Elə ifaçılar var ki, onlara sadəcə sənətçi deməyə adamın dili gəlmir.Çünki onlar sənətkardır. Baxmayaraq ki, nə fəxri adları var. nə də bu ada iddiaları yoxdur. Heç düzünü desək, həyat tərzləri də necə deyərlər, rəsmiyyət pilləsinə qalxmağa, fəxri ad almağa imkan vermir.
Beləliklə, “Ölkə.az” “Azəri star” yarışmasının laureatı Emil Rəhmanov və həyat yoldaşı Sabrina Qəmzəyevayla müsahibənin ikinci hissəsini təqdim edir.
-Toy qonorarınız nə qədər olurdu?
-Damara baxıb, qan almışam.
-Ən yaxşı damardan nə qədər “qan” alırdınız?
-Məsələn, Almaniyanın Hannover şəhərinə dağlıların toyuna getmişəm. Oradan gediş-gəliş biletlərimizi də alıblar və 15 min avro qonorarla yola salıblar.
-Bu, çoxdan olub?
-Ötən ilin əvvəli idi.
-Bəs musiqiçilər?
-Orada bizim yaxşı musiqiçilərimiz var. Məni skripkaçı Rəsul Bərini və digər musiqiçilər müşayiət edirdilər.
-Bəs Azərbaycandakı toy qiymətinizin məbləği?
-Burada ansamblla birlikdə bütöv toyu 5-6 min manata idarə edirdim. Elə olub ki, ayın 25 gününü toyda olmuşam, amma cəmi 4-5 məclisə öz ansamblımla getmişəm. Digər məclislərdə tək özümü çağırırdılar.
-Yəqin ki, ayda 20-30 min qazandığınız vaxtlar olub.
-Bəli, olub.
-Həmin pulları hara xərclədiniz?
-Evimizin kreditinə, müalicələrimi etdirdim, müəyyən borclarımı ödədim. Bu günə şükürlər olsun. Allah böyükdür.
-Yenidən həbsxana həyatı barədə danışaq. Ümumilikdə neçə ilinizi həbsxanada keçirmisiniz?
-(Sabrina xanım Emili qabaqlayır) Bizim evliliyimizdə Emil məhbus həyatı yaşamayıb. Onu müəyyən insanlardan uzaq tutmuşam. Emilin telefonu belə məndədir və özüm bilirəm, kimə cavab vermək lazımdır, kimə yox. Əgər onu başlı-başına buraxsam, pis olar.
-Sözün doğrusu pandemiya dövründə mənim telefonumu satdıq. Çünki həm evdə çox mübahisələrimiz düşürdü, lazımsız adamlar zəng vururdu. Belə qərara gəldik ki, mənim də nömrəmi həyat yoldaşımın telefonuna taxaq. Sabrina xanım dedi ki, ikimizə bir telefon işlədəcəyik, amma telefon məndə -İndi də həmin zənglər olur?
-Bəli, olur.
-Bəzən zəng gəlir, hiss edirəm ki, yaxşı insan deyil, Emilə bu barədə demirəm. Elə də olur ki, deyirəm, Emil yoxdur. Məsləhət bilmədiyim insanları ətrafımıza buraxmıram. Təbii ki, Emilin dostları da var. Normal insan olanda deyirəm ki, gəl bizə, mən sənə bir bacı kimi qulluq edərəm, amma gözümün qabağında olsun.
-Elə dostlarımız da var ki, kasıbdır, amma mərddir, ibadət edir, sənətimin xəstəsidir və özümü çox istəyir, xəstəliyimi başa düşür. Elə dostlar özü bizə gəlir, görüşürük, danışırıq və çıxıb gedirlər.
-Sabrina xanım, bildirdiniz ki, Emilin anası sizə çətin olacağını demişdi. Amma dediyinizə görə hazırda vəziyyəti yetərincə stabildir. Heç qaynananız sizə təşəkkür etdimi ki, oğlumun bu çətin vaxtında onun yanında oldunuz?
-Rəhman dayı həmişə bizə gəlir və təşəkkürünü bildirir. Əslində, mən ona təşəkkür edirəm ki, mənə belə bir oğlan, belə bir kişi verib. Mən Emillə fəxr edirəm. Emil onu dərk edən insanlar üçün şəxsiyyətdir. Qaynanam da təşəkkür edir ki, onu qoruyursan.
-Övladınız varmı?
-Yoxdur, amma olmağını istərdik. Maşallah, Emil on uşağa bərabərdir. Amma sözün doğrusu bu vaxta qədər o yükü daşımağa qorxmuşam, ehtiyatlanmışam.
-Bəs indi özünüzü o yükü, məsuliyyəti daşımağa hazır hiss edirsiniz?
-Emil xeyli dəyişib. Çox adam çox söz deyə bilər, amma mən hiss edirəm ki, Emildə ciddi irəliləyiş var.
-Sizə nə zamansa əl qaldırıbmı?
-Bəli, olub. Amma o şəraiti də mən yaratmışam. Mən onu daha çox başa düşməliyəm.
– Emillə evliliyinizə görə öz ailəniz tərəfindən qınanmısınız?
-Bəli, çox olub. Ailənin tək övladıyam, ərköyün böyümüşəm. Amma sevgi olanda hər şey yaxşı olur. Mən qismətimlə barışan insanam.
-Emil, sonuncu dəfə iki il müddətinə azadlıqdan məhrum edilmişdiniz…
-Bəli, qanunsuz silah gəzdirməəyə görə həbs edilmişdim.
-Digər məsələləri başa düşdüm, bəs silah gəzdirməyə hansı səbəbdən məcbur oldunuz?
-O haqda danışmaq istəmirəm.
-Gənc ifaçılardan kimləri dinləyirsiniz?
-Elton Hüseynəliyev yaxşı ifaçıdır, savadlı oxuyur, Zamiq Hüseynov savadlı müğənnidir. Düzdür, indi tələbata görə janrını dəyişib. Əvvəl sırf vokalist olub, həm də muğam sinfini bitirib. Kamilə Nəbiyeva, Ehtiram Hüseynov, Mirələm Mirələmovu da çox yaxşı bəyənirəm.
-Ayaz Qasımov…
-Ayaz sintezator ifaçısı olub, mən onu toylara aparırdım yanımda. Nurlan Növrəsli də skripka ifaçısı idi.
-Bəs müğənni kimi ifaları?
-Ayaz Nurlandan həvəslidir, amma Nurlan Ayazdan daha səliqəli ifaçıdır və bir az musiqini çox bilir. Onların qanından musiqi axır, konservatoriya bitirib.
-Elə bir ifaçı varmı ki, ona həsəd aparasınız?
-Azərbaycanda elə bir ifaçı yoxdur.
-Özünüz özünüzə rəqibsiniz?
-Bəli. Bəzən bir ifa gətirirlər ki, usta, bax, Bolqarıstandandır. gör necə oxuyur. Dinləyirəm, görürəm ki, mən bunu çörək almağa gedəndə mızıldayıram.
-Məşq edirsinizmi?
-Heç vaxt. “Azəri star” vaxtında da hamı məşq edirdi, məndən başqa. Ümumiyyətlə məşqlərə gəlmirdim. Çəkiliş günləri gəlirdim, tonallığı və oxuyacağım mahnını deyirdim, vəssalam.
-Məşq etməmək özünə arxayınlıqdır, sənətə məsuliyyətsizlikdir, yoxsa başqa səbəbi var?
-Özümə sənət barədə arxayınlıq deyərdim.
-Getdiyiniz məclislərdə istənilən ansamblla ifa edirsiniz, yoxsa buna görə imtina etdiyiniz məclislər də olub?
-Məclisdən yox, müşayiətdən imtina etmişəm və özüm özümü müşayiət edib oxumuşam.
-İnstumental ifanı da yəqin ki, müəllimsiz öyrənmisiniz.
-Bəli.
-Yəqin ki, 17-18 yaşlarınızdan toylara getmisiniz…
-Yox, 1998-ci ildən. İlk dəfə toya Xalq artisti Aftandil İsrafilovla getmişəm. Yadımdadır ki, Xızının Altıağac qəsəbəsində iki gün toyda olmuşam. Birinci gün qız toyu, səhəri gün oğlan toyu oldu. Təranə Vəlizadəylə ikimiz o toyu oxumuşuq. Həmin vaxt mənim 10 yaşım ancaq olardı.
-Qonorar verilirdi?
-Mənə pul verilmirdi, evdəkilərə verilirdi. Çox vaxt pul verilmirdi, atam deyirdi ki, getsin, baxsın, rəndələnsin.
-Uşaqlıqda kimsə sizə demişdimi ki, yaxşı sənətkar olacaqsınız?
-Məni o vaxt Xalq artisti Arif Babayevin yanına apardılar. Hələ o vaxt konservatoriya və musiqi akademiyası ayrılmamışdı. Təxminən səkkiz yaşım var idi. Səsimi ölçdülər. Yəqin ki, indi də Arif Babayevin yadında olar. Tarın ən axırıncı pərdəsini oxudum, ondna o yana getdim, amma tar gəlmədi. Səsim dörd oktava iki tersiya səsim var idi. Rəhmətlik qardaşım İlhamın nişanında Qismət Məmmədzadə ilə oxumuşduq. Onun bacısı Lalə ilə rəhmətlik qardaşım İlham nişanlı idilər.
-Ailə qurdularmı?
-Xeyr, münasibətləri alınmadı. Bəlkə də nişanın kaseti Qismətin dayısı Atifdə var. Orda Qismətlə bir ifamız var. O, ikinci oktavanı, mən dördüncü oktavanı oxuyurdum. Xanlar Cəfərov da o məclisdə idi. Rəhmətlik mənim ansamblımın bədii rəhbəri olub.
-Bayaq gənc xanəndələrdən danışdınız. Yaşlı sənətkarlardan kimləri dinləyirsiniz?
-Ağaxan Abdullayevdən sonra heç bir xanəndəyə qulaq asmıram. Ağaxan Abdullayevə qədər olan sənətkarlara isə qulaq asmışam. Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev kimi sənətkarları dinləmişəm. Alim Qasımovu heç vaxt dinləməmişəm, ruhumu oxşamır. Lazim olsa bunu Alim müəllimin özünə də deyərəm.
(Söhbətin bu yerində Sabrina xanım Emilin tənqidlərini dayandırmaq üçün ona işarə edir. Emil isə fikrini davam etdirir)
2007-ci ilin yay aylarında Akif İslamzadə, Kamran Həsənli, Fərid Dadaşov və mən bulvarda çay içirdik. Akif İslamzadə soruşdu ki, Rəhmanoğlu, mən necə oxuyan olmuşam? Dedi ki, gənc kimi fikrini bilmək istəyirəm. Cavab verdim ki, ifaçı kimi yaxşı olmamısınız, amma bəxtinizə yaxşı mahnılar düşüb. Bu söhbətə Kamran Həsənli canlı şahiddir. İndi də deyirəm ki, Akif İslamzadənin bəxtinə sadəcə yaxşı mahnılar düşüb və o dövrdə 5-6 nəfər ifaçı olub. Yaşar Səfərov, Hüseynağa Hadıyev, Akif İslamzadə, Əli Mirəliyev… Bunların da içərisində camaatın ürəyinə yatan, gündəmdə, efirdə olan Hüseynağa Hadiyevlə Akif İslamzadə olub. Ona görə də bu ikisi daha çox tanınıb və onlara bəstəkarlar mahnı verib. Akif İslamzadəni sevdirən bəxtinə düşən mahnılar olub.
-Emil o mahnıları daha yaxşı oxuya bilərmi?
-Əlbəttə, olardı və olar da.
-Akif İslamzadənin repertuarına müraciət etmisiniz?
-O qədər olub ki. Hüseynağa Hadıyev də fövqəladə ifaçı olmayıblar.
-İndiki sənətçilərlə müqayisə etsək?
-(düşünür) Akif İslamzadə bugünkü günümüzün Ayaz Qasımovu, Zamiq Hüseynovu olub. Təəccüblənəcək bir şey yoxdur. Çörək dükanına gedən yaşlı kişilər də bəzən elə oxuyurlar. Nardaran kəndində toyda professor, kafedra müdiri Canəli Əkbərov qəzəli belə oxudu-Ey təbibim, daha yox dərdə dəvamım neyniyim? Təxminən 12-13 yaşlı bir oğlan uşağı gəldi dedi ki, Canəli müəllim, üzr istəyirəm, neyniyim yox, neynim. Yəni o kənddə balaca uşaqlar da qəzəlin dərinliyini bilir, o ki qaldı oxumağın. Demək istədiyim odur ki, fövqəladə ifaçılar olmayıblar. Gör nə gözəl mahnılar yazılıb verilib onlara(zümzümə edir-red.) Görün Akif İslamzadəyə nələr verilib. O mahnıları Əli Mirəliyevə də versəydilər, o da Akif İslamzadə kimi əfsanə idi.
Ardı var…