Azərbaycan-Suriya parlamentlərarası işçi qrupu bərpa EDİLƏ BİLƏRbackend

Azərbaycan-Suriya parlamentlərarası işçi qrupu bərpa EDİLƏ BİLƏR

Azərbaycan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan hakimiyyətlə əlaqələr qurub. Xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. Ancaq vətəndaş müharibəsinin başlamasından sonra əlaqələr kəsilib.

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur, ancaq səfirliyin yenidən açılması nəzərdə tutulub. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

Müharibənin başlamasından sonra Azərbaycanla Suriya arasındakı parlamentlərarası münasibətlər də kəsilib. Milli Məclisin Azərbaycan-Suriya parlamentlərarası İşçi Qrupu hələ də fəaliyyət göstərmir.

Bəs indiki vəziyyətdə Azərbaycan-Suriya Parlamentlərarası İşçi Qrupu bərpa oluna bilərmi?

Hokm.az xəbər verir ki məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibtlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Suriyanın yenidən dövlət quruculuğunun bərpasına dəstək verir:

“Ölkəmiz Suriyaya humanitar yardım göstərir. Siyasi və diplomatik əlaqələrin qurulması istiqamətlərində müəyyən addımlar atılır. Lakin bu, ilkin mərhələdir. Bəlli olduğu kimi parlamentlərarası işçi qrupunun formalaşdırılması prosesi diplomatik əlaqələrin tam bərpasından sonraya təsadüf edilir.  Münasibətlərin yenidən qurulması istiqamətində ölkəmiz müəyyən addımlar təbii ki, atacaq. İlkin olaraq, münasibətlərin Suriyada dövlət institutlarının fəaliyyətinin tam bərpasından sonraya təsadüf edəcəyini düşünürəm. Dövlət institutları formalaşmalı, konstitusiya ilə bağlı məsələlər  həll olunmalıdır. Hansı yolu onlar seçəcəklər-Prezident, yoxsa parlament idarə üsulunu? Bundan sonra hansı addımlar atılacaq”.

Deputat vurğulayıb ki, hakimiyyətin legitim qollarının formalaşdırılması ilə bağlı bütün məsələlər həll edildikdən sonra Azərbaycan da parlamentlərarası işçi qrupunun formalaşdırılması istiqamətində addımlar ata bilər:

“İndiki halda məsələ Suriyadakı dövlət quruculuğu və ölkənin yenidən bərpasına dəstəklə müşahidə olunur. Azərbaycan qardaş Türkiyə ilə eyni mövqedə çıxış edir. Bu aspektdən qənaətimə görə, hadisələrin tezləşdirilməsinə ehtiyac yoxdur, hər şeyin öz zamanı var”.

  •  (0)
  •  (0)