Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan “Ümumavropa ordusu”nun yaradılmasını təklif edib. Makron bildirib ki, ABŞ-ın Nüvə Silahlarının Yayılmaması haqqındakı müqavilədən geri çəkilməsi Avropanın təhlükəsizliyini sual altında qoyur. Məhz bu səbəbdən E.Makron Avropa dövlətlərinin özünün ordusunun yaradılmasına ehtiyac olduğunu qeyd edib.
Fransa prezidentinin bu açıqlamasını bəzi siyasətçilər birmənalı qarşılamayıblar. Ekspertlər hesab edir ki, Avropa dövlətlərinin, yeni ordu yaratmaq təşəbbüsü NATO-nun dağılmasına və ittifaq kimi yox olmasına gətirib çıxaracaq.
E.Makronun təklifi reallaşarsa, bu NATO-nun dağılmasına gətirib çıxara bilərmi?
Sualımızı cavablandıran Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında keçmişə nəzər salaraq bunun əslində tarixi olan bir məsələ olduğunu bildirdi.
“NATO sadəcə yarandığı 1949-cu ildə Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçilin “Fulton nitqi”ndəki tezislərə əsaslanırdı”, deyən Ə.Əlibəyli bunu belə əsaslandırdı:

“Çünki 1945-ci ildə İkinci Dünya müharibəsi bitdi və cəmi iki il sonra “soyuq müharibə” başladı. SSRİ-nin rəhbərlik etdiyi sosialist ölkələrin nüfuz blokuna qarşı Atlantik əməkdaşlıq nəzəriyyəsi qalib gəldi. Qərbi Avropa və ABŞ-ın da, daxil olduğu NATO hərbi ittifaqı quruldu. Amma əslində bu belə olmamalı idi.
Hələ XIX əsrdə aramsız davam edən Fransa-Almaniya savaşlarının gedişində, Avropa maarifçiləri birlik ideyasını irəli sürmüşdülər. Amma bu alınmadı, çünki iki Avropanı dünyanın mərkəzində görmək istəyən alman və fransız düşüncəsi öz aralarında razılığa gələ bilmədilər. Onların bu barışmazlıqlarının səbəbindən biri də nə “ət”, nə də “balıq” olan İngiltərə idi”.
Ekspertin fikrincə, daha sonra reallıqlar dəyişdi və SSRİ dağılandan sonra NATO-nun əsas funksiyası istiqamətsiz qaldı:
“Amma Şimali-Atlantikanın əsas strateji müttəfiqi olan ABŞ, Avropanı əlində saxlamaq üçün NATO-nu rıçağa çevirmək üçün müəyyən, yeni təhlükələr haqda tesizlər yazdırdı və nəticədə təşkilatın funksional işi də dəyişdi, hətta 2009-cu ildən sonra 28 üzvə çatdı.
Amma bu, Avropanın siması olan iki dövləti qane etmir. Almaniya və Fransa təşkilatı hər zaman tərk etməyə hazırdı. Hətta, Şarl de Qollun zamanında bu məsləni artıq gündəmə də, gətirmişdilər. Fransa 1966-cı ildə qurumu tərk edib, 2009-cu ildə geri döndü. İndi məsələ nə yerdədir, bu fikirin hazırkı ilhamçısı Almaniyadır, ifaçısı isə Fransadır. İki dünya müharibəsinin səbəbkarı kimi Almaniya səsini çıxarda bilmir. Amma güclü iqtisadi dəstək verir, həmin ideyanı isə Fransa səsləndirir. Onlar Avropada belə bir hərbi qurum yaratmaq istəyirlərsə, öncə Rusiya və ABŞ-ın bəzi suallarına cavab verməli olacaqlar: Hansı ehtiyacdan bu təşkilat yaranır? Kimə qarşıdır? Hədəfləri nədir? Elə bilməyin ki, bu suallara cavab vermək mümkündür.
Cavabları tapıb, təşkilat qurmaq mümkün olacaq. Əsla, iki yüz ildən sonra da Avropada bu cür hərbi təşkilat qurmaq cəhdi iflasa uğrayacaq. Ona görə də dünyada ABŞ üçün yüksələn Çin, Rusiya, İslam təhdidi fonunda NATO-nun dağılması absurddur”.
















