Açıq havada maska taxmaq tələbi ləğv edilə bilərmi? – RƏSMİ CAVABbackend

Açıq havada maska taxmaq tələbi ləğv edilə bilərmi? – RƏSMİ CAVAB

Qarşıdan yay fəsli gəlir. İsti havada maskanın istifadəsi isə qismən çətinləşir. Açıq havada maska taxmamaq qadağası ləğv edilə bilərmi?

Hokm.az xəbər verir ki, bu sualı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin “Report”a müsahibəsi zamanı cavablandırıb:

“Hesab edirəm ki, açıq havada maska taxmaq qadağasını ləğv etmək hələ mümkün olmayacaq. Şəhərdə apardığım müşahidələrimə əsasən görürəm ki, kütləvi toplaşma halları olur və maskalar insanların çənələrindədir. Bu azmış kimi 3-4 nəfər siqaret çəkib bir-birilərinin üzünə üfürürlər. Bu, çox təhlükəlidir. Əgər müəyyən yumşalmalardan sonra məktəblər, restoranlar açılırsa, heç olmasa, bir az sevinsinlər və bunu qoruyub saxlaya bilsinlər. Halbuki sərt karantin rejimi dövründə yoluxma sayı 250-300 civarında idi.

Təbii ki, bu, bizim bildiklərimizdir. Rəqəmsal olaraq azdır. Kimsə düşünə bilər ki, xəstəlik tamamilə yox olur. Lakin epidemioloji baxımdan bu, çox təhlükəlidir. Hətta epidemioloji baxımdan ortada 3-4 viruslu xəstə olsa belə, xəstəlik kəskin şəkildə yayıla bilər. Bu nöqteyi-nəzərdən mutasiyaya uğrayan viruslarla mübarizə son dərəcə önəmlidir. Əslində bu günə qədər görülən tədbirləri daha da gücləndirməliyik. Çünki mutasiyaya uğrayan virus daha sürətlə yayılır. Ona görə də qoyulan qaydalara ciddi riayət edilməsə, yoluxma sayı əvvəlkilərə nisbətən daha da arta bilər. Türkiyədə artıq 120 nəfərdə yeni ştamm aşkar edilib. Bilirik ki, qardaş ölkə ilə sıx əlaqə var.

Odur ki, COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər. Bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzində xaricdən gələn şəxslərin analizlərinin nümunələrində yeni ştammın olub-olmaması araşdırılır. Hələlik əlimizdə mutasiya ilə bağlı təsdiqedici məlumat yoxdur. Digər ölkələrdə xəstəliyin sayının yenidən kəskin artmasına səbəb məhz bu mutasiyadır”.

  •  (0)
  •  (0)