Bu gün Milli Kino günüdür və mənim kinomuzun uğurları ilə bağlı yaza biləcəyim çox az şey var.
Vaxtaşırı kinosənayesinin qurulmaması ilə bağlı problemlərdən yazıram, kinoya məsul məmurların işini tənqid edirəm. Və səmimi deyim ki, bu problemlərdən yazmaq zəhləmi tökür. Çünki istehsalat, təşkilati, maliyyə problemlərindən yox, filmdən yazmaq istəyirəm. Amma yazmağa nəsə yoxdur. Çünki üç ilə yaxındır ki, tammetrajlı bədii filmin təqdimatı yoxdur. Heç qısametrajlı filmin də. Halbuki, keçmiş rəhbərliyin dövründə hər il pis-yaxşı filmlər istehsal olunurdu. Əgər ortada iş – film yoxdursa, deməli, əvəzində yarıtmaz fəaliyyət var və sən bundan yazmalı olursan.
Məsələnin dramatizmi ondadır ki, məsul şəxslər durumla bağlı açıqlama vermirlər.
Hərçənd, dünən “Azərbaycanfilm” kinostudiyasının yeni direktoru Nazim Hüseynov mətbuat konfransında, haqqında dəfələrlə yazdığım məsələ – layihələrin büdcələri ilə bağlı açıqlamalar verib. Yaddaşım məni aldatmırsa, mediada, üstəlik, mətbuat konfransında belə açıqlama ilkdir. N.Hüseynov yeganə kino məmurudur ki, media ilə ünsiyyət yaradır, suallardan qaçmır, rəhbərlik etdiyi qurumda dəyişikliklərə can atır. Hər halda görünən budur. Gələcəkdə fəaliyyətinin necə olacağını isə elə gələcək göstərəcək.
Yeri gəlmişkən, öncədən aldığım məlumata görə, sözügedən mətbuat konfransında nazir müavini Elnur Əliyev, kino şöbəsindən Rüfət Həsənov və Rüfət Əliyev də qatılmalıydı. Amma onlar bir neçə başqa proqramı da əhatə eləyən tədbirin bu qisminə qalmayıblar.
Açıqlanan büdcələrə qayıdaq. “Görünməyən qəhrəmanlar 2” sənədli filmlər silsiləsinə 246, 510 manat, “Görünməyən qəhrəmanlar 3” sənədli filmlər silsiləsinə 114, 400 manat, “ANAMA” sənədli filmi üçün 141, 100 manat, “Mehmandarovlar” bədii-sənədli filmi üçün 93, 250 manat xərcləndiyi deyilib. Filmlərin heç birini izləmədiyimdən xərclənən büdcələrlə əlaqəli nəsə demək çətindir. Ancaq filmə baxanda nə qədər maliyyənin sərf olunduğunu təxmin edirsən. Açıqlanan büdcələrə həmin filmləri izləyəndə yenidən qayıdacağam.
Amma Interact Film Lab layihəsi üçün 385, 270 manat həddən artıq böyük məbləğdir. Kino şöbəsi bu büdcənin necə xərcləndiyinə və layihənin nə kimi əhəmiyyətli nəticələr əldə etməsinə dair hesabat verməlidir.
Interact Film Lab layihəsinə bu il Rusiyadan mütəxəssislər cəlb olunub və onlar ssenari, rejissorluq, rəssamlıq və s. sahələr üzrə dərslər keçirlər. Onlardan ikisi rejissorlar Natalya Merkulova və Aleksey Çupovun 2013-cü ildə çəkdiyi “İntim yerlər” erotik dramında Rüfət Həsənov montajçı olub. Elə bu layihə ilə bağlı baş vermiş qəribə bir hadisəni bölüşmək istəyirəm. Xahişləri nəzərə alaraq, məlumatı verən şəxslərin adlarını açıqlamıram.
2021-ci ilin əvvəlində kino şöbəsinin təşəbbüsü ilə bir qrup gənc rejissor (7 nəfər) “Azərbaycanfilm” kinostudiyasına dəvət olunub və onlara Qarabağ mövzusu üzrə almanaxda iştirak təklif edilib. Ssenarilər üzərində uzunmüddətli iş gedib, büdcə isə 350-400 min civarında nəzərdə tutulub. Filmlər istehsalata buraxılan ərəfədə Interact Film Lab layihəsi otaya çıxıb və Ukrayna ilə müharibədən dolayı Rusiyada işsiz qalan kinematoqrafçılar layihəyə dərs demək üçün dəvət alıblar. Nəticədə, belə qərara gəlinib ki, almanaxa ayrılan vəsait Interact Film Lab layihəsinə köçürülsün, almanax müəllifləri layihələrini onlarla davam etdirsinlər. Və görüntü yaradılsın ki, guya rus kinematoqrafçılarının dərslərindən bəhrələnən gənc rejissorlar almanaxı çəkə bilib. Buna etiraz olaraq almanaxın prodüseri layihədən çıxıb. Həmçinin, rejissorlar da. İştirakçılardan biri deyir: “Bizi ora (yəni Interact Film Lab layihəsinə) çağırmaqları absurd idi. Çünki hamımızda hazır proyekt vardı və bəzi şeylər istisna olmaqla ehtiyac yoxdur ora getməyə. Ona görə mən iştirak eləmirəm. Koordinasiya bərbaddır, təşkilatçıların bir-birindən xəbəri yoxdur ki, kim nə iş görür”.
Beləcə, almanaxın taleyi naməlum qalıb. Ona görə kino şöbəsi məsələyə aydınlıq gətirməlidir. Həmçinin, büdcənin necə xərclənməsinin detallarına da.
Nəhayət, dünənki tədbirdə N. Hüseynov qalmaqallı “Qarın qulu” animasiya filminin büdcəsini də açıqlayıb: 485, 568 manat. Yazdığımız kimi 500 min, qalan qisim də vergiyə çıxıb, yəqin.
“Balta” animasiyasının layihə rəhbəri və prodüseri Nicat Manafovun sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti layihə ilə bağlı nazirliyə qanunu pozması, tender elan olunması ilə bağlı məktub yollayıb. N.Hüseynov isə layihəni reallaşdıran “Salnaməfilm”ə məktub daxil olmadığını deyir. Belə…
Kinonun düz-əməlli olmadığı ölkəmizdə kino bayramınız mübarək!
Səidə
Kulis.az