COVID-19 epidemiyasının yaratdığı vəziyyətlə əlaqədar olaraq, tibb işçiləri gecə-gündüz fəaliyyət göstərirlər. Xəstələri müalicə edən tibb işçiləri arasında virusa yoluxanların da sayı az deyil. Hətta onlar arasında həyatını itirənlər də var. Bu, fədakarlıqla çalışan, həyatını risqə atan tibb işçilərinin həyatlarının sığortası məsələsini zərurətə çevirir.
Tibbi ekspert Adil Qeybulla redaktor.az–a bildirib ki, həkimlərin cəmiyyətdə qorunması çox vacibdir və onların sosial müdafiəsinin mühkəmləndirilməsi istiqamətində köklü tədbirlər hazırlanmalıdır:
“COVID-19 bir müharibədir və bu müharibədə həkimlər pandemiya ilə mübarizədə səngərdə savaşırlar. Çox sayda həkim dünyasını dəyişib. Respublika üzrə təxminən 2 minə yaxın tibb işçisi isə xəstədir. Bəzilərinin həyatı hələ də təhlükədədir. Hesab edirəm ki, vətəndaşlar da bunu dəyərləndirməlidirlər. Həkimlərə münasibət heç də ürəkaçan deyil. Əslində bu icbari tibbi sığortanın olmaması ilə bağlıdır və bütün bu aqressiya həkimlərə yönəlir.
Həkimlərin qorunması, onlara sayğı göstərilməsi çox mühümdür. Münasibət mütləq dəyişməlidir. Həkimlərin sosial müdafiəsinin mühkəmləndirilməsi istiqamətində köklü tədbirlər hazırlanmalıdır. Pandemiya dövründə bu cür təşəbbüslər var. Yəqin ki, bu təşəbbüslər bir nəticə verəcək”.















