Paşinyanın aqibəti sələflərindən daha acınacaqlı olacaq…backend

Paşinyanın aqibəti sələflərindən daha acınacaqlı olacaq…

1994-cü ildən hökm sürən atəşkəs dövründə təmas xəttində dəfələrlə qarşıdurma və döyüşlər baş verib, ordumuz şəhidlər verib. Ermənistanın 12 iyul tarixində Azərbaycan sərhədlərinə növbəti təcavüz cəhdi bir sıra amillərə görə ciddi təhlil olunmalıdır.
İlk öncə ondan başlamaq istəyirəm ki, təxribat və təcavüz cəhdinin ermənilər tərəfindən törədilməsi birmənalıdır. Ermənistan tərəfi həmişə olduğu kimi yalan və təhrif olunmuş məlumatlarla günahı Azərbaycan tərəfinin üstünə atmağa nə qədər səy göstərsə də, bunu sadə məntiqlə anlamaq çətin deyil. Azərbaycanın bütün təmas xətti boyu atəşgah rejimini pozmaq üçün imkanları olduğu təqdirdə nədən Ermənistanla sərhəddə qarşıdurmada maraqlı olsun?! Ermənistanın təxribat törətməsi üçünsə kifayət qədər səbəbləri var idi. Müşahidələrimə görə səbəb kimi gördüyüm bir neçə amilə diqqət çəkmək istərdim.
– Təhlilçilərin fikrincə ermənistanda pandemiyanın tətiklədiyi iqtisadi-sosial problemlər dərinləşir, hökumət insanların gözləntilərini qarşılamadığına görə mövqeləri zəifləyir, Paşinyanın reytinqi düşür, müxalifət partiyaları iqtidara qarşı birləşir, xarici siyasətdə kompas itirilib və s;
– Paşinyan özünü demokratik yolla hakimiyyətə gəlmiş lider hesab etsə də, iqtidarı itirdiyi təqdirdə onu nələr gözlədiyini yaxşı anlayır və va-bank getməyə məcburdur. Hadisələrin gedişatı belə qənaətə gəlməyə əsas verir ki, yaxın gələcəkdə ermənistanda siyasi böhranın olması və hakimiyyət dəyişikliyi qaçılmazdır. Paşinyanın aqibəti isə sələflərindən daha acınacaqlı olacaq. Belə vəziyyətdə Paşinyan Dağlıq Qarabağ münaqişəsindən siyasi maraqları üçün maksimum yararlanmağa çalışır. Gah təxribatlar, gah təhdidlər edir, gah da quyruq bulayır;
– Ermənistanda fövqəladə vəziyyətin uzadılacağı ehtimalı böyük narazılıqla qarşılanırdı. Hökumət 12 iyul tarixində sərhədyanı bölgələrdə təxribat törədərək gündəmi dəyişdirdi və insanların fikrini yayındıraraq 13 iyul tarixində fövqəladə vəziyyətin daha bir ay uzadılmasına dair qərar imzalandı.
– Bu günlərdə daha bir məqam diqqətdən yayındı. 10 iyul tarixində ermənistanın yeni milli təhlükəsizlik strategiyası açıqlanmışdır. Ermənistan rəhbərliyinin iddiasına görə 2007-ci ildə qəbul edilmiş strategiya hazırkı çağırışlara cavab vermir. Strategiyanın mətni hələki yalnız erməni dilində açıqlandığı üçün əvvəlki ilə müqayisə edə bilmədim. Amma bəzi məqamları düşündürücüdür: “ermənistanın və arsaxın (oxu: Dağlıq Qarabağ (müəl.)) suverenliyi erməni xalqının ali dəyəridir”; “arsax məsələsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin məqsədi arsax xalqının öz müqəddəratını müəyyən etmə və təhlükəsizliyi naminə apardığı azadlıq müharibəsinin nəticələrini müdafiə etməkdir”; “danışıqlar nəticəsində əldə olunmuş hər hansı qərar yalnız ermənistan və arsaxda xalq razılığından sonra ermənistan və arsax hokumətləri üçün məqbul hesab edilə bilər”; “arsaxın öz müqəddəratını müəyyən etməsi haqqının heç bir məhdudiyyət olmadan beynəlxalq səviyyədə tanınması”; “yeni reallıqlar bizə daha iddialı (ambisioz) milli təhlükəsizlik strategiyasını diktə edir”.
– Beləliklə, birincisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli strategiyasına daxil edilmiş bəndlər ermənistanın separatçı və danışıqlara münasibətdə qeyri-konstruktiv mövqe tutmasını bir daha göstərir. İkincisi, daha iddialı strategiya nə deməkdir? Yeni təxribatlar, təcavüz cəhdlərimi?
– Başqa bir maraqlı amil də var. Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlu Aşot Paşinyan Tovuzdakı təxribatdan 3 gün əvvəl tərxis olunub. Erməni mənbələri oğlu hərbi xidmət keçdiyi müddətdə Paşinyanın belə məcaralara baş vurmadığını və hərbi vəziyyətin sabit qalmasında maraqlı olduğunu, tərxis olunduqdan sonra hərbçilərini ölümə göndərdiyini yazırlar. Ermənistan baş nazirinin oğlunun Dağlıq Qarabağdakı “arsax ordusunda” xidmət keçməsi isə onların öz bəyanatlarını və siyasi mövqeyini ifşa edir.
– Ermənistanda antirus əhval-ruhiyyə də belə görünür ki, ermənistan hökuməti tərəfindən tətiklənir və dəstəklənir. Bu yaxınlarda ictimai televiziyada son rus dilli veriliş bağlanıb, KTMT-yə qarşı ittihamlar səngimir, rusiyaya yaxınlığı ilə seçilən sabiq məmurlar həbs olunur, rusyönümlü siyasətçilər və partiyalar sıxışdılır, bəzən isə təqib olunur.
– Paşinyanın Tovuz istiqamətindəki təxribatı eyni zamanda daha iki versiyaya hesablanıb. KTMT–ni Azərbaycanın Ermənistan sərhəddini pozduğuna inandırmaq və təşkilatı, o cümlədən Rusiyanı məsələyə cəlb etməklə güc nümayişi və özünün yalnız olmadığını göstərmək; ikincisi, əgər KTMT və Rusiya məsələyə qoşulmazsa onları ölkə ictimaiyyətinin gözündən salmaq. Beləliklə, əgər həqiqətən də Azərbaycan Ermənistan sərhəddinə pozmağa cəhd göstərsəydi ən azından KTMT bununla bağlı bəyanat vermək məcburiyyətində qalacaqdı və Rusiya da təşkilatın aparıcı ölkəsi kimi fərqli mövqe sərgiləyərdi. Onlar günahkarın Ermənistan olduğunu bildiklərindən məsələyə Ermənistanın gözlədiyi kimi müdaxilə etmədilər. Eyni zamanda, belə görünür ki, daxili ictimai rəyə hesablanmış versiya da özünü doğrultmadı və Azərbaycan ordusunun ağır cavabı əks effekt yarada bilər.
– 13 iyul tarixində özünü Şuşada döyüşmüş xüsusi batalyonun keçmiş komandiri kimi təqdim edən, partiya sədri Şişayr Səfilyan çox düşündürücü bir bəyanat verir: “Bu tarixi imkanı əldən vermək olmaz. Yüksəklikləri almaq lazımdır. Bu qeyri-məntiqi məsələyə son qoymağın vaxtıdır. Nə vaxta qədər Arçvaşendən Gürcüstanın şimalına ziqzaqvari yollarla gedəcəyik”? Yəni, bunların məqsədi Tovuz rayonunu işğal etməklə Gürcüstanın şimalına dəhliz açmaqdır. Bu avtomatik olaraq, Qazax və Ağstafanın da işğal niyyətinin açıq bəyan olunmasıdır.
– Burda xüsusilə qeyd etmək lazımdır ki, Tovuz rayonundan eyni zamanda Azərbaycanı Türkiyə və Avropa ölkələri ilə birləşdirən enerji (qaz və neft kəmərləri) və nəqliyyat (dəmiryolu) arteriyaları keçir. Bu isə artıq geostrateji və geopolitik məsələdir və yalnız iki ölkə arasında olan münaqişə və problem deyil.
– Türkiyə Prezidenti Tovuz rayonundakı təxribatla bağlı “bölgədə yeni çatışma alanları ortaya çıxara bilən bu məsələ Ermənistanın çapını aşan hadisədir” deyərək, Ermənistanın həddini bilməsi və Türkiyənin bütün imkanlarıyla Azərbaycanın yanında olduğunu bəyan etməsi olduqca ciddi və sərt
mövqedir, təsadüfi və səbəbsiz deyildir. Bənzər bəyanatlar ard-arda Türkiyənin digər yüksək səviyyəli dövlət məmurlarından da gəldi.
– “Yeni çatışma alanları”, “çapını aşan”, “həddini bilsin” və həddini bilməzsə Türkiyənin müdaxilə edəcəyi mesajları, Ermənistanın arxasında başqa qüvvələrin olmasına və onların niyyətinin nə olduğunu Türkiyənin yaxşı anladığına işarədir.
– Türkiyə son illərdə Suriyada, Liviyada, Aralıq dənizində göstərdiyi qətiyyətli mövqeyi və konkret tədbirləri ilə strateji məsələlərdə nə qədər uzağa gedə biləcəyini göstərib. O da nəzərə alınmalıdır ki, enerji və nəqliyyat xəttlərinin hədəfə götürülməsi Azərbaycanın, Türkiyənin və Avropa ölkələrinin enerji maraqlarına ciddi təhdiddir və gözardı edilməyəcək.
– Cinayətkar erməni dəstələri 20-ci əsrin əvvəllərində bəzi böyük dövlətlərin əlində alət olduğundan Osmanlı İmperiyası ərazilərini tərk edərək dünyanın müxtəlif yerlərinə qaçmaq yolunu seçdilər. Ermənistan əgər cinayətkar alətə çevrilmək nümunəsindən dərs çıxarmayıb yenə də məcara axtarışına çıxarsa bu səhvlərinin bədəlini çox ağır şəkildə ödəyəcək.
– Paşinyan 17 iyul tarixində Rusiya Baş naziri ilə görüşündə Azərbaycanı sərhəddin pozulmasında günahlandıraraq, bu məsələnin üçüncü tərəfin təhrikləri fonunda baş verdiyini iddia edir.
– Erməni katalikosu I Aram da dərhal orduya dəstək və “xeyir-dua” verdiyini Baş nazir Paşinyana bəyan edərək bir daha iç üzünü ortaya qoydu. Erməni işğalçılarının və təcavüzünün ön xəttində həmişə kilsənin qaldığını açıq göstərməyi özünə borc bilirlər.
– Bu yaxınlarda Rusiyanın yeni qəbul olunmuş konstitusiyasındakı dəyişikliklərin də region üçün nə vəd etdiyini diqqətdə saxlamaqda fayda var. Rusiyada bəzi dairələr 1922-ci ildə Sovet İttifaqının yaranması haqqında müqavilə imzalanarkən orda İttifaqa daxil olan ölkələrə ayrılmaq hüququnun verilməsinin yanlış olduğu, əslində ittifaqa daxil olan ölklərə Rusiya Federasiyası daxilində muxtariyyət verilməli olduğu, tarixi Rusiyanın əvvəlki sərhədləri çərçivəsində bərpa olunması, tarixi ədalətin bərqərar edilməsi, dünyanın hər yerində rusların hüquqlarının və maraqlarının qorunması, yeni konstitusiyanın qarşıdakı illərdə dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına imkan yaradacığı iddia olunur.
Hər bir ölkənin özünə görə maraqları və hədəfləri var və bu planların gerçəkləşdirilməsi istiqamətində səy göstərməsində qeyri-adi bir məsələ yoxdu. Azərbaycanın yaxın və uzaq gələcəkdə ciddi daxili və xarici təhdidlərlə üzləşəcəyi ehtimalı istisna olunmamılıdır.
İnanıram ki, Azərbaycan böyük ölkələrin maraqları kontekstində dövlətçiliyini qoruyacaq və daha da möhkəmləndirəcək, çünki zəif bənd olmağa haqqımız yoxdu!
Seyran Mirzəzadə
  •  (0)
  •  (1)