Discount marketlər Supermarketlərə qarşı?backend

Discount marketlər Supermarketlərə qarşı?

Əvvəlcə gəlin baxaq Discount market nədir, tarixi haradan gəlir və hansı bazarlarda daha uğurludur.

Discount marketlər – endirimli və ya ucuz marketlər deyə bilərik. Discount marketlərin xüsusi özəllikləri var ki, bunları sayıb zamanınızı çox almayacam. Ancaq bu xüsusiyyətlər olmasa, bu işləmə prinsipi olmasa discount market demək olar işləyə bilməz.

Discount marketlər 2 sinifə bölünür.

Hard discountlar – kəskin ucuz qiymətlərlə məhsullar satırlar. Məhsul portfeli çox az çeşidlidir. Private Label çeşidləri əsas ana hədəfdir.

Soft Discountlar – yumşaq ucuz qiymət siyasəti tətbiq edirlər. Məhsul portfelləri 1-ciyə görə daha genişdir. Private Label çeşidlərlər fifty-fifty işləyirlər.
Discount marketlərin təməli Almaniyada Aldi tərəfindən qoyulmuşdur, 1946-cı ildə. Deyəcəksiniz 2-ci dünya müharibəsindən həmən sonra. Bəli, discount marketlərin tərəqqi dövrüdür insanların daha çox qənaətə ehtiyac duyduğu zaman. Aldi bunu etdi və hazırda discountun yaradıcısı kimi sektorunda liderdir.
Ölkəmizdə də discount marketlər hər gün artmaqdadır. Hərdən bazara yeni oyunçular daxil olur, hətta digər ölkələrin markaları girmək istəyir. Ancaq Azərbaycan bazarında, necə deyərlər, baş çıxarmaq asan deyil. Ağılları gedir hər şeyin yağ kimi getdiyi Avropaya, öz ölkələrinə.

Bəs bugün mövcud olan yerli discounterlər supermarketlərə qarşıdırlarmı, yoxsa daha çox məhəllə marketləri hədəf alıblar?

Dostlar bu yaxınlarda belə bir yazı görmüşdüm, içəriyin oxumadım ancaq başlığı bu fikri yaradırdı. Guya discount marketlər məhəllə marketləri sıradan çıxarmaq üçün yaradılıb. Absurd yanaşmadır. Bu biznesdir, biznesmen bazardakı boşluğu görüb və biznesi qurub. Digər rəqiblər artıq həmin bizneslə rəqabətə dayana biləcək, yoxsa sıradan çıxacaq, bu tam normal bir prosesdir.

Bizim ana sualımız – discountlar supermarketlərə qarşıdırmı – budur. Aşağıda hər bir bənddə bu sualın cavabın tapmağa çalışaq.

Niyə Discount marketlərin məhəllə marketlərə qarşı olduğu düşünülür? – Çox sadədir, çünki məhəllə marketin rəqabətə dayanıqlılığı çox zəifdir. Səbəbləri isə:

  1. Çünki qeyri peşəkar idarə etməsi var.
  2. Məhsul portfeli düzgün müəyyən olunmayıb. Kim daha çox endirim verərsə həmin məhsulu alacaq.
  3. Marketin interyeri, exteryeri heçdə ürək açan deyil.
  4. Ən əsası qiymət strategiyası yoxdur, məhsulları şəbəkə marketlərə görə 20%-dən çox baha satırlar.

Bu səbəblərə görə, güclü rəqib ortaya çıxan kimi, məhəllə market bazardan çıxmalı olur. Görüntü odur ki, discounterlər məhəllə marketləri sıradan çıxarır.

Əslində isə discount marketlər bazardakı bütün oyunçularla rəqabət aparır.

Discount niyə supermarketlərə qarşıdır?

Bir şeyi gözdən qaşırmaq olmaz, bəli supermarket həddindən artıq böyük, komfortlu ola bilər. Buna görə discountla rəqib deyil. Ancaq discountun gözü ilə baxsanız məsələyə, supermarketdə bir rəqibdir. Çünki:

  • Supermarket discountun satdığı məhsulları daha geniş çeşidliliklə təklif edir müştərilərə. Çünki discountlar maksimum 1200 çeşid təklif edəcək sizə.

Niyə discount marketlərdən alış-veriş etməliyik?

Burda əsasən rol oynayan psixoloji faktorlar da var. Keçək səbəblərə.

  1. Discount marketlər hər yerdədi, tam evinizin yanındadır. Hətta o qədər yaxındır ki, bir zamanlar yayılan viralda deyildiyi kimi. Kamran qapını tut (millimizin qapıçısı), qapı boşdur. Nə? Boşdur?
  2. Market içərisində alış-veriş çox rahatdır. Sadə düzülmüş rəflər və kiçik ölçülü zal. İçəridə də hərəkət etdiyiniz zaman çox zaman itirmədən ehtiyacınız olan hər şeyi ala bilirsiniz. Yenə zamanınıza qənaət edirsiniz.
  3. Ən əsası: Əgər orta böyüklükdə supermarketə getmisinizsə, nəzərinizdə olsun, orada 15000-17000 arası çeşid var rəflərdə (hipermarketlərdə bu rəqəm 25000-40000 arası ola bilər). İnsanın 1 dəqiqədə nəzərdən keçirəcəyi məhsul sayı 300-dür. Nə qədər zaman gedəcəyin özünüz hesablayın zəhmət olmasa. Və alışlarımızın 60%-i impulsivdir (100 AZN-dən 60 AZN-i), yəni biz 60% aldığımız məhsulun markasına, bəzən isə hətta alıb-almayacağımıza satış nöqtəsində qərar veririk. Marketin qarşısına gəldiniz, başlayır trade marketing sizə satmağa. Endirim səbətləri, stendlər, promoterlər, gözəl düzülmüş teşhirlər, hədiyyələr və bir çox digər səbəblər.

Discountda isə biraz fərqlidir mənzərə, bir çeşiddən maksimum 2-3 marka təklif edir bizə və eyni zamanda impulsiv qərar vermənə təsir edən səbəblər minimumdur. Sadə, ancaq sadə olduğu qədər məsuliyyətli bir sahə.

Alıcılarda yaranan şübhə.

  • Discountda satılan məhsul tanınmır, ona görə də alıcılar risk edib almaqdan çəkinirlər. Bunun psixoloji tərəfləri var. Məsələn: biz əvvəl südü, qatığı tanımadığımız adamdan almazdıq, həmişə eyni adam gətirib bizə süd satardı, güvənirdik həmin adama (o adam idi bizim sevimli markamız). Discountda isə güvən dicountun adıdır.

Dicountun ana qaydasıdır şəxsi marka satmaq. Ona görə qiyməti ucuzdur. Məhsulun brendləşməsi üçün reklam xərci yoxdur üzərində. Marka dəyəri yoxdur. Ancaq məhsulun özü var və discounta aid bir adı var. Dediyimiz kimi sadə və sadə olduğu qədər məsuliyyətli.

Bu o demək deyil ki, supermarketlər sıradan çıxacaq. Xeyr, rəqabət güclənəcək, daha sərfəli təkliflər verəcəklər müştərilərinə.

Discount marketlərin çatdırmaq istədiyi mesaj tam olaraq budur. QƏNAƏT ET GÖZƏL YAŞA!

Son olaraq onu qeyd edim ki, discount marketlərin inkişaf etdiyi ölkələr, elə inkişaf etmiş ölkələrdir.

Ümid edirəm ki, sizi yormadım.

Hörmətlə,

Kamal Mirzəyev
Ticari marketinq şöbə müdiri
  •  (1)
  •  (0)