28 yaşlı xanım iş adamının uğur hekayəsi – Gülpəri Bayramova kimdir?backend

28 yaşlı xanım iş adamının uğur hekayəsi – Gülpəri Bayramova kimdir?

Editor.az “Uğurlu gənc” rubrikasına start verir. Rubrikada ciddi uğurlara imza atmış və karyera zirvəzinə çatmış azərbaycanlı gənclər və onların keçdiyi həyat yolu diqqət mərkəzinə gətiriləcək.

Rubrikanın ilk qonağı “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramovadır.

Astroloqların iddiasına görə, Oxatan zodiak işarəsi altında dünyaya gələn qadınlar yüksək enerjisi ilə işıq saçan, praktiki zəkası ilə çevrə qurmağı bacaran, başladığı işləri sona çatdıran və öz məqsədinə nail olmağı bacaran insan tipinə aiddir. Bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirən Bayramovanın biznesə gəlişi heç də asan olmayıb.

Hər şey ondan başladı ki…

Qəhrəmanımız söyləyir ki, sürətlə müasirləşən dünyamızda artıq cins fərqi yoxdur və məhz elə bunun nəticəsidir ki, biznesdə zərif cinsin nümayəndələri də uğur qazanmağa başlayıb. SİTAT – İlk dəfə kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı fəaliyyətə başlamaq istəyimi dilə gətirəndə, məni topa-tüfəngə qarşıladılar. Ənənəvi arqument işə yarayırdı – Meyvə-tərəvəz ticarəti kişilərə məxsus fəaliyyət növüdür, sənin bu sahədə nə işin var! Lakin mən israrlıydım. Əslində elə uşaq yaşlarından gündəlik qida məhsullarının istehsalına, satışına xüsusi marağım vardı. Ailəlikcə Rusiyada yaşayan dövrdə qohumlarım da bu sahə ilə məşğul idilər. Onların çalışdığı bazara gedər, fəaliyyətləri ilə yaxından maraqlanırdım. Zamanla anladım ki, özümü bu sahədə tapa və məhz elə bu sahədə inkişaf etdirə bilərəm. Elə belə də oldu – SİTATın sonu.

28 yaşlı biznes-ledi Gürcüstanın Bolnisi rayonunda anadan olub. Bir müddət sonra ailəsi Bakıya köçür və Gülpəri burada həm orta, həm də ali təhsil alır. Sumqayıt Dövlət Universitetini bitirir. Həm tələbə vaxtı, həm də ondan sonra fəal olaraq ictimai işlərdə yaxından iştirak edir. Dediyinə görə, ilk dəfə bu bizneslə məşğul olmaq qərarını verəndə haradan və necə başlayacağını bilmirmiş. Təcrübəsi də yetərli deyilmiş. Yalnız özünə inamı və hədsiz dərəcədə bu işlə məşğul olmaq istəyi olub. Başa düşəndə ki, bu işi görmək üçün sərmayə lazımdır, 0-dan, “piramidanın dibindən” başlamaq qərarını verir. İlkin olaraq bazar araşdırması aparır. Paytaxt Bakının “Meyvəli”, “Yaşıl”, “Vasmoy” bazarlarını gəzir, “kəşfiyyat məlumatları” toplamağa başlayır, nəticədə yəqin hasil edir ki, mövcud bazar şərtləri paytaxtdakı iri marketlər şəbəkəsi ilə işbirliyini qaçılmaz edir.

Bundan sonrakı fəaliyyətini məhz bu istiqamətə yönəldir və paytaxtın aparıcı marketlər şəbəkəsi ilə əməkdaşlığa başlayır. İstehsalçı-satıcı, idxalçı-satıcı marşrutu üzrə vasitəsçilik missiyasını həyata keçirən biznes-ledi bir müddət sonra “Meyvəli”də öz anbarını yaradır. Satış zəncirini, idarəetmə sistemini formalaşdırır. İdxal fəaliyyətini fermerliklə bərabər şəkildə genişləndirən Gülpəri beləcə özünün şah əsərini – “Agromix”i peşəkar bir səviyyəyə qaldırır. Keyfiyyətli və orqanik məhsullara üstünlük, üstün keyfiyyət fonunda münasib qiymət siyasəti onu bazarın aparıcı oyunçularından birinə çevirir. Bu gün rəhbəri olduğu şirkətdə 10-dan artıq daimi, ondan dəfələrlə artıq sayda isə mövsümi işçilər çalışır. Məhsullar idxal və istehsal nöqtələrindən anbara, oradan da satış nöqtələrinə yönəldilir. İrandan, Türkiyədən, Hollandiyadan və digər dövlətlərdən Azərbaycana meyvə-tərəvəz məhsulları idxal edən biznes-ledinin Saatlı rayonu ərazisində meyvə-tərəvəz becərilməsi ilə məşğul olan istehsal xətti də mövcuddur.

Müasir dövrün trendi, yenilənən şəraitə transformasiya…

Gülpəri Bayramova biznesə qədəm qoyduğu ilk illərdən anlamağa başlayır ki, daim özü üzərində işləmədən, dəyişən bazar şərtlərini nəzərə almadan, müasir şəraitə inteqrasiya etmədən uğur qazanmaq mümkün deyil. Ölkəboyu həyata keçirilən islahatlar və bu islahatların nəticəsi olaraq biznes subyektləri ilə dövlət qurumları və ictimaiyyət arasında formalaşan yeni münasibətlər sistemi biznes-ledinin qarşısında geniş imkanlar açır. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə fəal əməkdaşlığa başlayan Gülpəri Bayramova bir çox ictimai biznes layihələrinin təşəbbüskarı olur. Sosial sahibkarlıq, xeyriyyəçilik kimi nəcib işlərdə yer alan gənc iş adamı bu günə qədər bir çox layihələrin ideya müəllifi olur. “Daha çox qazanmaq daha çox paylaşmaqdır” devizi ilə hərəkət edərək, qısa müddətdə biznes sferasının sevimli simasına çevrilir.

Onun indiyə qədər həyata keçirdiyi layihələrdən birinə, ən son tədbirə nəzər salmaq kifayətdir ki, uğurlu fəaliyyətini göz önünə gətirə biləsən. “Cığır mənəvi dəyərlərin inkişafına dəstək” İctimai Birliyinin himayəsində olan və tələbə adını qazanan gənclərin təltifetmə mərasimini təşkil etməsi, onları mükafatlandırması bunun bariz nümunəsidir. Onlarla gənci təltif edən biznes-ledinin “Davam” Ümumrespublika Gənclər Hərəkatının təşkil etdiyi “Biznesdə necə uğur qazanmaq olar” layihəsində öz təcrübəsini gənclərlə paylaşması da fəal vətəndaş mövqeyinin təcəssümüdür.

Məşhurlar onunla bağlı nə deyirlər…

Qeyd etdiyimiz kimi, Gülpəri Bayramovanın fəaliyyətinə ictimai maraq da böyükdür və ölkəmizin bir qrup ziyalısı onunla bağlı təəssüratlarını ölkə mətbuatına bölüşüblər.

Onlardan bəzilərini təqdim edirik:

Məşhur Məmmədov (Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat) – Gülpəri Bayramova çox gəncdir. Kənd təsərrüfatı sahəsində çalışır. Kifayət qədər də uğurları var. Baxmayaraq ki, fəaliyyət qrafiki gərgindir, ictimai əhəmiyyətli tədbirlərdən də geri qalmır. Aqrar ekspert olaraq bu sahənini inkişafı ilə bağlı təkliflərini səsləndirir. Nə yaxşı ki, Azərbaycanda belə peşəkar, məsuliyyətli, daim özü üzərində işləyən xanım sahibkarlarımız var. Biz onlarla fəxr edirik.

Səkinə Babayeva (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri) – Gülpəri Bayramova AQSİA-nın fəaliyyətində yaxından iştirak edir. Həm biznes-ledi, həm ictimai fəal, həm də xeyriyyəçi olaraq böyük rəğbət qazanıb. Biz onun rəhbəri olduğu “Agromix” şirkətində olduğumuz zaman bir daha əmin olduq ki, bu şirkət müasir dövrün çağırışlarına cavab verən tam peşəkar idarəetmə sistemi ilə əhatə olunub.

Vüqar Zeynalov (Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, tanınmış iş adamı) – “Agromix” şirkəti kənd təsərrüfatı məhsulları bazarının aparıcı iştirakçılarından biridir. Onu yaxından tanıyan və fəaliyyətinə bələd olan biri kimi deyə bilərəm ki, çox parlaq perspektivləri olan bir xanımdır. Gənclərin biznes fəaliyyətinə cəlbi baxımından da onun xidmətləri danılmazdır. Həm nümunəvi gənc biznes-ledi olaraq, həm də real dəstəyi ilə bu sahədə çox işlər görə bilib. Mən buradan ölkə gəncliyinə üzümü tutaraq, onları Gülpəri Bayramova kimi parlaq gənclərdən nümunə götürməyə səsləyirəm.

Səyyarə İbadullayeva (AMEA Botanika İnstitutunun baş direktoru, professor) – Gülpəri Bayramovanın fəaliyyətini sosial mediadan izləyirəm. Kifayət qədər fəal, daim öz üzərində işləyən, gənc olmasına baxmayaraq, ciddi uğurlara imza atmış biznes-ledidir. Müasir dövrdə Gülpəri Bayramova kimi sahibkarlara xüsusi ehtiyac var və onun fəaliyyətini dəstəkləyirik.

Onun uğur formulu nədir?

Gülpəri Bayramovanın sözlərinə görə, uğurun formulu davamlı çalışmaqdan və qətiyyətdən keçir:

SİTAT – Təbii ki, zaman sürətlə dəyişir və bütün bunların fonunda bazar da yenilənir. Artıq ənənəvi qayda və üsullarla bazara nüfuz edərək ayaqda qalmaq və hökm etmək mümkün deyil. Bunun üçün hər bir sahibkar öz üzərində işləməlidir. Müasir trendləri izləmək, yenilikləri əxs və tətbiq etmək həyati əhəmiyyət kəsb edir. Hər bir şirkətin və ya sahibkarın marketinq yanaşması olmalıdır. Əldə etdiyi nəticələr barədə ictimaiyyətə müfəssəl məlumatlar təqdim etməlidir. Bununla həm öz üstünlüklərini qabartmağa, həm də istehlakçılar arasında məlumatlığı təmin etməyə xidmət edir. Belə olarsa, müştəri də şirkətə etibar edəcək – SİTATın sonu.

  •  (3)
  •  (1)