“Ankara Avropadakı maraqlarını qurban verəcək, yoxsa Bakı ilə müttəfiqliyini?” – KUZNETSOVbackend

“Ankara Avropadakı maraqlarını qurban verəcək, yoxsa Bakı ilə müttəfiqliyini?” – KUZNETSOV

Rusiyalı analitik: “Rusiya, İran və Azərbaycan – Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasından bu 3 dövlətdən biri əziyyət çəkəcək”

2022-ci ilin lap əvvəlindən postsovet məkanında vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının ora daxil olması ilə Qazaxıstanda təlatümlü hadisələrlə başladı. Eyni zamanda, demokrat adlandırılan Nikol Paşinyan xalq iğtişaşlarını yatırmaq üçün Qazaxıstana qoşun yeritmək əmrini verən şəxs kimi adını KTMT tarixinə yazdı.

Buna paralel olaraq, bu günlərdə Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün, üstəlik Kəlbəcərdə vəziyyətin kəskinləşməsinin şahidi olduq.

Tanınmış rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində 2022-ci ildə Qarabağ münaqişəsi ətrafında vəziyyətin necə inkişaf edəcəyi və Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü barədə danışıb.

– Azərbaycan-Ermənistan məsələsi ətrafında son prosesləri necə qiymətləndirirsiniz? 2022-ci ildə tərəflərin münasibətlərin stabil inkişafına nail olacağını gözləmək olarmı?

– Şəxsən mənə elə gəlir ki, bu gün Azərbaycan-Ermənistan münasibətləri boşdur və ya yüksək diplomatik leksika üslubunda desək, substantiv deyil və Cənubi Qafqazda bir çox xarici amillərin çoxsaylı kombinasiyalarından asılıdır. Rəsmi Bakı və İrəvan öz aralarında fərdi olaraq, heç nə həll edə bilməz və aralarındakı dialoqun konkret məzmunla dolması üçün qərar verməyəcəklər. Bunun üçün xarici təsir lazımdır – Rusiyadan, Türkiyədən, ATƏT-in Minsk Qrupundan, İrandan, BMT Təhlükəsizlik Şurasından, erməni diasporundan və ya nəinki gündəliyi təklif edən, həm də ona konkretliklər təqdim edən digər başqa qüvvələrdən.

Sözlərimin bəyənilib-bəyənilməməsi məni maraqlandırmır, amma Azərbaycan-Ermənistan münasibətləri xarici təsirin nəticəsidir, bu faktor var və ona görə də onların spesifikliyi və məzmunu tamamilə kənardan manipulyatorların onlara necə və hansı istiqamətdə təsir edəcəyindən asılıdır. Mən tam əminəm ki, rəsmi Bakı Türkiyənin timsalında kənardan dəstək olmasa, heç vaxt Ermənistana qarşı müharibəyə qərar verməzdi, necə ki, Rusiyanın dəstəyi olmadan Ermənistan da son otuz ildə Azərbaycana qarşı açıq təcavüzkar siyasətini davam etdirməyə cəsarət edə bilməzdi. Ona görə də 2022-ci ildə Azərbaycan-Ermənistan münasibətlərinin necə dəyişəcəyini bilmək istəyirsinizsə, onların məzmununa təsir edən xarici amillərin konfiqurasiyasının dəyişib-dəyişməyəcəyini soruşmalısınız.

Bu vəziyyətin tipik nümunəsi: bir-iki gün əvvəl Azərbaycan və Ermənistanın iki dövlətin sərhədinin demarkasiyası prosesinə başlamaq üçün şifahi razılıq əldə etdiyi açıqlandı və bu, Azərbaycan mətbuatı tərəfindən fəal şəkildə səsləndirildi. Amma bu xəbər dərc olunanda hamı yekdilliklə “unutdu” ki, bununla bağlı prinsipial razılaşma nəinki çox əvvəl əldə edilib, həm də Azərbaycan, Ermənistan və Rusiya başçılarının 2021-ci il noyabrın 26-da üçtərəfli bəyanatının ayrıca bəndində birləşdirilib. Yəni bu, Azərbaycan-Ermənistan münasibətlərində hansısa prinsipial olaraq yeni və müstəqil addım deyil, yalnız üçüncü və ya dördüncü xarici qüvvələrin, indiki halda Rusiyanın əvvəllər göstərdiyi səylərin maddiləşdirilmiş nəticəsidir.

Eyni zamanda, mən bu məsələdə yalnız Kremlin müstəsna rol oynadığını düşünmək fikrindən uzağam, şübhəsiz ki, bu məsələdə Ankaranın da təsiri var, çünki Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və qətiyyəti onların arasında dövlət sərhədinin müəyyənləşməsi Türkiyə ilə Ermənistan arasında diplomatik və mehriban qonşuluq münasibətlərinin bərpası prosesinə başlamaq üçün Ankaranın əsas şərtlərindən biri idi. Belə ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların praktiki müstəvidə başlaması üçün bu prosesə iki xarici qüvvənin müdaxiləsi tələb olunurdu. Azərbaycan-Ermənistan münasibətlərinin bərpası üçün gündəliyin hər bir bəndi üçün də belə olacaq.

2022-ci il Qarabağ ətrafındakı proseslərə xarici təsirin aktivləşməsi ili olacaq, bu təsir çoxfaktorlu və çoxşaxəli olacaq, ona görə də Azərbaycan-Ermənistan münasibətləri məzmun və spesifikliklərlə dolu olacaq. Lakin məzmunun kimin tərəfində olacağı Bakı və İrəvanın hansının “aykido” üslubunda xarici təsirləri öz maraqlarına uyğun idarə edə biləcəyindən birbaşa asılı olacaq. Gələn il çətin, lakin maraqlı olacaq.

– Nikol Paşinyan KTMT sədri kimi Qazaxıstana qoşun yeritmək qərarı verdi. Bu, onun Qərb dünyasındakı imicinə necə təsir edəcək?

– Onun addımlarını bu qədər pafoslu və qərəzli qiymətləndirməyə ehtiyac yoxdur, ona yalnız sülhməramlı kontingentin Qazaxıstana daxil olduğunu elan etmək tapşırılıb. Paşinyan KTMT birləşmiş qüvvələrinin bir hissəsi kimi xarici hərbi kontingent haqqında sərəncam verə bilmədiyi üçün prinsipial olaraq belə bir müstəqil qərar qəbul edə bilməzdi. Ona səsgücləndirici rolunu oynamaq tapşırıldı və o, bu rolun öhdəsindən çox yaxşı gəldi. Amma həmin anda onun arxasında KTMT-yə üzv dövlətlərin başçıları olmasaydı və gözünün önündə açıq-aydın onun əvvəlcədən yazmadığı mətn olmasaydı, Paşinyanın benefisi bu qədər parlaq olmazdı.

Sadəcə olaraq, Paşinyan konkret tarixi məqamda, lazımi anda və lazımi yerdə uyğun mövqedə idi və buna görə də bir saatlıq qəhrəmana çevrildi. İstənilən ağlı başında olan insan bunu çox yaxşı başa düşür və buna görə də bütün adekvat insanlar, o cümlədən Qərb dünyasındakılar yaxşı bilirlər ki, o, xarici fors-major vəziyyətlərin girovuna çevrilib, ondan uğurla çıxıb və bu, onun nüfuzunu daha da gücləndirəcək. Şəxsən onun üçün KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə bağlı bəyanatının heç bir mənfi siyasi nəticəsi olmayacaq.

– Bu yaxınlarda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü oldu. Bunu necə qiymətləndirmək lazımdır? Tərəflər razılığa gələcəkmi?

– Türkiyə və Ermənistanın indiki şəraitdə başqa alternativi yoxdur. İkitərəfli münasibətlərin normallaşdırılması yolu ilə necə getmək olacaq və mən bu mövzunun inkişafını ikiqat diqqətlə izləyəcəm. Hansı türk diplomatının ölkəni bu danışıqlarda təmsil etməsinə əsaslansaq, tam əminliklə demək olar ki, Türkiyə bu gün Ermənistandan daha çox bu məsələdə maraqlıdır. Ermənistan birtərəfli qaydada “1915-ci ildə Osmanlı İmperiyasında erməni soyqırımı” tezisindən imtina edən kimi, Ankara və İrəvan bu məsələ ilə bağlı anlaşma memorandumu imzalayan kimi, Türkiyə onun Avropa İttifaqına daxil olması yolunda əksər siyasi maneələri dəf etmiş olacaq. Avropa İttifaqı, ondan sonra bütün Avropa bazarı onun qarşısında açılacaq.

İrəvanda bunu çox gözəl anlayırlar və ona görə də belə bir siyasi perspektivi təmin etmək üçün ən yüksək qiyməti tələb edəcəklər və Ankara da bunu başa düşür. Ona görə də bu ölkənin ən təcrübəli diplomatlarından biri, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlarda Türkiyə Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Şübhəsiz ki, münasibətlərin normallaşması ilə bağlı danışıqlar zamanı İrəvan Bakı ilə Azərbaycanın dövlət sərhədində münasibətlərin normallaşması ilə bağlı danışıqlarda Ankaradan zəmanət tələb edəcək və Türkiyə rəhbərliyinin bu şəraitdə özünü necə aparacağı sualı açıq olaraq qalır. Ankara üçün həqiqət məqamı situasiyası yarana bilər: nəyi qurban verməli – Avropadakı öz geosiyasi və makroiqtisadi maraqlarını və ya Azərbaycanla müttəfiqlik münasibətlərini. Belə bir məqamda Ankaranın reaksiyasını proqnozlaşdırmağı öhdəmə götürməyəcəyəm.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunun geosiyasətini xeyli dəyişdi ki, bu da şübhə doğurmur. Amma qüvvələr və maraqlar balansının dəyişməsi həmişə kiminsə hesabına baş verir, çünki bu dünyada kütlələrin, impulsun, enerjinin və s. itməməsi qanunları fəaliyyət göstərir. Ona görə də sual yaranır: Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasından daha çox kim uduzacaq? Regionda bu rola yalnız üç iddiaçı var – Rusiya, İran və Azərbaycan və bu vəziyyətdən ən çox onlardan biri əziyyət çəkəcək. Əsas zərərçəkənin kim olacağına Ankara və İrəvan öz aralarında qərar verəcək, amma mən bunu diqqətlə izləyəcəm.

  •  (0)
  •  (0)