Bakıda “Trump Tower” oteli kimi tanınan məşhur binada təmir-bərpa işlərinə başlanıb.
Hazırda binanın həm fasadında, həm də içərisində ciddi təmir işləri aparılır.
Bəllidir ki, görünüşcə gəmi yelkəninə bənzəyən bu bina keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən inşa edilib.
Anar Məmmədovun “gəmisi” yenidən hərəkətə keçir?
Ziya Məmmədovun vəzifədən alınmasından sonra Məmmədovlar ailəsinə məxsus bir çox obyektlər, binalar satışa çıxarıldı. Həmin ərəfədə məlumatlar dolaşdı ki, Məmmədovlar bu binaya da müştəri axtarırlar. Lakin xəbərləri nə Anar Məmmədov, nə də ona məxsus olan “ZQAN” holdinqdən kimsə təsdiqləyib, inkar etmədi.
Hazırda binaya aid məlumatlarda qeyd edilib ki, tikili “ZQAN” Holdinqə aiddir. Bu barədə yazılan informasiyalarda hər hansı bir dəyişiklik edilməyib. Yəni binanın kimsə tərəfindən alınması, özəlləşdirilməsi ilə bağlı fakta əsaslanan məlumat yox, sadəcə şayiələr var.
Vaxtilə “ZQAN” Holdinqin hüquqşünası olmuş Ruslan Məmmədovla əlaqə saxlayıb, binanın indiki və gələcək taleyi ilə maraqlanmaq istədik. Ruslan Məmmədov Musavat.com-a bildirdi ki, o, xeyli müddətdir bu işlərlə məşğul olmur. Ona görə də yeniliklərdən məlumatlı deyil…
Bu bina haqqında vaxtilə dünyanın məşhur media quruluşları tərəfindən də məlumatlar paylaşılıb.
Yada salaq ki, hələ 2016-cı ildə “The Washington Post” qəzeti Bakıda tikintisi yarımçıq qalmış “Trump Tower” barədə məqalə dərc etmişdi.
Yazıda bildirilirdi: ““Trump International Hotel&Tower” kompleksinin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, ancaq kontraktları yenidən razılaşdırmağa, binanın açılmasına nail olmağa çalışır”.
2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın qızı İvanka Tramp isə 2014-cü ildə Bakıda olmuş, 33 mərtəbəli “Trump International Hotel & Tower Baku”nun inşası ilə maraqlanmışdı.
Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komisyon qazanmışdı.
ABŞ prezidentliyinə iddiaçı olanda açıqladığı maliyyə hesabatına əsasən, Tramp “quru adı” üçün Məmmədovlardan ən azı 2,5 milyon dollar almışdı. Çünki hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunması nəzərdə tutulurdu. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan etdi və Bakıda tikilmiş göydələndən “Trump” lövhəsi çıxarıldı.
2017-ci ilin martında “New Yorker” jurnalında dərc edilmiş “Donald Trampın ən pis sazişi” adlı araşdırma məqaləsində “Tramp Organization” təşkilatının Ziya Məmmədovun ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələni haqda yazmışdı.
Şəhərin mərkəzi küçəsində inşa edilən başıbəlalı bina, bir dəfə yanğın da görüb, ancaq hələ də ayaqdadır, təmir olunur, gələcəyə hazırlanır.
Anar Məmmədovun özünə gəldikdə isə onun aktiv fəaliyyəti ilə bağlı son zamanlar hər hansı bir xəbər yayılmayıb. Yalnız bu ilin iyul ayında bloger Mehman Hüseynov onun London küçələrində bahalı maşınlar sürməsi ilə bağlı fotolar yaymışdı.
Otel 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat/metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir.