“Azərbaycanda ötən il ümumi daxili məhsulun (ÜDM) artımı 5,6%, o cümlədən qeyri-neft ÜDM-də artım 7,2% təşkil edib ki, bu da 2014-cü ildə qeydə alınmış 7%-lik artımın yenilənməsidir”.
Hokm.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib.
“2020-ci ildən başlamış koronavirus (COVID-19) pandemiyası, iqlim dəyişikliyi, təchizat zəncirində yaranmış problemlər, enerji, maliyyə və digər bazarlarda dalğalanmalar Azərbaycan iqtisadiyyatına da təsir edib. Hökumət bu təsirlərin neytrallaşdırılması, iqtisadi inkişafın saxlanılması üçün zəruri addımlar atıb. 2021-ci ildə Azərbaycan iqtisadiyyatında bərpa prosesi başlayıb. Bu isə ÜDM-in artımında özünü göstərir. Ötən il ölkədə ÜDM-in nominal dəyəri 93 milyard manata çatıb”, – o vurğulayıb.
Azərbaycanın iqtisadi təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatlarının 53 milyard ABŞ dollarına çatdığını deyən nazir bunun ölkənin ötən ilki ümumi daxili məhsulunun (ÜDM) dəyərinin 90,6%-ni təşkil etdiyini, idxalı 4,6 dəfə üstələdiyini, iqtisadi müstəqillik üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Nazir həmçinin deyib ki, ölkənin sənayeləşməsi istiqamətində verilmiş qərarlar, sənaye zonalarının yaradılması ilkin nəticələrini göstərməkdədir: “Ötən il əlavə dəyər qeyri-neft sənayesində 1,8%, o cümlədən qeyri-neft emalı sənayesində 22%-ə yaxın artıb. Qeyri-neft sənayesində ÜDM-in ölkə ÜDM-ində xüsusi çəkisinin artması bizim strateji hədəfimiz olaraq qalır və növbəti illərdə də biz bu indikatorları izləməkdə davam edəcəyik”.