“Azərbaycanda fəaliyyət göstərən məktəblərin yalnız 8 %-də tədris digər dillərdə aparılır. Yerdə qalan məktəblərdə şagirdlər Azərbaycan dilində təhsil alırlar”.
Hokm.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
Onun sözlərinə görə, fərq çox böyükdür: “Hər bir valideynin öz övladının tədirs dilini seçmək hüququ var. Rus bölməsinə getmək istəyən uşaqların dil biliyi yoxlanılır. Tövsiyəmiz odur ki, ailədə uşaq hansı dildə danışırsa, həmin dildə tədris alması məqsədə uyğundur. Uşağa ağır stres yaratmağa ehtiyac yoxdur. Ən yaxşı məktəblərimiz belə məhz Azərbaycan dilində olan məktəblərdir”.
Nazir bildirib ki, məktəbi bitirən hər bir Azərbaycan vətəndaşı qəbul imtahanı zamanı mütləq şəkildə dövlət dilindən imtahan verməlidir: “Rus bölməsində tədris olunan bəzi fənlərin Azərbaycan dilində tədrisi ilə bağlı pilot layihələrə də başlanılıb. Bakıda bəzi ingilisdilli özəl məktəblər var ki, orada mütləq şəkildə Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı ana dilində Azərbaycan vətəndaşlarına tədris edilməlidir. Əks halda həmin məktəblərin lisenziyaları geri alınmalıdır. Əgər qaydalara əməl olunmasa, ölçü götürülməlidir”.