“COP29 ölkəmizin iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir və dayanıqlı inkişaf məqsədlərini təşviq etmək üçün böyük imkanlar yaradır”.
Bu sözləri “FM Consulting” şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Nahid Həsənov söyləyib.
Onun sözlərinə görə, COP29 bir çox aspektlərdən Azərbaycan iqtisadiyyatının qarşısında geniş imkanlar açır: “Yaşıl iqtisadiyyatın inkişafı, COP29 çərçivəsində qlobal səylər iqlim dəyişikliyinin qarşısını almaq və ətraf mühiti qorumaq məqsədilə bərpa olunan enerji mənbələrinin genişləndirilməsini dəstəkləyir. Bu tədbir, bərpa olunan enerji mənbələrinin inkişafına və yeni texnologiyaların tətbiqinə maliyyə dəstəyini və beynəlxalq əməkdaşlığı təmin edə bilər. Bu da öz növbəsində ölkəyə yeni investisiyalar cəlb etməyə şərait yaradacaq. İnnovasiyalar və texnoloji tərəqqi baxımından da COP29-dan ciddi gözləntilər mövcuddur. Texnologiyanın tətbiqi və innovasiyaların inkişafı ölkədə yeni iş yerlərinin açılmasına, yerli şirkətlərin beynəlxalq bazarlara çıxışına və yeni sektorların formalaşmasına öz töhfəsini verəcək. Bu, eyni zamanda qlobal bazarlara çıxış üçün zəmin yaradacaq ki, nəticədə bundan ölkə iqtisadiyyatı və özəl sektor faydalana biləcək”.
Ekspert qeyd edir ki, BMT-nin iqlim dəyişikliyinə həsr olunan 29-cu sessiyası Azərbaycanın dayanıqlı inkişaf strategiyalarını nümayiş etdirmək baxımından da unikal bir platformadır: “Heç şübhəsiz ki, bu tədbirdən sonra ölkəmiz yaşıl enerji sahələrinə qoyulacaq investisiyalar üçün cəlbediciliyini artıracaq. Bu fürsətdən istifadə edərək, həm yerli layihələrə xarici kapital cəlb edəcək, həm də iqtisadiyyatını yeni, ekoloji dost sahələr üzrə inkişaf etdirmək imkanı qazanacağıq. Tədbir çərçivəsində dayanıqlı sosial rifahın artırılması və ətraf mühitin qorunmasının prioritet kimi irəli sürülməsi yaşıllaşdırma və ekoloji layihələrin genişlənməsinə, nəticə etibarilə yeni iş yerlərinin açılmasının, kənd təsərrüfatı sektorunda inkişafa səbəb olacaq”, – Nahid Həsənov vurğulayır.
Əlavə edir ki, ölkəmizin COP29 çərçivəsindəki fəaliyyəti iqtisadi inkişafın yeni mərhələyə adlamasına təkan verəcək və bununla da Azərbaycan qlobal ekoloji hərəkatın aparıcı iştirakçılarından birinə çevriləcək.