Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olduğuna dair saxta sənədlər hazırlamaq, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində qanunsuz iştirak səbəbindən “Unprice” MMC və “Koral” MMC qiymətləndirmə şirkətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilməsi barədə məlumat vermişdik. Adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin “Unprice” MMC, “Koral” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər yaratması, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olması barədə əsaslı şübhələr yaranıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin son toplantısında Ramil Qasımzadənin fəaliyyətindən hüquq-mühafizə orqanlarına müraciət edilməsi və faktların təqdim olunması məqsədilə müvafiq komissiyanın yaradılmasına, AQC-nin və ölkə qiymətləndiricilərinin adına ləkə gətirən hərəkətlərə yol verməsi səbəbindən cəmiyyət tərəfindən ona verilən sertifikatların geri alınmasına, dövlət satınalmalarını həyata keçirən aiddiyatı dövlət qurumlarına müraciət edilməsinə, eyni zamanda Ramil Qasımzadənin əməlindən hüquq-mühafizə orqanlarına şikayət olunmasına qərar verilib.
AQC bəyan edir ki, “Unprice” MMC, “Koral” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC və qeyd olunan şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin fəaliyyətinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) heç bir aidiyyatı yoxdur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadə və ona məxsus şirkətləri “qara siyahı”ya salıb və fiziki və hüquqi şəxsləri, dövlət qurumlarını onunla əməkdaşlıqdan yayınmağa çağırır. Eyni zamanda bu şirkətlərin əməkdaşlarına yeni iş yerləri əldə etmək və ya son proseslərdən ziyan görməmək üçün AQC-yə müraciət etmələri üçün çağırış edilib.