Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim.
Bunu “Hokm.az “a açıqlamasında Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanması ilə bağlı danışarkən deyib.
İdmançı yarışdan əvvəl və sonra ona dəstək olan hər kəsə təşəkkür edib:
“Boxen Arena”da 10000 tamaşaçı canlı şəkildə bizi izləyirdi. Mən finala Norveçdə baş tutan təsnifat mərhələsində vəsiqə qazanmışdım. Təsnifat mərhələsindən 2 və 5 qızıl medal ilə finala vəsiqə əldə edənlər var idi. Artıq 3-cü ilim idi ki, “FaceOFF” tədbirində böyük kütlə qarşısında çıxış edirdim. Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim. Çıxış geyimində bir nömrəli iştirakçı olduğum üçün startı mən verdim. İlk qaçışımda bundan əvvəl heç bir yarışlarda təkrar olunmamış bir keçidə imza atdım və münsiflərdən tam 10 xal aldım. Bu həm digər iştirakçılar üçün psixoloji təzyiq, həm də mənim üçün motivasiya oldu. Anı düzgün dəyərləndirib ən yaxşı olduğum çıxışda (gimnastika döşəyində) maksimum 20 xaldan 19,4 xal topladım və ilk pillədə qərarlaşdım”.
O, ikinci çıxış zamanı risk etdiyini vurğulayıb:
“İkinci çıxışdan öncə ən yaxın rəqiblə xal fərqimiz 4-ə bərabər idi. İkinci çıxışda çox yaxşı olmadığım mini tramp (trampet) idi və bu çıxışda özümü bacardığım qədər balansda saxlamağa çalışırdım. Bildiyiniz kimi, 3 hərəkətdən sonra ən yüksək 2 xal hesablanır. Bir az risk edərək bu çıxışda 2-ci yerdə qərarlaşdım. Ümumi lövhədə hələ də ilk pillədə yer alırdım. 3-cü çıxışım istədiyim kimi alınmasa da, sıralamanın ortasında qərarlaşdım və hələ də ümumi hesabda ilk pillədə idim”.
T.Əliyev finaldan əvvəl rəqiblərin xal fərqini minumuma endirdiklərini söyləyib:
“Buna baxmayaraq, mənə maksimum 20 xaldan 16 xal kifayət edirdi. Final çıxışında 10 dəqiqəmiz var idi və 10 dəqiqə 4 qaçışa bərabər idi. Qalib olmağıma 2 orta element yetərli idi. İlk iki qaçışım uğursuz oldu. 3-cü cəhddə qismən xalımı yüksəltməyi bacardım (7,6 xal). Final elementi həyatımda bundan əvvəl etmədiyim üçlü salto və üçlü priuet idi. İngilis idmançıya bu elementə görə 10 xal verildiyini gördüm və mən də etməyə qərar verdim. Cəhd etdim, alındı və çempion oldum. Qalibiyyət mükəmməl hissdir, özəlliklə bu şəkildə qazanıldıqda”.
İdmançı onu dəstəkləyənlərə təşəkkür edib:
“Başda Azərbaycan Gimnastika Federasiyası olmaqla, mənə inanan hamıya təşəkkür edirəm. Qarşıda bizi 2025-ci ilin sonunda keçiriləcək dünya çempionatı gözləyir. Əlimizdən gələni edəcəyik ki, titulumuzu qoruyaq. Bununla yanaşı, fərdi yarışlarda da fərqlənməyə çalışacağıq. Komandadan 2 nəfərin kürsüyə çıxmasını istəyirik”.