“ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır. ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ Prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib”.
Hokm.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb. Politoloqun fikrincə, ABŞ yeni NATO ilə bağlı Avstraliya və Yaponiyayla danışıqlar aparır:
“Hər iki dövlətin yeni NATO-da yer alacağı gələn xəbərlər arasındadır. Asiyadakı NATO-da Hindistan da yer ala bilər. Buna baxmayaraq, adı çəkilən dövlətlər yeni NATO ilə bağlı hələ ki, açıqlamalar vermirlər. Ancaq hədəf və məqsəd bəllidir. Asiyada qurulacaq NATO-nun əsas rəqibi Çindir. ABŞ, Hindistan, Avstraliya və Yaponiya Pekinin regional siyasətindən narahatdır. Necə ki, “Soyuq müharibə” illərində qurulan NATO öz üzvlərini SSRİ-dən qoruyurdu, yeni NATO-nun üzvləri də özlərini Çindən qoruyacaq”.
Politoloq hesab edir ki, Pekin yeni NATO-nun yaranmasını cavabsız qoymayacaq:
“Çin də özünə hərbi müttəfiqlər axtarmağa çalışacaq. Məsələ burasındadır ki, bir çox dövlət Çinlə iqtisadi əlaqələrə və ortaq regional layihələrə maraq göstərsə də, heç bir dövlət Pekinlə eyni hərbi blokda yer almaq istəməz. Rusiyanın özü belə, Çinlə sıx əməkdaşlığına rəğmən, Pekinin hərbi planlarına şərik olmaqda maraqlı deyil. Hazırkı vəziyyətdə çıxış yolu Çinin regional siyasətinin və ölkə daxilində milli azlıqlara münasibətinin dəyişməsidir. Ancaq Pekinin siyasətini dəyişəcəyini gözləmək əbəsdir. Belə olan halda yeni NATO-nun yaranması prosesi sürətlənəcək”.