12 illik təhsil bizə nə verəcək? – Yüksək səviyyəli tədris, yoxsa əlavə vaxt itkisi…backend

12 illik təhsil bizə nə verəcək? – Yüksək səviyyəli tədris, yoxsa əlavə vaxt itkisi…

Azərbaycan 12 illik orta ümumtəhsil sisteminə keçəcək. Bunu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev bildirib.

“İnkişaf etmiş  əksər dövlətlərdə tədris 12 ildir və bu məktəblilərin əlavə yükdən azad olunmasına gətirib çıxaracaq”, – deyə nazir bildirib.

Hazırda Azərbaycanda 11 illik orta ümumtəhsil sistemi tətbiq edilir.

Hələ 8 il öncə sabiq təhsil naziri Mikayıl Cabbarov bu məsələni qaldıraraq Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsil müddətinin 14 il olduğunu söyləyib və bu keçidin zərurətindən bəhs edib. Ondan sonra Təhsil naziri postunu tutan Ceyhun Bayramov da oxşar açıqlamalarla çıxış edib.

Lakin bir qism ekspert düşünür ki, 12 illik tədris ölkədə effektli olmayacaq və bu yalnız əlavə vaxt itkisinə, o cümlədən dərs yükünə çevriləcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Hokm.az-a açıqlamasında bildirib ki, 12 illik tədrisə keçməyin tərəfdarıdır. Deputatın sözlərinə görə, bu addım mütləq atılmalı və ən qısa zamanda həyata keçirilməlidir.
“Əgər bir sistemli təhsilə nail olmaq istəyiriksə, buna getməliyik. Yalnız bu sistemlə dərs saatlarının artırılmasına nail ola bilərik. Beynəlxalq təcrübədə bundan istifadə edilir və kifayət qədər uğurlu nəticələr var. Nəzərə almaq lazımdır ki, xaricdə təhsil almağa gedən tələbələrimiz də məhz 11 illik tədris sistemi üzündən müəyyən çətinliklərlə üzləşirlər”.
Deputat qeyd edir ki, 12 illik təhsilə keçid şagirdlərin tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün yüngülləşməsinə xidmət edəcək.

“Bu gün dünya ölkələrində 12, 13, hətta 14 illik tədris sistemi mövcuddur. Sovetlər dövründə 10 illik tədris sistemindən istifadəyə üstünlük verilirdi. Sonradan 11 illik tədris sisteminə keçid etdik. Bu gün isə şərtlər fərqlidir və mövcud vəziyyətdə ən doğru qərar 12 illik sisteminə keçiddir”.

 

Təhsil eksperti, professor Şahlar Əsgərov isə fərqli düşünür. O qeyd edir ki, bu addımın atılması şagirdlər üçün əlavə yükdür.

“Bunun üçün mərhələli həll planı olmalıdır. Azərbaycan təhsilində həllini gözləyən problemlər mövcuddur. Əvvəlcə onları həll etmək lazımdır. Bundan sonra digər addımlar haqqında düşünmək olar. İdeya kimi normaldır. Lakin  hələ tezdir”.

Ekspertin fikrincə, şagirdlərin müxtəlif təmayüllər üzrə hazırlanması işinə xüsusi diqqət ayrılmalıdır.

 “Şagirdlərin müxtəlif təmayüllər üzrə hazırlanmasına diqqət yetirilməlidir.  Orta məktəbi bitirəndə isə abituriyentlərin ali məktəblərə qəbulu test üsulu ilə yox, sərbəst qaydada aparılmalıdır. Universitetlər giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıdır. Hər kəsə şərait yaratmaq lazımdır ki, müəyyən sahələr üzrə ixtisaslaşsın. Kim ali məktəblərdə tədris proqramını əsx edə bilmirsə, onlar universitetləri bitirmirlər. Bu qayda müasir dünyada istifadə olunur və çox yaxşı nəticələri var”.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (3)
  •  (2)