24 dekabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Belə ki, dövlət başçısının 63 yaşı tamam olur.
Bir neçə gündür ki, həm Azərbaycandan, həm də ölkə xaricindən Prezident İlham Əliyevə təbrik mesajları ünvanlanır. Bu mesajlarda İlham Əliyevə Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi yolunda həyata keçirdiyi fəaliyyət üçün yeni-yeni nailiyyətlər arzu edilir.
İşğaldan azad edilmiş ərazilərin sakinləri də Azərbaycan Respublikasının Prezidentini təbrik ediblər.
Xocalı sakini yazıçı, jurnalist Səriyyə Müslümqızı:
“Mən cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür və can sağlığı arzu edirəm. Cənab Prezident fəaliyyəti ilə xalqın rifahını yaratdı, bizə sevinc bəxş etdi, torpaqlarımız işğaldan azad oldu. Mən 32 ildən çox doğulduğum torpağın həsrətində idim, məni torpağıma, evimə qovuşdurdu. Mən Ali Baş Komandanımızın sayəsində Xocalıya qayıtdım. Cənab Prezident dünyaya Qarabağla bağlı mesaj verdi, bildirdi ki, Xocalı soyqırımına məxsus abidə məhz orada olacaq. Cənab Prezident mənim evimdən dünyaya mesaj verdi ki, ermənilər Azərbaycan xalqından üzr istəməlidir. Bu mesaj Azərbaycan mətbuatında öz əksini tapdı. Mən cənab Prezidenti bir daha onu təbrik edirəm. Bizim öz torpaqlarımıza qovuşmağımızda əvəzsiz rol oynayan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirəm”.
Laçın ziyalılarından olan Qəzənfər Hüseynov:
“Biz ömür boyu cənab Prezidentə borcluyuq. Azərbaycan torpağı bir qərinəyə yaxın işğal altında idi. Biz isə yataqxanalarda, daxmalarda yaşamağa çalışırdıq. Mən o dövrdə icra hakiminin müavini çalışırdım. Qaçqınları Taxtakörpü qəsəbəsində yerləşdirirdik. 1992-ci ilin yayında BMT xətti ilə qaçqınlara yardım gətirilmişdi. Gələnlərə sual verdim ki, dünyada konfliktlər olan yerlər var, bəs öz torpağından qovulub şəraitdə yaşayan insan görmüsünüzmü? Cavabları isə sadə oldu, “xeyr, görməmişik”. Həmin dövrdə çox zülm çəkildi, xəstəliklər yayıldı. Mən dövlətin uğurlarının və uğursuzluqlarının yalnız siyasət nəticəsində olduğunu hər zaman demişəm. Yaxşı siyasət uğura, zəif siyasət isə uğursuzluğa aparır. İlham Əliyevin siyasəti bizi bu uğura apardı. Çünki beynəlxalq güclər onu diqtə etmirdi ki, torpaqlarımız azad edilsin. Bu İlham Əliyevin qətiyyəti ilə mümkün oldu. Prezident bizi yurdumuza qaytardı. Düzdür gözləyən insanlar çoxdur, hamı öz yurduna tez gəlmək istəyir. İlk etapda tamam dağıdılmamış evlər bərpa edildi. İkinci mərhələni insanlarımız səbirsizliklə gözləyir. Allah cənab. İlham Əliyev Azərbaycan tarixində son 100 illikdə görülməyən qələbəni bizə göstərdi. Prezidentimizi qorusun, onu doğum günü münasibətilə təbrik edir, uzun ömür və can sağlığı arzu edirəm”.
Şuşada yaşayan jurnalist Kərim Kərimli:
“Dünyada 200-dən çox dövlət var. Dövlətlər yaranmağa başlayandan minlərlə dövlət başçıları olub. O cümlədən Azərbaycanda da çoxlu dövlət başçıları olub. 32 il 2 gün sonra torpağı azad edilən bir Şuşa sakini olaraq mənə mənzillərimizin açarları şəxsən cənab Prezidentimiz tərəfindən təqdim edildi. Burada məsələ mənzil deyil, hansısa alaçıqda da gedib yaşaya bilərdik. Mövzu Şuşaya qayıdışın təsdiqidir, bu açar evinizə qayıtmısınız demək idi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində bir yazı yazmışdım, adı “Biz qabarmırıq, çəkilirik” idi. Yazı son 200 ildə Azərbaycan ərazilərinin azalaraq getməsi, xalqımızın sıxılaraq yaşaması və dünyanın hər yerinə səpələnməsi kimi məsələlərə həsr edilmişdi. Ölkə mətbuatında əksəriyyət qəzetlər çap etməkdən imtina etdilər, amma o vaxtkı “Aydınlıq” qəzetində çap edildi. İlham Əliyev Qarabağı işğaldan azad etməklə sübut etdi ki, biz artıq çəkilmirik, qabarırıq. Gələcəkdə də biz mənəvi olaraq qabarmaqda davam edəcəyik. İlham Əliyevin Azərbaycan xalqının həyatında çox böyük missiyası var, gələcəkdə də olacaq. İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqları azad etmiş Ali Baş Komandan kimi tarixə düşəcək. Bütün bunlara görə, mən yurduna qayıtmış sakin kimi cənab Prezidentə təşəkkür edirəm. Bilmirəm təbrikim ona çatacaq ya yox, istənilən halda mən səmimiyəm. Cənab Prezidentə möhkəm can sağlığı, Azərbaycan Respublikasının və xalqımızın həllini gözləyən problemlərinin həllində uğurlar arzu edirəm. Əsas iş görülüb, qalan problemlər də müntəzəm və ardıcıl fəaliyyətlə həll ediləcək”.