İtkin və girovlarımızla bağlı nə xəbər var? – “Qızıl Xaç”dan AÇIQLAMAbackend

İtkin və girovlarımızla bağlı nə xəbər var? – “Qızıl Xaç”dan AÇIQLAMA

Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, itkin düşən şəxslərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bəzi hallarda bu rəqəmlər 3500-5000 arasında dəyişir. İşğaldan azad edilən Edilli kəndində aşkarlanan insan qalıqlarının 1992-93-cü illərdə erməni əsirliyində olan şəxslərə aid olduğu güman edildi. Hadisə şahidləri də bu gümanı təsdiqlədilər. 

Bunun ardınca Xocalının Fərrux kəndi istiqamətində tapılan insan qalıqlarının 90-cı illərdə Azərbaycan Ordusunun həmin istiqamətdə şəhid olan əsgərlərinə məxsus olduğu vurğulandı.

Bəs Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı illərin Birinci Qarabağ savaşında əsir və girov götürülmüş, itkin düşən şəxslərlə bağlı son dövrlərdə hansı addımları atıb? Bu istiqamətdə hər hansı bir irəliləyiş varmı?

Qurumun sözçüsü İlhamə Hüseynova Publika.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofislərində 1990-cı illərdən qalma 3800 nəfər əsir və itkin düşmüş şəxs kimi qeydiyyatdan keçirlib:
“Ümumiyyətlə, regionda 1990-cı illərdən qalma itkin düşmüş şəxslərin təqribi sayı 4500 nəfərdir. Buraya həm Azərbaycan, həm də Ermənistan tərəfdən olan itkin düşmüş şəxslərin qeydiyyatı daxildir. Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatda olan itkin düşmüş şəxslər ailə müraciəti əsasındadır. Həmin ailələr Beynəlxalq Qızıl Xaç Komitəsinə öz ailə üzvünün münaqişə nəticəsində itkin düşməsi haqqında məlumat veribsə, onlar BQXK-nin itkin düşmüş şəxslərlə bağlı qeydiyyatında var. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ümumiyyətlə, dövlət öhdəliyidir. Beynəlxalq Qızıl Xaç Komitəsi dövlətə dəstək verə bilər. Bu reginda Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda Dövlət Komissiyası ilə birlikdə çox sıx əməkdaşlıq etməkdədir. Söhbət Hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərlə əlaqədar Dövlət Komissiyası ilə çox yaxın əməkdaşlıqdan gedir”.

İlahə Hüseynova bildirib ki, bu əməkdaşlığın nəticəsində ilk növbədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün layihə həyata keçirilib:

“Bu, itkin düşmüş şəxslərin hər biri haqqında ailələrdən ətraflı məlumatlar toplanılıb. İtkin düşən şəxslərlə bağlı mümkün olan məlumatlar yığılıb. Daha sonra həmin məlumatlar elektron dataya salınıb. Həmin layihənin növbəti hissəsi bioloji nümunələrin toplanmasıdır. İtkin düşmüş şəxslərin hər birinin ailə üzvlərindən təxminən 4 nəfərdən bioloji nümunələr toplanılır ki, bu nümunələrdən DNT profili çıxarmaq mümkün olsun. Söhbət orta hesabla 4 nəfərdən gedir. Söhbət qohumluq əlaqələrindən asılıdır. Ətraflı məlumatlar və DNT profili birlikdə esqumasiya zamanı tapılan insan qalıqları kimliyinin müəyyənləşdirilməsi üçün istinad məlumatdır. Yəni həmin qalıqların kimliyini müəyyənləşdirib ailələrə cavab vermək üçün bu məlumatların olması çox vacibdir”.

  •  (0)
  •  (0)