17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadınbackend

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın

Hokm.az Kulis.az -a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə “Bakinskiy raboçiy” qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayır.

***

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.

***

Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayananlardan biri olub. Bu kadr hətta “Üzeyir ömrü” filmində də yer alıb.

Deyilənə görə Nərgiz o qədər gözəl imiş ki, o, küçəyə çıxan zaman avtomobil qəzaları baş verirmiş.

***

Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti, diqqəti ilə əhatə olunsa da, çox keçmir xəstəliyindən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o, yenidən ailə həyatı qurur.

***

Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.

O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqət cəlb edir. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir.

***

Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.

***

Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur.

Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın “Doktor Jivaqo”, Anna Axmatovanın “Rekviyem”, Aleksandr Soljenitsının “İlk dairədə”, Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar.

***

Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.

***

KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir.

Nərgiz Qerşveldə təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.

***

Nərgiz Qerşveldlə ailə qurduqdan sonra yenidən Moskvaya köçür. Qerşveld Moskvada tipoqrafiya açır. Nərgiz həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Aqaranov ona yanına qayıtması üçün yalvarsa da, Nərgiz bundan imtina edir.

***

Nərgiz Xəlilova fəal işgüzar həyat yaşayıb. O, həm də dünyəvi bir qadın olaraq Azərbaycan Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyurdu. Tez-tez baş rolları Lyüdmila Duxovnaya və Murad Yegizarovun oynadığı Rus Dram Teatrını ziyarət edir, təkcə Bakıda deyil, Moskvada müxtəlif sərgilərə və tədbirlərə qatılır.

***

1998-ci ildə Nərgizin atası Üzeyir Hacıbəylinin ev-muzeyi direktoru vəfat edir. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürür. O, muzeyin yenidən qurulmasını planlaşdırır.

Nərgiz Xəlilova 150-yə yaxın Azərbaycanın mədəniyyət xadimlərinə aid məqalələrin və Ümumittifaq Teatr və Musiqi Ensiklopediyasının müəlliflərindən biri idi.

***

1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.

***

Heç vaxt övlad sahibi olmayan Nərgiz Xəlilova vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. Hava limanında çoxlu sayda tanış və tanış olmayan adamlar toplaşır. O, Bakıda yerləşən rus qəbiristanlığında dəfn olunur.

Deyilənə görə, Nərgiz 17 yaşı olanda Bakının sabiq meri olmuş Ə. Ləmbəranskinin məşuqəsi olub. 1961-cı ildə Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında “Nərgiz” kafesini ucaldıb, həm də Parisdə restoran və Nyu-Yorkda iki mağaza adlandırılıb.

***

Şair Rəsul Həmzətov Nərgiz Xəlilovaya şeir həsr edib, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazıb. 2008-ci ildə nəşr olunan Eduard Bağırovun “Sevgililər” romanında, 2019-cu ildə Regina Krasivskayanın “Bakı şəhərinin əfsanəsi — Nərgiz” kitabında Nərgiz Xəlilovanın həyatına toxunulur.

***

Onun həyatından bəzi faktlar Moskva teatrının “Yarasa” tamaşasının əsasını təşkil edib.

  •  (0)
  •  (0)