Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas təşkilatın Ermənistandakı mülki missiyasının səlahiyyət müddətinin daha iki il uzadılmasını təklif edib.
Hokm.az-ın məlumatına görə, bu barədə Ali Nümayəndəliyin mətbuat xidmətindən “Azadlıq Radio”sunun erməni bürosuna məlumat verilib.
Bildirilir ki, üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktlar müzakirə edilir.
“Şuranın müddətin uzadılması ilə bağlı qərarı yaxın günlərdə gözlənilir”, – qurumdan qeyd olunub.
Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan maddələrdən biri sərhəddəki üçüncü qüvvələrin çıxarılması ilə bağlıdır. Prezident İlham Əliyev ötən ay bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.
“Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.