Belarus qüdrəti: Lukaşenkonun ifasında Avropadan dünyaya nəhəng baxışbackend

Belarus qüdrəti: Lukaşenkonun ifasında Avropadan dünyaya nəhəng baxış

Azərbaycanla strateji səviyyədə əməkdaşlıq etmək, təkcə qarşılıqlı iqtisadi imkanlardan faydalanmaq, regional güclə münasibətlər qurmaq, beynəlxalq səviyyədə birlikdə yol qət etmək mənasına gəlmir, eyni zamanda dövlətlərin qarşılaşdıqları problemlərdə onların yanında olmaq, haqq işinə dəstək vermək və xüsusilə həssas məqamlarda yanında  olmaq deməkdir.

Bu baxımdan Azərbaycanla Belarus münasibətlərinin xüsusi bir mənası var.

Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik əməkdaşlığın əsası 1993-cü il iyunun 11-də qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri – səmimilik, etibarlılıq, dostluq və qarşılıqlı mənfəət formalaşıb.

Rəsmi Minsk və Bakı arasında dialoqun qurulması istiqamətində əməli addımlar isə Belarus Respublikası Baş nazirinin Azərbaycana səfəri zamanı, yəni 2001-ci ilin avqust ayında atılıb. 2004-cü ildə hökumət nümayəndələrinin qarşılıqlı görüşü reallaşıb. O zaman ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası yaradılıb. Bu komissiya iqtisadi proqram və layihələrin həyata keçirilməsində müsbət rol oynayıb.

Xatırladaq ki, 2006-cı il Belarus-Azərbaycan münasibətlərində mühüm hadisə baş verib: Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb.  Bununla da hər iki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə qarşılıqlı səmərəli maraqları öz təsdiqini tapıb.

Bundan sonra Azərbaycan və Belarus respublikalarına qarşılıqlı rəsmi və işgüzar səfərlər intensivləşib. Bu səfərlərin nəticəsi olaraq ikitərəfli münasibətlərin inkişafı istiqamətində bir sıra prinsipial məsələlərin həlli yolları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər   əlaqələrin bütün sahələrində öz əksini tapıb. Belarus və Azərbaycan rəsmiləri tərəfindən siyasət, iqtisadiyyat, vətəndaşların hüquqlarının və maraqlarının qorunması, səhiyyə, hüquq-mühafizə, humanitar və elmi-texniki əməkdaşlıq sahələrində 100-dən çox beynəlxalq müqavilə imzalanıb.

Hazırda Azərbaycana Belarusun əsas ixrac malları maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məişət texnikası, qab-qacaq və digər məhsullardır. Belarus isə Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir.

Azərbaycan  – Belarus münasibətləri  iqtisadi sahədə:

Hərbi sahədə: İki dövlət arasında diplomatik əlaqələrin müstəqilliyimizin ilk dövründə qurulmasına baxmayaraq, əsas əməkdaşlıq sazişləri cəmi 11 il öncə imazalanıb.

Bu zamandan etibarən, Azərbaycan mütəmadi olaraq Belarusdan hələ ittifaq dönəmindən konservasiyada qalan bir neçə variant top-haubitsa, özüyeriyən artilleriya sistemləri, tank, təyyarə və RYAS alır. BMT adi silahlar reyestrinə nəzər salsaq, təkcə 2004-2012-ci illərdə Belarusdan orduumuz üçün müxtəlif modifikasiya edilmiş 153 ədəd T-72 tankı, 120 ədəd – 122 mm D-30 haubitsası, 12 ədəd – 203 mm 2С7 “Pion” ÖAS, 60 ədəd BTR-70 və 11 Su-25 “Qraç” tipli hücum və hava dəstək təyyarəsi alınıb.

Hərbi əməkdaşlığımızın əsas üstün cəhətlərindən biri də, məlum geostrateji səbəblərdən müdafiə konsepsiyasını dəyişməyə başlayan Belarusun, Rusiya Federasiyasından asılılığı azaltmağa və öz hərbi-sənaye kompleksini gücləndirməyə başlamasıdır. “İsgəndər” operativ taktiki raket komplekslərini “slavyan qardaşlarından” ala bilməyən Aleksandr Lukaşenkonun tapşırığı ilə, cəmi 3 il ərzində “Polonez” raket sistemi ordunun silahlanmasına götürülüb.

“Polonez” raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 RYAS’ının dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

“Polonez” sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.

Oktyabrın 9-u Minskdə imzalanan 2018-ci ilə dair Azərbaycan-Belarus hərbi əməkdaşlığı sazişi imzalanandan sonra Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “POLONEZ”lər ordumuzun silahlanmasına daxil edilib.

Siyasi sahədə:

Hər bir beynəlxalq siyasi platformalarda  – o cümlədən, Azərbaycanın mənafelərini, maraqlarını müzakirəyə çevirən masalarda Belarus bizim tərəfimizdə yer alır.

Xüsusilə o, Ermənistanla eyni hərbi müstəvidə təmsil olunmasına baxmayaraq, KTMT-də İrəvanı tərk edir, Azərbaycanı silahlandırır və bu proses illərdir yüksələn xətlə davam edir.

İrəvanın törətdiyi bütün təxribatlarda Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təkrar-təkrar bəyan edir, vasitəçiliyə qədər iştirak etmək barədə bəyanatlar verir.

Kiçik bir haşiyə: “Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq. Xatırladaq ki, erməni general Yuri Xaçaturova 1 mart 2008-ciil hadisələrinə görə ittiham elan olunmasından və onun geri çağırılmasından sonra KTMT-də baş katib postu boş qalıb. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız ilyarım baş katib vəzifəsini tuta bilib. Hələ ötən ildən Ermənistan iddia edirdi ki, Xaçaturovun gedişindən sonra da bu vəzifəni məhz erməni nümayəndəsi tutmalıdır. Amma sonunda KTMT-yə üzv dövlətlər erməniləri kompromisə məcbur etmişdilər və həmin vəzifəni icra etmək rusiyalı Valeri Semerikova həvalə edilmişdi. Bişkekdə isə  ermənilərin KTMT-də yaratdığı süni problem artıq öz həllini birdəfəlik tapıb. KTMT liderləri Belarus nümayəndəsi Stanislav Zasın təşkilatın baş katibi vəzifəsinə təyinatını təsdiqləyiblər. Xatırladaq ki, Stanislav Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Belarusun Azərbaycana münasibəti və Stanislav Zasın ölkəmizə münasibətdə yüksək mövqeyi artıq ermənilər üçün indidən narahatlıq yaradır. Məsələn, erməni hərbi ekspert Vaan Ambarsumyan bildirir ki, Stanislav Zasın KTMT-nin baş katibi seçilməsindən sonra Erəmnistanın bu quruma ümidlərinin üzərindən xətt çəkmək olar. O iddia edir ki, KTMT-nin baş katibi Ermənistanın nümayəndəsi olan zaman qoşunların təmas xəttindəki hər bir insident dərhal qeydə alınır və təşkilatın qarşısında qaldırılırdı: “Bu hal Ermənistanın maraqlarına xidmət edirdi Amma son aylarda bu insidentləri heç kəs qeydə almır, ona reaksiya vermir. Gələn ildən KTMT-nin baş katibinin vəzifəsini Belarus nümayəndəsi Stanislav Zas icra edəcək  və Azərbaycan onun ikinci vətəni sayılır.
Xatırladım ki, Belarusun Azərbaycana “Polonez” tipli komplekslər satmasının vasitəçisi və təşəbbüskarı məhz Zas olub. Bu komplekslər Ermənistanın bütün ərazisini vurmağa qadirdir. Stanislav Zas hərbi təhsilini Bakıda alıb. Onun Azərbaycanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisilə isti münasibətləri var”.

 

 

Belarusda baş verənlər: Azərbaycan necə davranmalıdır?

Strateji müttəfiqimiz Belarus tarixinin həssas günlərindən keçir. Azərbaycanın əziz dostu, xalqımızın haqq işini dəstəkləyən prezident Lukaşenko ilə bağlı qərəzli və dolaşıq fikirlər tirajlanmaqdadır.

Ümumiyyətlə, əcnəbi personaları hədəfinə alan bizim yerli sosial şəbəkə “çən”i qərbdən tirajlanan anti-Batka təbliğatına qurban gedərək, Minskdə baş verən olayları tirajlayır, xalqın demokratiyaya münasibəti adı altında paylaşır, Lukaşenko barədə diktator kəlməsi ilə müraciət edir və qərbin donor təşkilatlarından ixrac edilən narazılığı  demokratiya nümunəsi sayaraq, fikir bildirirlər, bunu genişləndirirlər və heç bir halda, ehtiyac olmadan Minskdəki idarəetmə barədə qərəzli düşüncələrə yol açırlar. Bir halda ki, Batkadan sonra hakimiyyətə kimin gələcəyi və bizə qarşı necə davranacağı belə məlum deyil. Ona görə, sadə məntiqlə, görülmüş işlərə baxaraq, kimin yanında durmalı olduğumuzun qərarını verməliyik.

Çünki Belarus sıradan bir ölkə deyil, bizim strateji ortağımızdır. İrəvana qarşı sərt mövqeyi ilə seçilir, sadiq tərəfdaşımızdır, ermənilərin üzərində yoxlamağımız üçün silahlarını təslim edir.

Təsadüfi deyil ki, məhz bu cəhətə görə, Lukaşenkonu isti-isti təbrik edənlərdən biri ölkəmizin rəhbəri oldu.

Ona görə bizim dostumuz milli maraqlarımızdır, o isə Batkanın yanında dayanmağa vəsilədir.

Mikayıl Mirzəzadə
Hokm.az

  •  (5)
  •  (5)