Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanın orada olması barədə məlumat alıb. Daha sonra İsmayıl Məmmədov həmin şöbəyə gələrək arvadını xidməti silahı ilə güllələyərək öldürüb.
“Qafqazinfo” xəbər verir ki, bu hadisədən sonra sosial şəbəkələrdə ictimai şəxslər və fəallar polisin daxili işlər orqanlarına müraciət edən vətəndaşın təhlükəsizliyini və gizliliyini qorumadığını bildiriblər. Vətəndaşlar qadının polis şöbəsində olarkən onun ərinə məlumat verilməsini qadının həyatını təhlükəyə atmaq kimi qiymətləndiriblər.
“Təmiz Dünya – Qadınlara İctimai Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu məsələyə etiraz edərək hüquq-mühafizə orqanlarına və cəmiyyətə bəzi suallar ünvanlayıb: “Polis əməkdaşının həyat yoldaşının 24-cü polis şöbəsinə şikayəti barədə şöbədən ona kim xəbər verib? Məxfilik niyə qorunmayıb? Təhqiqat zamanı xəbər verən aşkarlanacaqmı və məsuliyyətə cəlb ediləcəkmi?”
M.Zeynalova əlavə edib ki, məişət zorakılığı üzrə çalışan qurumlar məxfilik müqaviləsinə imza atması, yaxud ayrıca maddənin qəbul olunması ehtiyacı kəskin şəkildə özünü göstərir.
Sosial şəbəkə istifadəçiləri həm məxfiliyin qorunmaması, həm də şöbənin daxilində qətlin qarşısının alına bilməməsinə etiraz edirlər. Polisə şikayətə görə gəlmiş bir qadının elə polislərin gözü qarşısında qətlə yetirilməsi onun hüquqlarını qorumalı olan şəxslərin səriştəsizliyi kimi dəyərləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda bu məsələlərlə bağlı suallara cavab vermək olmaz: “İndi istintaq aparılır, buna görə də əlavə məlumat vermək olmaz. Təfərrüatlar istintaq hərəkətləri ilə araşdırılır”.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü İ. Məmmədov əslən Xocalı rayonundandır. Atası, Məmmədov Vaqif Şamil oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.
Rəsmi açıqlamaya görə, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.