Azərbaycan ETSN: Ermənistan müəssisələrinin zəhərli tullantıları Zəngilanda balıqları tələf edirbackend

Azərbaycan ETSN: Ermənistan müəssisələrinin zəhərli tullantıları Zəngilanda balıqları tələf edir

“İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib”.  Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) açıqlama yayıb. Açıqlamada bildirilir ki, monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.

Saxta.info nazirliyin bu bəyanatının reallığa uyğun gəlib gəlmədiyini yoxlayıb.

İlk olaraq qeyd edək ki,  nazirliyin açıqlamasını araşdırarkən biz erməni tərəfinin qəbul etdiyi toponimlər və onların müəssisələrin adlarında istifadəsi arasındakı fərqlərə nəzər yetirdik. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi  bu müəssisələri ölkədə balıqların kütləvi tələfində günahkar bilir.  Söhbət ondan gedir ki, ermənilər nazirliyin açıqlamasında adı çəkilən Oxçu çayını Voxçi, Qacaran mis-molibden zavodunu Kacaran və ya Zəngəzur zavodu, Qafan dağ-mədən kombinatını isə Kapan kombinatı adlandırır. Həmçinin bir fakt da diqqəti çəkir ki, sahəvi dövlət strukturları, ekoloji təşkilatlar və fəalların hesabatlarında və açıqlamalarında hər iki müəssisə ətraf mühiti əsas çirkləndirənlər sırasındadır.

Yeri gəlmişkən, Arazın sol qolu olan Oxçuçayın  uzunluğu 85 km-dir, başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından ( 3285 m) götürür.  Çay  Ermənistanın Qacaran, Qafan yaşayış məntəqələrindən, Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir.

İnformasiya resurslarında, o cümlədən Azərbaycan və Ermənistanın rəsmi mənbələrinin açıqlamalarında Ermənistanın Oxçuçay sahilləri boyunca yerləşən mis-molibden müəssisələrinin tullantılarının ətraf mühitə mənfi təsiri barədə məlumatlar yer aldığını görmək mümkündür.

Məsələn,  2019-cu ilin oktyabrında Ermənistan hökumətinin  növbəti iclaslarından biri sözügedən çayın çirklənməsi probleminə həsr olunub.  Təbiəti qoruma naziri çirklənmə mənbəyinin Zəngəzur (Qacaran) Mis-Molibden Kombinatının  olduğunu etiraf edib.   Ekologiya və yeraltı  sərvətlər üzrə Təftiş orqanının məlumatında Zəngəzur Mis-Molibden Kombinatının metal borusundakı qəza nəticəsində tullantıların Oxçuçaya  axdığı etiraf olunub. Sözügedən təftiş qurumunun Sünik ərazisi üzrə  şöbə müdiri Levon Petrosyan  çayın  qəhvəyi rəngdə  olduğunu bildirib.

Nümunələr götürülərək yoxlama aparıldığını deyən ətraf mühit naziri Erik Qriqoryanın sözlərinə görə, çayda ağır metalların miqdarı yol verilən həddən çox olub. Qriqoryan həmçinin eyni yerdə eyni qəzanın 2010-cu ildə də qeydə alındığını xatırladıb.  Onun sözlərinə görə,  həmin vaxt şirkət  700-900 min dram məbləğində cərimələnib.  Təzminat məbləğinin dəyən ziyanın həqiqi miqdarını əks etdirmədiyini deyən nazir  bildirib ki,  bu kimi hallarla bağlı sanksiyaların gücləndirilməsi və ətraf mühitə vurulan ziyana görə tətbiq olunan cərimələrin miqdarının artırılması istiqamətində iş aparılır.

Ümumiyyətlə Oxçuçayda nitrit, manqan, mis, sink, sulfat ionları, alüminium, vanadium, xrom, ammonium və seleniumun miqdarı icazə verilən maksimum normadan  çoxdur. Xüsusilə çayın Qafandan keçən hissəsi  (Qafan dağ-mədən kombinatı) xüsusilə çirklidir. Hətta burada  misin norması icazə verilən həddən 203 dəfə çoxdur.  Oxçuçaydan götürülümüş nümunələrdə ammonium yol verilən qatılıq həddini 3- 4,6, sulfat ionları – 1,6-2,5, alüminium 1,6- 8, vanadium – 3, manqan  3 -3,5, mis   6-7 dəfə  keçib.

Zəngəzurda ikinci böyük çay olan Oxçuçay sənaye zonasının fəaliyyəti səbəbindən suvarma üçün yararsız hala düşüb, balıqlar azalıb.

Ermənistan rəsmi orqanlarının açıqlamasına görə, Ermənistanda mövcud olan 19 radioaktiv və zərərli tullantı bəndindən 9-u  məhz Sünik vilayətində yerləşir. Oxçuçayın sağ qolu üzərində yerləşən Qacaran və Pxrut tullantı bəndləri, həmçinin Oxçuçayın üzərində Lernadzor kəndi yaxınlığındakı tullantı bəndi Zəngəzur mis-molibden kombinatına məxsusdur.

Ermənistan Baş Prokurorluğundan verilən məlumatda təhlükəsizlik qaydalarının pozulmasına görə cinayət işi başlanıb. Zərərli tullantının axıntısına səbəb olan qəza Zəngəzur Mis-Molibden Kombinatının işçilərinin istehsal tullantılarının daşınması qaydalarını pozması ilə əlaqələndirilib.

Ümumerməni Ekoloji Təşkilatının üzvü Levon Qalstyan   Кавказский Узел internet  nəşrinə açıqlamasında  çayın çirklənməsi geniş ictimai etiraza səbəb olduğu üçün cinayət işi açıldığını bildirib.  O,  deyib ki, indiyə      qədər təhlükəli tullantıların axıdılması ilə bağlı cinayət işinin açıldığını xatırlamır.  Qalstayn əlavə edib ki,  çayların tullantılarla çirklənməsi artıq adi hala çevrilib və səlahiyyətlilər bunun qarşısını almaq üçün heç bir iş görmürlər.

EcoLur təşkilatının rəhbəri ekoloq İnqa Sarafyanın sözlərinə görə, idarəetmə metodologiyasını, habelə mədənlərdə qəzaların qarşısını alma mexanizmləri  dəyişdirilməlidir.  Onun sözlərinə görə, rəsmi qurumlar qəza baş verdikdən sonra işə qarışır, onda da zərərin və cərimənin miqdarı gözəyarı  müəyyən edilir.

Ekoloq Karine Danielayan Ermənistanda mədənçıxarma müəssisələrində qəzaların qarşısını alma mexanizmlərinin olmadığını deyib. O bildirib ki,  bu sahə ilə bağlı  mövcud olan qanunverdicilik də işləmir.  Qafan rayonunda fəaliyyət göstərən “Sabit İnkişaf” İctimai Birliyinin sədri Armen Parsadanyan isə qəza nəticəsində axan tullantının Noraşenik çayına, oradan da Oxçuçaya axıdıldığını bildirib.

Beləliklə, ətraf mühit fəalları və təbiəti mühafizə təşkilatları, həmçinin Ermənistanın rəsmi qurumaları tərəfindən qeydə alınan çoxsaylı faktlar  bu ölkənin adı çəkilən iki mədən müəssisəsinin zərərli  tullantılarının  Oxçuçaya atıldığını və çay vasitəsilə Azərbaycanın Zəngilan rayonunun  ərazisinə  axdıdıldığını sübut edir.

Saxta.info sadalanan faktlara və rəylərə əsasən bu qənaətə gəlib ki,  Ermənistana aid  müəssisələrin zərərli  tullantılarının Zəngilanda  balıqları tələf etməsinə dair Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  açıqlaması həqiqəti əks etdirir.

  •  (1)
  •  (0)