layihələr məktəblər üzərində həyata keçirilməyə başlandı. Son 2 ildə demək olar ki, qabaqcıl məktəblərin təqdimatı keçirilmir”.
Ekspert bildirib ki, ictimai rəylə müəyyən reytinq cədvəli tərtib etmək olar: “Məsələn hansı məktəbin buraxılış nəticələri yüksəkdir, hansı məktəbin olimpiada qalibləri çoxdur, hansı məktəb daha çox vətənpərvər şəxslər yetişdirib. Təəssüf ki, biz bu gün bütün meyarları ancaq qiymətləndirmə üzərindən qurmuşuq. Yaxşı nəticələr ancaq yüksək nəticə toplayan abituriyentllərlə ölçülür”.
M.Məmmədlinin sözlərinə görə, hələ elə bir məktəbin adı çəkilməyib ki, neçə şəhid verib, neçə vətənpərvər şəxs yetişdirib:
“Bu kimi kriteriyalar önə çıxmır. Bizim meyarımız odur ki, hansı məktəb nə qədər yüksək ballı şagird yetişdirib. Bu sahədə işlərin görülməsi ümumi rəqabətə gətirib çıxara bilər. Universitetlərin reytinq göstəriciləri xarici jurnallarda dərc olunmaqla, beynəlxalq arenaya çıxmaqla ölçülür. Məktəblər üçün də reytinq cədvəli başqa istiqamətlərdə qurula bilər. Məktəblərin reytinqlərini qaldırmaq üçün rayonlararası müsabiqələr təşkil etmək olar. Ümumi reytinq sıralamasına gəldikdə isə bu Elm və Təhsil Nazirliyi tərəfindən məzunların qəbul imtahanlarında topladığı bala görə aparılır”.