Növbəti Xəzər sammitibackend

Növbəti Xəzər sammiti

Cari ilin iyun ayının 29–da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Həmin toplantıda çıxış edən ölkə başçısı bir sıra məsələlər haqqında fikirlərini bildirmişdir.

Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya xüsusi tarixi əhəmiyyət kəsb edir. Çoxillik danışıqlar nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən etmiş, həmin Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaqdır.

Qəbul eilmiş Konvensiyayanın müddəaları Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasını təşkil edir. Təhlükəsizlik, nəqliyyat, hidrometeorologiya, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanmış və artıq hüquqi qüvvəyə malikdir. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edilməsi üçün Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanmışdır. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin qarantıdır.
Xəzər dənizi bölgədə olan dövlətlərdə yaşayan xalqların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi sttusundadır. Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetlərdir.

Qeyd etmək lazımdır ki, nəqliyyat infrastrukturunun formalaşması və inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması olkələrarası əməkdaşlığın mühüm istiqamətləridir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır və bu istiqamətdə işlər davam etdirilməlidir.

Ölkəmizin geostrateji və coqrafi mövqeyi onu Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmişdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadə edilməsinə çalışır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artdığı müşahidə olunur.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

  •  (1)
  •  (0)