Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib. Yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və ya mobil tətbiqində yararlanmaq olar.
Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.
Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.
Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.
Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.