“Rəhbəri olduğum “Safely Beauty Zone” mərkəzinin bu gün xanımlar arasında az-çox tanınması (gülür) ailəmin dəstəyi, dostlarımın etibarına güvənərək fasiləsiz və titanic əməyin nəticəsidir. Bəzən rahat bəzən də çox çətin mərhələlərdən keçməli olmuşuq. Amma, dayanmamışıq. Nəticədə bu gün adına layiq güvənli xidmətimizlə fərqlənirik”.
Bunu Hit.az-a müsahibəsində “Safely Beauty Zone”nın sahibəsi Səfayət Mürsəlova deyib.
– Səfayət xanım, uğurlu biznes-ledi olmaq üçün bu sahədə kifayət qədər zəhmətiniz var. İstərdim sahibi olduğunuz “Safely Beauty Zone” haqda danışasınız
– Əslində uğur anlamının özü zənnimcə nisbi anlayışdı. Uğur daim davam edən bir hiss deyil. O səbəbdən də düşünürəm ki, “uğurlu biznes ledi” kəlməsini “fasiləsiz zəhmətin uğuruna sevinə bilən” biznesmen kimi desək daha düzgün olar. Çünki müvəffəqiyyət asan başa gələn bir mükafat deyil. Onun arxasında həqiqətən də zəhmət və prinsipiallıq dayanır. Rəhbəri olduğum “Safely Beauty Zone” mərkəzinin bu gün xanımlar arasında az-çox tanınması (gülür) ailəmin dəstəyi, dostlarımın etibarına güvənərək fasiləsiz və titanic əməyin nəticəsidir. Bəzən rahat bəzən də çox çətin mərhələlərdən keçməli olmuşuq. Amma, dayanmamışıq. Nəticədə bu gün adına layiq güvənli xidmətimizlə fərqlənirik. Bu da hələ son deyil. Yeni zirvələrə doğru addımlamalıyıq. Biznes durğunluğu və komfort zonada olmağı sevmir.
– İstərdiniz başqa biznesiniz olsun?
– Əlbəttə istərdim. Xanımlara müasir yanaşmalarla kosmetoloji xidmətlərimizdən əlavə onların imicinə, xarici görünüşlərinə düşündüyüm tərzdə fərqlilik və gözəllik qatmaq üçün tanınmış geyim və aksesuarların yaradılması biznesinə də həvəsim çoxdur. Amma, mən yarımçıq işi sevmirəm. Mərkəzimiz tam mən istəyən kimi olmayınca parallel olaraq başqa biznesə başlamağı düşünmürəm. Mənim üçün özünütəsdiq çox vacib amildir. Mənim yaratdığım dəsti xətt fərqli olacağından gərək əvvəlcə bu işimi sonadək öz istəyimə və prinsiplərimə sadiq qalaraq sona çatdırım. Amm, möhtərəm Prezidentimizin daim diqqətində olan ölkəmizdə yaradılmış və dünyaya hədəflənmiş “Made in Azerbaijan” brendləri sırasında nə zamansa öz brendimi də görəcəyimə əminəm. Zamana bağlıdır.
– Qadınların biznesdə rolu və ona təsiri necədir?
– Bir tərəfdən sərbəst olursan. Amma, digər tərəfdən bu sərbəstliyin özü özlüyündə kənar təsirlərdən nə qədər asılı ölduğunu ehtiva edir. Əvvəl qadın sürücülər, qadın iş adamları kimi sözlərdən istifadə olunurdu. İndi isə sürücü elə ürücüdü. Fərqi yox qadın və ya kişi. Sadəcə olaraq dövlətimizdə iş adamlarına yaradılan şərait, şəffaflığın təminatı fonunda biz də qadın olaraq ölkə iqdisadiyyatına öz töhfəmizi verməkdən xoşbəxtik.
– Biznes qadınları necə dəyişdirir?
– Mərhələli şəkildə (gülür). Əvvəlcə hamıya inanırsan. Daha sonra inanmaq istəyirsən. Növbəti mərhələdə inanacağın adamları axtarırsan. Sonra etibar etdiyin inandığın adamları qoruyursan. Beləcə zaman keçdikcə anlayırsan ki, ən etibarlı portnyor biznesin əsas hissəsi deməkdi. Etibarını və etibarlı insanları qoruduqca daha çox uğur qazanırsan. Buna isə zaman, əsəb və kifayət qədər səbr lazımdır. Odur ki, mən də hamı kimi biznesin ilk günləri ilə müqayisədə xeyli dəyişmiş və təcrübə qazanmışam. Yaxşıya doğru dəyişmişəm desəm yanılmaram.
– Biznesdə uğur qazanan qadınların psixologiyası necə olmalıdır?
– Bayaq qeyd etdiyim kimi. Psixoloji və sosial amillər çox vacibdi. Zaman zaman insanlarla münasibətdə dəyərləri ilk söhbətlərdən sezmək bacarığı yaranır. Sanki bu insanı çoxdan tanıyırmışam kimi olursan. İnsanlarla ünsiyyəti sevdiyimdən biznesimdə bu amil mənə kömək olur. Ünsiyyətə meyilliyəm. Liberalam desəm daha düz olar(gülür)
– Nəyə görə, Avropada tələsən xanımlara çox da uğurlu xanımlar kimi baxmırlar?
– Tələsəən təndirə düşər. Hər bir uğurun açarı səbrdədi. Düşünürəm bu tək Avropada deyil, bütün dünyada belədir. Özü də təkcə qadınlara şamil olunmur. Hər bir insan istər biznesdə, istər evdə, istərsə də təhsildə səbrli və təmkinli olmalıdır.
– Dünyanın inkişaf etmiş ölkələrində bütün iş adamlarının məsləhətçiləri, psixoloqları, imicmeykerləri var. Bəs bizdə necə, buna ehtiyac görürsünüzmü?
– Sizin dediyiiniz məqamlar daha çox seçki kampaniyalarında, gələcəyə yönəlik strateji konsepsiyaların reallaşdırılmasında, liderlərin fəaliyyətində və s məsələlərdə daha çox istifadə olunur. Bu çoxşaxəli, mürəkkəb bir proses olmaqla daha böyük kütlənin iştirakı ilə, iri layihələrin reallaşdırılmasında istifadə edilir. Özü də sadaladığınız məqamlara üstünlük verənlər tərəfindən. Atalar deyir məsləhətli don gen olar. Mənim də istənilən məsələlərlə bağlı məsləhətinə dəyər verdiyim dostlarım və ailə üzvlərim var. Biznes strategiyasının qurulmasında və digər məsələlərdə təkliflərimi və qərarlarımı yalnız onların məsləhə olacağı halda dəyişə bilərəm. Qalan istiqamətlərdə qərarları özüm verməyi xoşlayıram. Axı uğura da uğursuzluğa da özüm cavabdehəm. O ki qaldı psixoloqlara bayaq dedim ki, illər və insanlarla ünsiyyət məndə az-çox psixoloji bacarıqlar yaradıb. İmicmeyker isə….. İnsanların imicini bizim mərkəz yaradırsa Sizcə mənim kənar mütəxəsislərə ehtiyacım olmalıdırmı?
– Ölkəmizdə bizneslə məşğul olan qadınların bugünkü gündə resursları nədir?
– Həmişəki kimi yalnız öz adımdan danışa bilərəm və bu mənim subyektiv fikrimdi. Mənim resursumi ilk növbədə enerji mənbəyim olan ailəm, güc mənbəyim olan övladlarım,pozitivlikləri və etibarlıqları ilə çətinlikərdə məni tək buraxmayan dostlarımdı. Mənim üçün bu əsas resursdu. Tapıntıdır (gülür)
– Bəzən deyirlər ki, flankəs “Kişi kimi qadındır”. Bu ifadəyə münasibətiniz necədir?
– Bu ifadə ilə tam razı deyiləm. Çünki bu söz qadının bütün bacarığı, dünyası, gücünü özündə ehtiva etmir. Qadın kişilərlə müqayisə edilə bilməz. Kişilər də qadınlarla. Bu düzgün yanaşmadır. Həcərimiz, Nigarımız, Natəvanımız, Tomrisimiz, Sara xatunumuz əsrlər əvvəl Azərbaycan xanımının portretini çəkiblər. Bu gün də Azərbaycan qadınları qeyrəti, namusu, vətənini və ailəsini sevməsi, dövləti yolunda canından keçməyə hazır olan oğul anaları olmaqla öz sözlərini deyirlər. Əsl Azərbaycan qadınıdır ifadəsi işlənsə daha yaxşı olar.