Son günlər Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır. Son açıqlanan statistikaya görə, ölkədə COVID-19-a 8 minə yaxın yoluxma qeydə alınıb. Aktiv xəstə sayı isə təxminən 50 mini keçib. Ətrafımızdakı müşahidələr isə rəsmi statistikanın heç də bütün xəstələri əhatə etmədiyini deməyə əsas verir.
Test verməyən, evdə antigen (apteklərdən alınmış) testi edib qeydiyyata düşməyən, virusu əlamətsiz və yüngül keçirənləri də bura əlavə etsək, yoluxma sayı bilinən rəqəmi qat-qat üstələyər.
Digər tərəfdən isə, bu il yanvarın 24-dən etibarən Azərbaycanda COVID-19 virusuna yoluxanların karantin müddəti 14 gündən 7 günə endirilib. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə bəyanatında bu dəyişiklik koronavirusun yeni, “Omicron” ştamının spesifik xüsusiyyətləri ilə izah olunur. Qeyd olunur ki, mövcud beynəlxalq təcrübə və elmi araşdırmaların nəticələri nəzərə alınaraq ölkədə də karantin müddətinin azaldılması ilə bağlı qərar verilib.
Lakin görünən odur ki, məhz bu dəyişiklik də koronavirusa yoluxmanın sürətinə təsir edib. “Omicron” ştamının yoluxduruculuq qabiliyyətinin əvvəlki versiyalardan daha yüksək olduğunu ekspertlər də təsdiqləyirlər. Belə olan halda karantin müddətinin aşağı salınması sual doğurur.
Səhiyyə naziri Teymur Musayev özü də karantin müddətinin 7 günə endirilməsi ilə bağlı məsələyə reaksiya bildirib. Nazir elə ötən gün keçirdiyi mətbuat konfransında deyib ki, “Omicron” ştamına yoluxan şəxsin simptomları 2 günə üzə çıxır.
“5 gündən sonra isə o ətrafı yoluxdurmur. Ona görə bu müddət 7 günə endirilib. Burada hər şey məntiqlidir”,- deyə bildirilib.
Azərbaycanda koronavirusa yoluxan şəxslərin karantin müddəti test götürülən gündən hesablanır. Məsələn, vətəndaş fevralın 5-i test veribsə, onun testinin cavabı adətən 4 gün sonra (fevralın 9-u) çıxır. Belə olan halda karantin müddəti fevralın 5-dən hesablanır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Azərbaycanda koronavirusa yoluxanların əksəriyyətini “Omicron” ştamına yoluxanların təşkil etdiyini deyir. Mütəxəssisin sözlərinə görə, bu versiyada xəstəliyin təmasdan sonra üzə çıxması dövrü daha qısadır.
“Omicron” ştamında gizli dövr 1-3 gün təşkil edir. Yoluxuculuq yüksək olsa da, bu ştamda yoluxuculuq günlərinin sayı azdır. Xəstənin xəstəliyi ətrafa yayma müddəti əlamətlər meydana çıxandan sonra maksimum 3 gündür. “Omicron” ştamında boğaz ağrıları, burun tutulması, əzginlik və digər əlamətlər müşahidə olunur. İnsanlar digər ştamlardan fərqli olaraq qızdırma 37-38 dərəcədə olanda belə çox halsız olurlar. Bu, yeni versiyanın fərqləndirici əlamətidir, lakin ümumi götürdükdə əlamətlər eynidir”, – o bildirib.
Ehtimal etmək olar ki, virusun bu qədər kütləvi yayılmasını həm də sözügedən əlamətlərlə təcili yardım və poliklinikalara olunan müraciətlərin çox ləng cavablandırılması şərtləndirir. Aidiyyəti qurumların qaynar xətlərinə zəng etmək bizdə koronavirusun ən ağrılı tərəfidir. Saatlarla telefonda müxtəlif musiqilər dinləyən xəstə çox çətinliklə qeydiyyata yazıla bilir. Testin götürülməsi isə 4-5, hətta bir həftəyə qədər yubana bilər. Cavabı çıxana qədər isə əksər vətəndaşlar evin içində təcrid olunmur və artıq ailə üzvlərini də yoluxdurur.
İkinci böyük problem isə bunun ardınca gəlir – Testin cavabı ilə bağlı ləngimə. Vətəndaşlar təxminən bir o qədər müddət də -4-5 gün verdikləri analizin cavabının çıxmasını gözləyirlər. Bir çox hallarda testin pozitiv cavabı çıxanda xəstə artıq sağalmış olur. Lakin heç də həmişə bu, xoşbəxt sonluq olmur. Xəstəliyi çox ağır formada keçirənlərin isə cavabın gecikməsi səbəbindən müalicəsi günlərlə yubanmış olur.
PCR testin nəticəsinin gec gəlməsi ilə bağlı hər gün sosial şəbəkələrdə onlarla şikayət görmək olar. Vətəndaşlar bildirirlər ki, testin nəticəsi olmadan həkimlər koronavirusa görə müalicə təyin etmirlər. Bu isə onların səhhətinin daha da ağırlaşmasına gətirib çıxarır.
Bəzi hallarda test götürülən zaman vətəndaşa və ailə üzvlərinə cavab çıxana qədər olduğu yeri tərk etməməklə bağlı iltizamnamə verilir. Amma özəl sektorda çalışan insanların çoxu məcburiyyətdən işə gedir və nəticədə ətrafındakı onlarla insanı yoluxdura bilirlər. İltizamnamədən isə heç də bütün analiz verənlərin xəbəri yoxdur. Bəzən səhlənkarlıqdan və ya hansısa bilmədiyimiz səbəbdən bu kağız koronavirus şübhəsi olanların hamısına verilmir.
Səhiyyə Nazirliyi isə təcili yardımdakı yubanmanı hazırkı epidemioloji vəziyyətlə əlaqədar yaxmaların götürülməsi ilə bağlı müraciət sayının çoxluğu ilə əlaqələndirir. Nazirlikdən mətbuata verilən açıqlamalarda qeyd olunur ki, bu səbəbdən hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı poliklinkalar tərəfindən təşkil olunur. Hərarəti 38 dərəcədən yüksək, xroniki xəstəliyi olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə isə Təcili Tibbi Yardım briqadası yardım göstərir.
TƏBİB də öz növbəsində “Omicron” ştamının aşkar olunmasından sonra dövlət tibb müəssisələrinə müraciətlərin sayının çoxaldığını, laboratoriyaların iş yükünün artdığını açıqlayıb. Qurumdan bildirilib ki, buna görə analizlərin cavablarının göndərilməsində gecikmələr yaranır. (qafqazinfo)