Oktyabrın 27-də Azərbaycan tarixində ilk dəfə olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanları təşkil ediləcək. İmtahanda müvəfəqiyyət qazanan iştirakçılar Qiymətləndiricilər Palatasına üzv olacaq və bununla da rəsmi olaraq qiymətləndirici kimi fəaliyyətə başlayacaqlar. İlk imtahanda müvəfəqiyyət qazanan ən azı 15 iştirakçı isə Qiymətləndiricilər Palatasının rəhbərliyini formalaşdıracaq.
Mövzunun aktuallığını nəzərə alaraq, ilk ixtisas imtahanları və Qiymətləndiricilər Palatasından gözləntilərlə bağlı ölkəmizin tanınmış qiymətləndiricilərindən olan “FM Consulting” şirkətinin təsisçisi və direktoru Nahid Həsənovla söhbətləşdik.
– 20 gündən sonra ölkə qiymətləndiriciləri ixtisas imtahanlarında iştirak edəcəklər. Bununla da Azərbaycan qiymətləndiriciləri tarixində bir ilk yaşanacaq. Gözləntiləriniz nədən ibarətdir?
– Ötən müsahibələrim zamanı söylədiyim fikrin üzərinə qayıdaraq bir daha qeyd etmək istərdim ki, qiymətləndiricilərin özünütənzimləmə mexanizminin formalaşması labüddür. Məlumdur ki, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur. Bu da öz növbəsində sektorda qeyri-şəffaflığın hökm sürməsinə və qeyri-peşəkar qiymətləndirmə rəylərinin ortaya çıxmasına səbəb olur. Bəziləri isə sözün əsl mənasında bazarlıq edirlər. Qiymətləndirmə standartlarının tətbiqinə nəzarət olmadığına görə, kimlərsə bu sahədən öz şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Bu səbəbdən də inzibati təsir mexanizmlərinin formalaşması zəruridir.
Oktyabr ayının 27-də keçiriləcək imtahanlara gəldikdə isə, bu, ixtisas imtahanlarının ilkidir. Ardıcıl olaraq 6 ay qiymətləndiricilər 9 istiqamət üzrə imtahanlarda iştirak edəcəklər. Yəni, bu prosesin başlanğıcıdır. İmtahanlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir və ixtisas imtahanları zamanı maksimum 60 baldan 30 bal toplayan iştirakçılar qiymətləndirici şəhadətnaməsini əldə edirlər. Digər qiymətləndirmə subyektləri kimi, rəhbəri olduğum “FM Consulting” şirkətinin kollektivi də imtahanlara ciddi şəkildə hazırlaşır. Bu məqamda haşiyəyə çıxaraq bildirim ki, “FM Consulting” 2012-ci ildən fəaliyyət göstərir və təvazökarlıqdan uzaq olsa da, ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən biridir. Regionlarda çoxsaylı filialları mövcuddur və əksər maliyyə təsisatları, dövlət qurumları və bankları ilə əməkdaşlıq edir.
– İlk imtahanda ən azı 15 iştirakçı müvəfəqiyyət qazanarsa, onlar Qiymətləndiricilər Palatasının rəhbərliyini formalaşdıracaqlar. Sizcə, Palata qiymətləndirmə sektorunda yeni mərhələyə keçidi təmin edə biləcəkmi?
– Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür. Əminik ki, bu Palatanın təsis olunması ilə qiymətləndirmə sektoru keyfiyyətcə yeni mərhələyə keçid edəcək. Qiymətləndirmə sektorunda mövcud olan problemlər və neqativ hallar aradan qalxacaq. Qiymətləndirmə standartlarının tətbiqi, milli qiymətləndirmə standartlarının formalaşması baxımından da mühüm dəyişikliklər gözləyirik. Eyni zamanda bu proses ümumilikdə sağlam rəqabət meyllərinin artmasına gətirib çıxaracaq. Nəzarət mexanizmi olduğuna görə, qiymətləndirmə subyekti adı altında bəzi işbazların sektorda fəaliyyətinin qarşısı alınacaq. Bundan da ilk növbədə qiymətləndiricilər və qiymətləndirmə sektoru qazanacaq. Ölkə qiymətləndiriciləri, qiymətləndirmə subyektlərinin rəhbərləri olaraq biz də bu prosesə öz töhfəmizi verməliyik. Əlbəttə ki, qiymətləndirmə sektorunun yeni dövrə transformasiyası üçün zaman lazımdır və inanırıq ki, bizlərin də bilavasitə iştirakı ilə Qiymətləndiricilər Palatası bu prosesi uğurla həyata keçirəcək.
– Qiymətləndiricilər Palatası qiymətləndirmə sektorunda tənzimləmə siyasətini həyata keçirəcək. Bununla yanaşı, qiymətləndiricilərin könüllü birlikləri də fəaliyyət göstərəcək. Onlar gələcək fəaliyyətlərini hansı aspektdə davam etdirəcəklər?
– Bayaqkı suala cavabımda da qeyd etdiyim kimi, qiymətləndirmə subyektlərinin rəhbərləri, ölkə qiymətləndiriciləri olaraq hər birimiz bu prosesə öz töhfəmizi verməliyik. Biznes kommunikasiya fəaliyyətini həyata keçirən mərkəzlərdən birinin dəstəyilə Azərbaycan Qiymətləndiricilərinin İşçi Qrupunu təsis etmək niyyətindəyik. Bu qrup vasitəsilə Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətinə dəstək olmaq, qiymətləndiricilər arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafına töhfə vermək, təlim-tədris prosesinin təşkilində və beynəlxalq əlaqələrin formalaşmasında Palatanın gələcək fəaliyyətinə töhfə vermək niyyətindəyik.
– Görünən odur ki, yaxın aylarda qiymətləndirmə sektoru yenidən dizayn olunacaq. Azərbaycan qiymətləndirmə sektoru bu dəyişikliklərə hazırdırmı?
– Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə miqyasında kompleks, ardıcıl və instusional islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində bütün hakimiyyət qolları yenilənib, idarəetməyə yeni nəfəs gəlib. Elə bir sahə yoxdur ki, islahatlar prosesindən kənarda qalsın. Şübhəsiz ki, qiymətləndirmə sektorunda da islahatların aparılması müasir dövrün tələbidir. Bu mənada “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu, qanuna müvafiq olaraq Qiymətləndiricilər Palatasının yaradılması mütərəqqi addımlardır. Heç şübhəsiz ki, bununla da qiymətləndirmə sektorunda yeni mərhələnin əsası qoyulacaq. Oktyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanları təşkil olunacaq. Təklif edərdim ki, hər il oktyabr ayının 27-i Azərbaycanda Qiymətləndiricilər Günü kimi qeyd olunsun!