Son dövrlər Azərbaycanda aqrar sektorun müasir dövrün tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqları ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qərarlar, institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar bu sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Lakin bununla yanaşı, aqrar sahədə hələ də həllini gözləyən problemlər mövcuddur.
Tarladan süfərimizə doğru – Hər şey logistikadan başlayır…
Makrologistika maddi axınları idarə edən ən böyük idarəetmə sistemi olsa da, mikrologistika isə onun alt sistemi kimi fəaliyyət göstərir. Bu sıraya istehsal müəssisələri, ərazi istehsal kompleksləri aiddir. Şübhəsiz ki, logistik zənciri olmayan ölkələr aqrar məhsullarının istehsalında böyük itkilərlə üzləşir və ciddi gəlirlərə nail olmurlar. Dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətyönümlü aqrar məhsul istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması qarşıda duran əsas hədəflərdən biridir. Meyvə və tərəvəzçiliyin inkişafında müstəsna əhəmiyyət kəsb edən logistika daxili bazarda bolluğun yaranması, eləcə də ixracın, “Made in Azerbaijan”brendinin təşviqi baxımından strateji əhəmiyyətə malikdir.
Nəzərə alanda ki, Azərbaycanın coğrafi baxımdan əlverişli regionda yerləşir, bu xüsusda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, dəmir yolu vasitəsilə yüklərin daşınması qaçılmazdır. Bu ölkəmizin idxal və icrac potensialını ciddi şəkildə artırır. Türkiyə və Qazaxıstanı birləşdirən marşrut xətti, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı gözləntilər qarşımızda geniş imkanlar açır. Bu sıraya idxal olunan kənd təsərrüfatı məhsullarının xərclərinin 60 faizinin Azərbaycan hökuməti tərəfindən qarşılanmasını da əlavə etsək, bu istiqamətdə çox ciddi perspektivlərin olduğunu görə bilərik. Kadr potensialının yüksəldilməsi, beynəlxalq münasibətlər sistemində təcrübəsi olan şəxslərin prosesə cəlbi, müasir innovativ yeniliklərin tətbiqi, fermerlərin maarifləndirilməsi kimi problemləri həll etməklə biz bu sahədə inqilabi dəyişiklərin əsasını qoya bilərik.
Sağlam qidalanma sağlam məhsuldan başlayır…
Rəsmi statistikaya istinad etsək görərik ki, meyvə-tərəvəz istehlakı ümumi xərclərimizin 14 faizini təşkil edir. Təbii vitamin və minerallarla zəngin bu məhsulların istehsalı səhiyyə xərclərinin azalmasına da səbəb olur. Lakin gəlin görək, bazara çıxarılan məhsullar keyfiyyətlidirmi? Yaxud sağlam məhsul yetişdirmək üçün hansı üsul və qaydalar tətbiq edilməlidir? Müasir dövrdə orqanik məhsul termininə çox rast gəlirik. Bəs orqanik məhsul istehsalı necə həyata keçirilməlidir? İstehlak səbətimizə daxil etdiyimiz və ya etməli olduğumuz orqanik meyvə-tərəvəz məhsullarını becərmək üçün bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Məhsulun normativlərə uyğun olaraq yetişdirilməsi, çeşidlənməsi, daşınması, düzgün saxlanılması, qulluq edilməsi və zəruri hallarda satışdan çıxarılması diqqət yetiriləsi məqamlardandır. Əgər biz orqanik məhsulların süfrələrimizə qədər gəlib çatmasını istəyiriksə, regionlarda qablaşdırma və çeşidləmə mərkəzlərini yaratmalıyıq. Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən saxlanc yerləri də müasir tələblərə cavab verməlidir.
Təəssüf ki, ölkəmizdə aqrar məhsullarının saxlanması üçün müasir şərait yoxdur. Bu məhsullar əsasən “Smart-5” tipli soyuducularda qorunur. Bu soyuducuların güzəştli şərtlərlə sahibkarlara çatdırılması zəruridir. Daha bir problem isə gübrə sortlarının fermerlərə gec gəlib çatması ilə bağlıdır. Əksər hallarda əkinçilər bu gübrələri çox gec əldə edirlər ki, bu da öz növbəsində sağlam olmayan məhsulların piştaxtalara və vitrinlərə ayaq açmasına səbəb olur. Yaz aylarında tələb oluna gübrələri fermerlər bəzən yayın əvvəlinə qədər əldə edə bilmirlər. Satış nöqtələrinin az və satış zəncirinin sistemsiz olması da ciddi fəsadlar doğuru. Satışın gecikməsi fermerləri uzun müddət mövcudluğu qoruyan məhsul istehsalına təşviq edir. Hansı ki, sağlam məhsullar tez xarab olurlar. Birdə ki, hər bir torpağın öz səciyyəvi xüsusiyyəti var. İstənilən məhsulu istənilən yerdə əkmək olmaz. Bunun üçün münbit şərait olmalıdır. Bunun üçünsə xüsusi araşdırmalara, aqrar sahədə ixtisalaşmış kadrların artırılmasına, xaricdə təhsil alan mütəxəssislərin cəlbinə ciddi ehtiyac var.
Prezident İlham Əliyevin fərmanı ilə kənd təsərrüfatı sahəsində şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) təsis olunub. EKTİS-də artıq yüzminlərlə fermer qeydiyyatdan keçib. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilirlər. Fermerlər aqrar subsidiyalarını da artıq EKTİS üzərindən alırlar.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Bütün bunlar aqrar sektorun inkişafı ilə bağlı nikbin fikirlər söyləməyə əsas yaradır.
Əgər biz torpaqdan sağlam məhsul gözləyiriksə, ona düzgün qulluq etməliyik. Elə etməliyik ki, bətnində bizi bəsləyən torpaq da bizi gec öz bətninə qaytarsın!
Gülpəri Bayramova, “Agromix” şirkətinin direktoru, aqrar ekspert