Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədirbackend

Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir

Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir.

Hokm.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili – Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib:

“150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. İctimai fikirdə ümumtürk idealları intibah və quruculuğa xidmət edib. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi ziyalılar türk dünyasının ortaq fikir babalarıdır, çünki qaynaqları və kökləri birdir”.

Z.Oruc vurğulayıb ki, iki dövlətin “bir millət-bir media” idealı ilə çalışdığı qızıl dövr Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük savaşdır.

“Müharibənin ilk günündən dövlət başçılarının birliyi silahlı savaşın ağırlığını çiyinlərində daşıyan qələm ordumuza ruh verdi, mənəvi-siyasi qardaşlığın simvoluna çevrildi”, – o qeyd edib.

Deputat əlavə edib ki, müharibə zamanı milli media ordunun uğurunu tamamladı:

“Dezinformasiyaya qarşı birgə mübarizə Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşını aparan qüvvələrin eyni olmasından irəli gəlir. Bəli, bizim informasiya düşmənlərimiz də eynidir. Onlara yalnız birlikdə qalib gəlmək mümkündür. Azərbaycan və Türkiyə mediası son 5 ildə minlərlə ortaq layihələrə müəlliflik ediblər, ekspert, alim və ziyalıların diliylə vahid ictimai fikir formalaşdırıblar. Əlbəttə, Azərbaycan və Türkiyə arasındakı mənəvi-siyasi bağların qırılmasına cəhdlər də media məkanında baş verib. Lakin Şuşa Bəyannaməsi media üçün də konstitusion sənəddir”.

Z.Oruc bildirib ki, Azərbaycanın Qarabağda Qələbəsi qlobal geosiyasi nəticələrinə görə Türk dövlətlərinin beynəlxalq siyasi çəkisini artırdı, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə Türkiyənin mövqelərini möhkəmləndirdi:

“Göründüyü kimi, “bir millət-bir media” formulu daha böyük coğrafiyalarda hələ çox mühüm missiyalarda olacaq”.

  •  (1)
  •  (0)