Abşeronda heyrətamiz fakt: 350 min nəfərə bir təbib tapılmırbackend

Abşeronda heyrətamiz fakt: 350 min nəfərə bir təbib tapılmır

Paytaxta bitişik olan nəhəng bir rayonda bu problemin yaşanmasının tutarlı bir izahı yoxdur

Abşeron rayon sakinlərindən AYNA-nın redaksiyasına şikayət daxil olub. Bildirilir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında (ARMX) və ümumiyyətlə, rayon ərazisində bir nəfər olsun LOR (qulaq-burun-boğaz həkimi) yoxdur. Diqqətçəkən məsələni araşdırmağa çalışdıq.

İlk olaraq ARMX ilə əlaqə saxladıq. Xəstəxanın inzibati işlər üzrə direktor müavini Fuad Məmmədov tibb müəssisəsində LOR həkim olmadığını təsdiqlədi: “Bəli, hazırda LOR həkim yoxdur, amma burada LOR həkim yoxdur deyə heç bir xəstə ortalıqda qalmır və qalmamlıdır da. İcbari Tibbi Sığortanın qanunlarına görə, xəstə ilk növbədə Ailə Sağlamlıq Mərkəzinə müraciət edir. Oradan isə göndərişlər Mərkəzi Xəstəxanaya göndərilir. Burada da xəstə cərrah tərəfindən müayinə olunur və əgər LOR həkimə ehtiyac varsa, Respublika Klinik Xəstəxanasına göndərilir. Orada da ona müvafiq yardım göstərilir. Burada nə problem var? Mərkəzi xəstəxanaya LOR həkim göndərilməsi üçün sorğu verilib, gözləyirik”.

Sözügedən xəstəxananın tabe olduğu TƏBİB-in (TİBBİ Ərazi Bölmələrini İdarəetmə Birliyi) İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, xəstəxanadan deyildiyi kimi vakansiya var və müraciət edələcəyi halda müvafiq qərar veriləcək: “Bəli, xəstəxana bizə tabedir, bizim də mövqeyimiz xəstəxanayla üst-üstə düşür. Orda LOR vakansiyası var. Müraciət olarsa, müvafiq qərar veriləcək. Hələlik təəssüf ki, müraciət yoxdur. İndiki halda isə vətəndaşların müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Həkim müayinəsindən sonra, ehtiyac olarsa,  xəstəxana vətəndaşı TƏBİB-in tabeliyindəki digər xəstəxanalara müalicə üçün göndərir”

.“Vakansiya olduğu halda xəstəxanada LOR həkimin olmamasına səbəb nədir? Bu sahə üzrə ölkədə LOR həkim çatışmazlığımı var?” suallarımıza cavab tapmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin cavabı belə oldu: “Sözügedən xəstəxana Səhiyyə Nazirliyinə tabe deyil. Vakansiya varsa, həkim müraciət edəcəyi halda, işə qəbul olunacaq. Bu vəziyyətdə bir xəstəxanada LOR həkimin olmaması ölkədə həmin istiqamətdə həkim çatışmazlığının olub-olmamasını deməyə əsas vermir”.

 

Səhiyyə Nazirliyinin bu haqda məlumat bazası varmı ki, ölkə ərazisi üzrə hansı sahədə nə qədər həkim fəaliyyət göstərir? Hazırda ölkəmizdə tibbin hansı istiqamətləri üzrə həkim çatışmazlığı var? Oxucularımızda belə bir sual yaranarsa, cavabsız qalamasın deyə bu sualları da Nazirliyə ünvanladıq, amma cavab ala bilmədik.

Abşeron rayonunda yaşanan sözügedən problemlə bağlı Rayon İcra Hakimiyyətinin (RİH) də mövqeyi maraqlıdır. RİH-in mətbuat xidmətindən bildirdilər ki, xəstəxana onlara tabe struktur olmadığına görə, bu barədə münasibət bildirmələri doğru deyil: “Bu barədə vətəndaşlardan şikayət daxil olmayıb. Olsa da, aidiyyəti üzrə münasibət almağı tövsiyə edərik. Xəstəxana Səhiyyə Nazirliyinə və TƏBİB-ə tabe strukturdur. Bizə tabe olmayan struktur haqqında nəsə mövqe bildirməyimiz doğru deyil”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə,  xəstə müraciət etdikdə, müəssisədə mütəxəssis olmadığı halda icbari tibbi sığorta paketi daxilində həmin xəstə digər xəstəxanalara yönləndirilə bilər: “Xəstə icbari tibbi sığorta paketi ilə yaşayış yeri üzrə bir xəstəxanaya müraciət edir. Həmin xəstəxanada lazımi mütəxəssis və lazımi müalicə metodu olmadıqda, həmin paket çərçivəsində digər xəstəxanalar seçilə bilər. Yəni burada bir problem yoxdur. Əlbəttə, bütün xəstəxanalarda bəzən vakansiyalar da olur, bəzən yer çatışmazlığı, hansısa mütəxəssisin olmaması da olur. Təbabətin elə sahələri olur ki, həmin mütəxəssislər xəstəxanada olmaya da bilər. Bu baxımdan da icbari tibbi sığorta paketində xəstənin müraciət etdiyi xəstəxanaya yaxın xəstəxanalarda, hətta özəl sektordakı xidmətlərdən də istifadə edilə bilər”.

 

Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin üzvü Məlahət İbrahimqızının dediyinə görə, Abşeronda LOR böhranı ilə bağlı onlara vətəndaşlardan müraciət daxil olmayıb: “İclaslarda hər bir deputatı  narahat edən ictimai problemləri müzakirə edirik. Bu baxımdan məhz Abşeron Rayon Mərkəzi Xəstəxanasından bu barədə şikayətçi olan vətəndaş nə mənə müraciət edib, nə də digər deputatlardan eşitmişəm. Amma bölgələrdə, kəndlərdə həkim çatışmazlığı ilə bağlı problem var. Bu, təkcə səhiyyə sahəsində deyil, təhsil sahəsində də var”.

Deputat bunun səbəbini təyinatın olmamasında görür: “Türkiyədə müəllimlərin də, həkimlərin də təyinat var. Çox yaxşı olardı ki, bizdə də həkimlərin təyinatı olardı. Mikayıl Cabbarovun nazir olduğu dövrdə müəllimlərin təyinatı ilə bağlı ciddi narahatlıq var idi. İndi o problem həll olunub. Heç kəs xahiş etmir ki, mənə kömək edin filan məktəbdə müəllim kimi işə düzəlim. Kimin balı hara düşürsə, oraya da təyin olunur. Bunu dəyişdirmək mümkün deyil, ancaq növbəti dəfə imtahanda iştirak etməklə dəyişdirə bilər. Buna baxmayaraq, bölgələrimizdə müəllim çatışmazlığı ilə bağlı problemlər var. Çox təəssüf ki, səhiyyədə təyinat yoxdur”.

 

“Məsələn, Türkiyədə rezidentura pilləsində oxuyanlar, eləcə də bizdə Tibb Universitetini bitirib rezidentura üçün oraya gedən tələbələr müəyyən yerlər üzrə təyinat alırlar. Lakin bizdə Tibb Universitetində rezidentura pilləsində təhsil alanları bölgələrimizdə Tibb Universitetinin nəzdində fəaliyyət göstərən elə bir baza yoxdur ki, tələbələri göndərsinlər. Buna görə də Tibb Universitetini bitirirlər, təyinat da olmadığına görə maaş az olan yerlərə getmirlər. Ona görə dövlət müəssisələrində işləməyən tibb işçilərinin əksəriyyəti özəl tibb müəssisələrində iş tapa bilirlər”, – deyə İbrahimqızı fikrini davam etdirib.

Qeyd edib ki, hazırda ölkədə islahatlar gedir, ortaya çıxan bütün problemlər həll olunmalıdır: “Biz Milli Məclisdə problemi qaldıra bilərik, amma həll etmək səlahiyyətimiz yoxdur. Ümumilikdə isə düşünürəm ki, tək-tək hadisələrin həlli ilə problemlər həll olunmur. TƏBİB bir LOR həkim tapa, məcburi xəstəxanaya göndərə bilər, amma qanunda bununla bağlı gənc mütəxəssisin öhdəliyi yoxdursa, istəmədiyi yerdə işləməyə məcbur etmək mümkün deyil. İndi TƏBİB-ə müraciət edərlər, bir həkim göndərilər, amma bu, problemin həlli deyil axı”.

“Bəs başqa yerlərdə həkim çatışmırsa, necə olacaq? Buna görə də düşünürəm ki, problemə ümumi həll yolunun tapılması istiqamətində baxmaq lazımdır. Məcburi-könüllülük olmalıdır. Necə ki, direktorların müəllim götürmək şansı yoxdur, universiteti bitirən tələbə təyinatı üzrə işləyir və yenidən imtahan verdikdən sonra daha yaxşı bal toplayırsa, daha yaxşı yerə təyin olunur. Elə Təhsil Nazirliyinin də marağı budur ki, göstəriciləri yüksək müəllimləri elə daha keyfiyyətli təhsil verən müəssisələrə göndərsinlər”, – deyə parlament üzvü vurğulayıb.

“Bununla bağlı bir norma varmı ki, hansı ərazi üzrə hansı sahədə filan qədər həkim olmalıdır?” sualını cavablandıran həmsöhbətimiz Sovet dövründən xatırlatma edib: “Əlbəttə, var. Bütün dünyada belə normativlər var. Sovet dövründə böyüklər üçün 1500-2000 insana bir terapevt həkim düşürdü. 700-1000 aralığında uşağa isə bir pediatr düşürdü. İndiki nortmativləri bilmirəm. Sovet dövründə təyinat var idi və bu, mütləq idi”.

Xanım deputat deyib ki, bu istiqamətdə problemin olduğunu bilir, amma nə dərəcədə olduğunu dəqiqləşdirdikdən sonra Milli Məclisdə təklif verəcək.

Qeyd edək ki, 01.01.2016-ci il tarixinə olan məlumata əsasən, Abşeron rayonu üzrə qeydiyyatda olan əhalinin sayı 208,2 min nəfər, icra hakimiyyətinin araşdırmalarına görə isə, 350 min nəfərdən artıqdır. Yaxın tarix üçün rəqəmlər olmadığından icra hakimiyyətinin səhifəsində qeyd etdiyi bu rəqəmlərə söykənmək məcburiyyətində qalsaq da, bu qədər qapı döydükdən sonra cavab tapmağa çalışdığımız sual yenə də öz mövqeyini qorumaqdadır: Bu qədər əhalisi olan bir rayonda LOR həkimin olmamasına səbəb nədir? Bu, əhalinin tibbi sağlamlıq təminatını təhlükə altına atacaq qədər ciddi problemlərə yol aça bilər, yoxsa sadəcə xəstəxana və tabe olduğu qurumdan deyildiyi kimi problemsiz, anında həllini tapan bir reallıqdır?

Bunu da xatırlatmaq yerinə düşər ki, 2021-ci il fevral ayının 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlət başçısı və Birinci vitse-prezident xəstəxanada yaradılan şəraitlə tanış olub. Mətbuatda gedən məlumatda qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilmiş 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub, dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Bildirilib ki, xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək…

  •  (0)
  •  (1)