AQC üzvlərinin sayı 54-ə çatdı – Daha dörd şirkət qoşuldubackend

AQC üzvlərinin sayı 54-ə çatdı - Daha dörd şirkət qoşuldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, toplantıda avqust ayı ərzində cəmiyyətin gördüyü işlər, qarşıda nəzərdə tutulan layihələr, yeni üzvlərin qəbulu və cari mövzular müzakirə olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc rəhbəri olduğu cəmiyyət tərəfindən həyata keçirilən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarının başa çatdığını bildirib. O qeyd edib ki, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı sertifikatlaşdırma kursları “Demirçi Tauer” biznes mərkəzində təşkil olunub. Təlimlər AQC sədri olaraq onun özünün, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentləri İbrahim Quliyevin və Qəhrəman Bayramovun iştirakı ilə baş tutub. Sertifikasiyada iştirak edən, lakin minimal keçid balını toplaya bilməyən iştirakçılardan apellyasiya imtahanı götürülüb. Yaxın günlərdə nəticələrin ictimaiyyətə açıqlanacağını deyən V.Oruc bununla bağlı baş tutacaq mərasimdə Milli Məclisin deputatların, eləcə də fəxri qonaqların iştirak edəcəyini xatırladıb.

Daha sonra gənc iqtisadçı Mikayıl Mirzəzadəni AQC sədrinin Türkiyə təmsilçisi təyin etdiyini diqqətə çatdırıb. Sədr əlavə edib ki, M.Mikayıl Mirzəzadə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və hazırda Türkiyədə magistr təhsili alır. AQC sədrinin təmsilçisi təyinatının Türkiyə mediasında geniş işıqlandırıldığına diqqət çəkən cəmiyyətin rəhbəri onlarla türk xəbər portalının təyinatla bağlı informasiyaları tirajladığını söyləyib. Daha sonra AQC sıralarına daha dörd qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib. “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma” MMC qiymətləndirmə şirkətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv qəbul edilib. ACQ sədrinin sözlərinə görə, sentyabr ayından etibarən rəhbəri olduğu qurum fəaliyyətini genişləndirəcək: “Dövlət, özəl və üçüncü sektorla təmasların artırılması, digər assosiativ qurumlarla əlaqələr və digər istiqamətlər üzrə fəaliyyət planımız artıq hazırdır. Qısa müddət ərzində digər istiqamətlərdə də fəaliyyət planları hazırlamağı nəzərdə tuturuq”.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 50-dən artıq qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.

// SOSİUM.az

  •  (1)
  •  (0)