AQC sədri qiymətləndirmə sektorunun inkişafı ilə bağlı təkliflər irəli sürüb – FOTOLARbackend

AQC sədri qiymətləndirmə sektorunun inkişafı ilə bağlı təkliflər irəli sürüb - FOTOLAR

“Türkiyənin Ədliyyə Nazirliyi Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyini əmlak bazarının mövcud statistikası ilə təmin edir. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə edilir. Azərbaycanda da buna ciddi ehtiyac var. Bu, qiymətləndirmə şirkətləri və qiymətləndiricilər üçün faydalı məlumat bazası olmaqla yanaşı, şəffaf qiymətləndirmə rəylərinin hazırlanmasına ciddi töhfə olardı”.

Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Audit və qiymətləndirmə fəaliyyəti” mövzusunda təşkil olunan ictimai müzakirədə çıxışı zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc söyləyib.

O qeyd edib ki, rəhbəri olduğu cəmiyyət 58 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir və ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir. AQC sədri çıxışı zamanı ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorunun problemləri haqqında danışıb: “Hüquqi bazanın təkmilləşdirilməsi, qanunvericilikdə olan boşluqların aradan qaldırılması, milli qiymətləndirmə standartlarının hazırlanması, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin inzibati təsir mexanizmlərinin yaradılması, habelə dövlət orqanları ilə AQC arasında münasibətlərin rəsmiləşməsi qiymətləndirmə sektorunun tərəqqisi və inkişafı baxımından vacib addımlardır. Məhz bu kimi bu problemlər qiymətləndirmə bazarında neqativ halların ortaya çıxmasına, qeyri-peşəkar, sifarişli qiymətləndirmə rəylərinin ortaya çıxmasına gətirib çıxarır ki, nəticədə uduzan ölkə iqtisadiyyatı olur”.

Vüqar Orucun sözlərinə görə, dövlət satınalmaları zamanı şəffalılğın təmin olunması, tenderlər və kotirovka sorğularında vəzifəli şəxslərin maraqlı tərəf qismində çıxış etməsi qarşıda duran əsas problemlərdən biridir: “Şəffaflıq olmadığı təqdirdə biznes subyektləri əsas diqqəti müəyyən dairələrlə anlaşmağa, mövcud reallıqları nəzərə almağa yönəldir ki, bu da öz növbəsində qeyri-peşəkar şirkətlərin və qiymətləndiricilərin bazarda üstün mövqeyə keçməsini şərtləndirir. Hesab edirəm ki, KOBİA və digər dövlət qurumları ilə birlikdə təlimlərin keçirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, milli qiymətləndirmə standartlarının hazırlanması və yayılması istiqamətində səylərin artırılması qarşıda duran əsas hədəflərdən biri olmalıdır” – deyə, AQC sədri vurğulayıb.

Öz növbəsində KOBİA-nın sədri Orxan Məmmədov audit və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan KOB subyektlərinin Agentliyin bir sıra dəstək və xidmətlərindən istifadə etdiyini qeyd edib. Bildirilib ki, Agentlik tərəfindən KOB-ların uçot və hesabatlılığını sadələşdirən proqram təminatı layihəsinə qrant vəsaiti ayrılıb, onlayn mühasibat uçotu proqramına “Startap” şəhadətnaməsi verilib. Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən KOB-lar üçün mütəmadi olaraq vergi, maliyyə və qeyri-maliyyə, uçot qaydaları mövzularında təlim və məsləhət xidmətləri göstərilir. KOBİA sədri beynəlxalq qiymətləndirmə standartlarının təbliği və qiymətləndiricilərin bu sahədə maarifləndirilməsi üçün tədbirlərin keçirilməsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun təkmilləşdirilməsi barədə fikirlərini də diqqətə çatdırıb. Qeyd edilib ki, hesabatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyicilərinin əksəriyyəti mikro və kiçik sahibkarlardır. Bu onların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmamasından, hesabat prosesinə peşəkar mühasibləri və auditorları cəlb edə bilməmələrindən irəli gəlir. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir. Auditin inkişafı və mövcud problemlər barədə KİV-də tanıtım materiallarının verilməsi və müzakirələrin keçirilməsi də KOB-ların bu sahədə maarifləndirilməsinə dəstək ola bilər. Peşəkar audit və qiymətləndiricilərin yetişdirilməsi üzrə kursların və tədris proqramlarının hazırlanması müvafiq sahədə keyfiyyət göstəricilərinin yüksəlməsinə təkan verəcək – KOBİA sədri qeyd edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov şəffaflığın təmin olunmasında müstəqil audit və qiymətləndirmənin xüsusi rol oynadığını, ictimai müzakirənin bu sahədə fəaliyyət göstərən KOB subyektlərinin gözləntilərinin və qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov şəffaflığın artırılmasında auditin rolunun yüksəldilməsi, auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələri və sahibkarların iştirakı ilə keçirilən ictimai müzakirədə KOBİA sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

 

  •  (1)
  •  (0)