Mir Mövsüm Ağa haqqında çox əfsanə dolaşır, hamısını təhlil etmək istəmirəm. O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm.
Hokm.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə APA-ya müsahibəsində bildirib.
Müsahibənin həmin hissəsini təqdim edirik:
– Yeri gəlmişkən, Mir Mövsüm Ağanın da bacısı nəvəsisiniz.
– Bəli, atamın dayısı idi. Mən uşaq vaxtı onların evinə çox getmişəm. 1947-ci ildə atam rəhmətə getdi, anam soyudu, daha bizi onlara aparmadı. Anlamıram niyə. Amma atam sağ olanda ayda bir dəfə filan gedib baş çəkirdik.
– Nəzir aparırdınız?
– Xeyr, xeyr, Mir Mövsüm Ağa özü mənə, qardaşıma pul verirdi. İkinci mərtəbədə oturardı. Ona deyəndə ki, Akif gəlib, Məsud gəlib, gülərdi. Üzündə çox maraqlı təbəssüm əmələ gələrdi. Başımıza sığal çəkərdi, indi olmasın, pul verərdi. Sonra çıxardıq üçüncü mərtəbəyə, orda çay-çörək yeyərdik. Onda da müharibə vaxtı, ağır illərdi. Xeyli gəlib-gedəni vardı, yəni ümid qapısı idi.
– Əri, oğlu, qardaşı, atası müharibədə olanlar nicat üçün ağanın yanına gəlirdilər?
– Bəli.
– Danışa bilirdi?
– Yox, çox zəif. Mən sizə deyim ki, o irsiyyət mənim bacıma da keçmişdi. Onun da qulağı zəif eşidirdi. Ağır eşitmə nəticəsində bacımın da tələffüzü düzgün deyildi. Ağa kimi danışırdı.
– Siz onu görəndə qorxub edirdiniz, yoxsa ürəyiniz sevinclə?..
– Yox, əksinə, sevinirdik. Həmişə. Daim otururdu, tərpənmirdi.
– Mir Mövsüm Ağanın dəfni yadınızda olar. İştirak etmişdiniz?
– Yox, dediyim kimi həm atam öldü, əlaqələrimiz kəsildi, həm də həmən vaxt mən ali məktəbə hazırlaşırdım, başım qarışıq idi, yox getmədim.
– Onun barəsində el arasında dolaşan əfsanələr doğrudurmu?
– Bilirsiniz, Mir Mövsüm Ağa haqqında çox əfsanə dolaşır, hamısını təhlil etmək istəmirəm. O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm. Amma bir şeyə əminəm ki, Ətağa cəddinə inam gətirən, onun cəddini çağıran insanlar istədiklərinə nail olublar. Hətta başqa millətlərdən olsalar belə.
– Siz özünüz də onun cəddini çox çağırmısınız?
– Bəli. Bir dəfə mən xaricdəydim, cəddini çağırdım, açıldı yollar.
– Gələndən sonra da türbəsini ziyarətə gedib nəzir vermisiniz?
– Bəli, Şüvəlana.
– Mir Mövsüm Ağanın sağlığında da əfsanələr dolaşırdı?
– Sağlığında çox dolaşmırdı. Öləndən sonra yayıldı. Bəzi şeylər ola bilər uydurmadır, deyə bilmərəm. Amma mən özüm həyatımda onun cəddini hiss etmişəm. Danışım da sizə. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim ki, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam.
– Və dua edirsiniz.
– Hə, dua edirəm. Bir də gördüm, ay seyid, bir gün çıxdı… Gözlərim yaşardı. Dedilər samalyot gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacam. Burda direktor olduğum vaxtlardır, Amerikaya səfərim var.
– Artıq müstəqillik illəridir?
– Bəli.
– Yuqoslaviya söhbətində isə cavan adamsız, yəni sovet illəridir?
– Bəli- bəli.
– Davam edin.
– Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka (paslanmayan dəmir-M.A.) pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Şoferə dedim, sür Sabunçuya, orda bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm orda dörd dənə mən istəyən nerj. Dördü də bir-birinin yanında qoyulub, gəl apar… Cəddin çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə… Ona mən çox inanıram. Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.