Mətanət Ağamirli: “Qərar qəbul etmək çətin olsa da, nəticələr müsbətdir”
Ramil Osmanlı: “Yerə cəmi bir metr qalmış kəndiri kəsəydi, sağ qalacaqdı”
Pərviz Əzimov: “Mediada vəziyyət eləydi ki, getməkdən başqa yol qalmırdı”
Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncamla 25 aprel Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur.
Qeyd edək ki, son illər ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı yönündə həyata keçirilən islahatlar, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, sənaye və texnologiya parklarının, eləcə də sənaye məhəllələrinin yaradılması, yerli istehsalın subsidiyalar hesabına dəstəklənməsi, ixracın və investisiyanın təşviqi və dəstəklənməsinə yönəlik addımlar, sosial sahibklarlığın inkişafı istiqamətində görülən işlər və s. bu qəbildəndir.
Sosium.az Sahibkarlar Günü ərəfəsində vaxtilə qələmini silaha çevirən, bu gün isə biznes yönümlü qurumlarda fəaliyyət göstərən həmkarlarımızı danışdırıb. Onlar “Mətbuatdan biznesə aparan yol nədən başladı” sualını cavablandırıblar.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) icraçı katibi Mətanət Ağamirli bu gün də jurnalist kimi fəaliyyət göstərdiyini deyir: “1995-ci ildə çap mətbuatında başlayan jurnalist fəaliyyətimi sonradan audiovizual mediaya transfer etdim. Əsas fəaliyyətim televiziya ilə bağlı oldu və təxminən 20 il bu sahədə çalışdım. “Lider” televiziyasının Türkiyə üzrə təmsilçisi, “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı oldum. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü idim. Bu mənim həyatımda ən yaddaqalan məqamlardan biridir. Heydər Əliyev kimi nəhəng və fenomenal bir siyasi xadimi tanımaq belə həyata baxışımı kökündən dəyişdi. Eyni zamanda YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktoru idim. Bu gün də mətbuatdayam. Müstəqil jurnalist və xəbər portalı ilə mətbu fəaliyyətim davam edir. Gələcəkdə başqa media layihələrimizin də olacağı istisna deyil”.
Ağamirli qeyd edir ki, iş dünyasına transferi AQSİA-ya gəlişi ilə eyni dövrə təsadüf edir: “İstər televiziyada çalışdığım, istərsə də qadın jurnalının redaktoru olduğum dövrlərdə fəal və işgüzar xanımlarla münasibətlərimiz formalaşmışdı. Müəllifi olduğum “Gender” verilişində əsasən qadınların problemləri işıqlandırılırdı. 2020-ci ildən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın İdarə Heyətinin üzvü olaraq İctimai Əlaqələr Komissiyasına rəhbərlik edirdim. Tale elə gətirdi ki, AQSİA-nın icraçı katibi təyin olundum və bundan sonra əsas diqqətimi məhz bu sahəyə yönəltdim. Bu xüsusda biznes sahəsinə müəyyən qədər marağım da formalaşdı. Özümü biznesin xidmət sektorunda sınamaq istədim. Bu qərarı qəbul etmək bir az çətin oldu, amma nəticə müsbətdir. Hazırda marketinq və piar xidmətləri göstərən bir şirkətlə müvafiq sektorda fəaliyyətdəyik. Təklif aldığımız, əməkdaşlıq etdiyimiz şirkətlərin məmnunluğuna çalışırıq. Tədbir təşkilatçılığı, bazar araşdırılması, lobbiçilik, çıxış tərtibatı, verilişlərin və animasiyaların çəkilməsi, ınfluencer marketing, bir sözlə A-dan Z-yə bütün növ piar və marketinq xidmətləri göstəririk”.
Onun sözlərinə görə, Azərbaycanda əlverişli sahibkarlıq mühiti mövcuddur: “Bəzən belə iddialara rast gəlirik ki, ölkədə biznes mühiti yoxdur və iş adamları müxtəlif təzyiqlərə məruz qalırlar. Öz təcrübəmdən deyə bilərəm ki, bu qətiyyən belə deyil. Sahibkar rəsmiyyətə üstünlük verirsə, şəffaf və hesabatlı fəaliyyət göstərirsə, qanunlara riayət edirsə, ona gözün üstə qaşın var deyən yoxdur. İşimizlə əlaqədar mütəmadi iş adamları ilə təmaslarda oluruq və onlar da bizimlə oxşar mövqe ifadə edirlər. Yetər ki, məsuliyyət hissini unutmayasan” – Mətanət Ağamirli vurğulayıb.
“Əmlak Ekspert Mərkəzi” qiymətləndirmə şirkətinin təsisçisi Ramil Osmanlı biznesə gəlişini belə xatırlayır: “Mənim mətbuatdan getdiyim dövr ölkə mediasının qismən ağır dövrü hesab oluna bilər. Çünki KİV-lər inkişaf mərhələsindəydi, çoxsaylı problemlər mövcud idi. Eyni zamanda jurnalistlər üçün indiki kimi seçim imkanları yox idi. Belə bir şəraitdə təbii ki, alternativ axtarışları davam edirdi. Çünki buna məcbur idik. Həm də iş dünyasında özümü sınamaq çoxdankı arzum idi. Lakin qəti qərara gələ bilmirdim. Bir neçə illik də olsa mətbu fəaliyyətə ara vermək və özümü biznes sektorunda sınamaq istəyirdim. Lakin bu niyyətimi həyata keçirə bilmədim. Yaxın dostların dəstəyi və yaranmış situasiyanın diqtəsi ilə QHT sektoruna yönəldim. “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən jurnalın redaktoru olaraq çalışmağa başladım. Bu fəaliyyət müddətində qiymətləndirmə sahəsinə xüsusi marağım formalaşdı. Bir müddət çalışdıqdan sonra isə öz biznesimi qurmaq qərarına gəldim. Əslində bu kənardan kənar gələn yox, öz şəxsi təşəbbüsüm idi. Düzgün və zamanında verilmiş bir qərar idi və bu gün də bu qərarımdan peşman deyiləm. Bu həm də bir qismət məsələsidir”.
“Təcrübəli dostumun çəkdiyi misal belə bir qərara gəlməyimdə müstəsna rol oynadı” deyən Osmanlı hadisəni belə nəql edir: “Deməli, bir alpinist dağa dırmaşır və dağın ən yüksək zirvəsinə çata-çatda sürüşür. Uçuruma doğru yaxınlaşanda isə kəndiri saxlayır. Hava dumanlı olduğuna görə, alpinist harada olduğunu müəyyənləşdirə bilmir. Kəndiri kəsim, kəsməyim tərəddüdü qarşısında kəsməmək qərarını verir. Səhər xilasedicilər gəlib görürlər ki, alpinist yerə təxminən bir metr məsafədən yıxılıb və donaraq ölüb. Halbuki o kəndiri kəsmək qərarını versəydi, sağ qalacaqdı. Bu misal mənim üçün bir stimul oldu”.
Ölkədə sahibkarlığın inkişafından danışan müsahibimiz hesab edir ki, son illər bu istiqamətdə ciddi addımlar atılır: “Təbii ki, müəyyən qərarlar verilir, müvafiq imkanlar yaradılır. Kiçik və orta biznesin mənfəət vergisi ilə bağlı edilən güzəştlər, sahibkarlıq subyektlərində yoxlamalarının dayandırılmasının yenidən uzadılması və digər qərarlar buna misaldır. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, ayrı-ayrı sahələrə münasibət baxımından vəziyyət heç də ürəkaçan deyil. Konkret olaraq qiymətləndirmə sahəsinin inkişafına məsul olan qurumlar bu məsələni diqqətdən kənarda saxlayırlar. Halbuki ölkəmizdə kifayət qədər peşəkar qiymətləndirmə şirkətləri mövcuddur. MDB məkanında bu sahənin inkişafı baxımından ən sonuncu yerlərdən birini tuturuq. Bütün hallarda sahibkarlığın inkişafı istiqamətində islahatlar davam etdirilməli, bütün sektorları, o cümlədən qiymətləndirmə sahəsini də əhatə etməlidir” – deyə Osmanlı fikrini yekunlaşdırır.
Paytaxtın məşhur “Qabırğa” restoranının ortaq sahibi Pərviz Əzimov 2014-cü ildən etibarən məbuatdan getdiyini deyir: “Təbii ki, mediadan gedişimin əsas səbəbi KİV-lərdə mövcud olan şərait idi. O dövrü xatırlayan həmkarlarım da təsdiq edər ki, iş yükü ağır, məvaciblər isə olduqca az idi. Bütün bunların fonunda xeyli jurnalist digər sahələrə keçid etdi. Əksəriyyəti də piar və marketinq sektoruna transfer edirdi. Məndə də bu belə oldu. Əvvəlcə piar, ardınca isə marketinq meneceri olaraq müxtəlif şirkətlərdə çalışdım. Bir çox brend şirkətlərin marketinq siyasətinin həyata keçirilməsinə rəhbərlik etdim. Təxminən yeddi il bu sahədə çalışdıqdan sonra isə qərara gəldim ki, artıq öz biznesimi qurmalıyam. Açığını deyim ki, bu bizdə alındı. Hətta bu qərarı bir qədər gec verdiyimə görə, peşmanlıq hissim də var. Bəlkə də, daha tez başlasaq, daha çox fayda və nəticələr əldə edərdik. Restoran biznesi ilə yanaşı, un məmulatlarından hazırlanan məhsulların satışını da həyata keçiririk. Hazırda iş sektorunda olsam da, bu gün də jurnalist dostlarımla, keçmiş həmkarımla dostluq münasibətlərim davam edir”.
Biznes sektorunda islahatların vacibliyindən danışan iş adamı deyir ki, sahibkarlar hökumətdən daha çox sosial model tələb edirlər: “Hesab edirəm ki, bu doğru yanaşma deiyl. Bütün hallarda liberal iqtisadi modelə və kapitalizmə fokuslanmalıyıq. Biznes qurumlarına müəyyən güzəştlər ola bilır, lakin sahibkarlıq mühitini daha əlverişli etmək üçün nəzarət mexanizmi sadələşdirilməlidir. Mütərəqqi alternativlərin təqdim olunmasına ehtiyac var. Yerli istehsalı artırmaq, idxaldan asılılığa son qoymaq da zəruridir və məhz bu problemlər iş adamlarının qarşısındakı ən ciddi maneələrdən biridir. Vergi və digər güzəştlərlə bağlı hökumətin fəaliyyəti isə təqdir olunmalıdır”.