Vəkillər Kollegiyasının üzvü, vəkil Qanqa İbrahimov əsassız cərimələndiyini iddia edir.
Hokm.az xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, hakimə “iclası vaxtında başlayın” dediyi üçün hakim onu 500 manat məbləğində cərimə edib.
“Hakim “iclası vaxtında başlayın” deyən vəkili niyə 500 manat cərimə etdi?!” başlıqlı yazını olduğu kimi təqdim edirik:
“Hakimin məhkəmə iclasını təyin etdiyi vaxtda başlamaması prosessual pozuntu olmaqla yanaşı, vaxtın boşuna israfına gətirib çıxarır. Bu isə öz növbəsində proses iştirakçılarının, xüsusən vəkillərin gündəlik iş qrafikinin pozulmasına, həmin günə nəzərdə tutulmuş işlərin bəzilərini ümumiyyətlə çatdırmamalarına, yaxud çatdıra bilmələri üçün daha gec saatlara kimi işləmələrinə səbəb olur. Vəkillər əksər hallarda bu cür gecikmələr barəsində öz-özlərinə, yaxud öz aralarında nə qədər deyinsələr də, gördükləri tədbir bu cür deyinməkdən o yana keçmir.
Bəlkə buna görədir ki, bəzi hakimlər bu cür gecikmələri tam normal fəaliyyət hesab edərək, sanki ancaq onların işi işdir, başqalarınki avaralanmaq, vaxt öldürməkdir kimi başa düşüb, hələ bir borclu çıxardan səs tonu ilə hirslənirlər ki, “gözlə, baxacam da!”.
Mən adətən yumşaq tərzdə hakimdən iclası təyin olunmuş vaxtda başlamasını xahiş edirəm. Məsələn, məhkəmə iclasını adətən gec başlayan hakim növbəti iclasın vaxtını təyin edəndə ondan xahiş edirəm ki, iclası, başlaya biləcəyi vaxta təyin etsin. Bununla da, ona xatırladıram ki, iclası vaxtında başlamır.
İclasını təyin etdiyi vaxtda başlamayan hakimlərdən biri də Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədovdur. Bu məsələ barəsində və onun haqqında yazmağımın səbəbi var. İclaslarını vaxtında başlamaması onun üçün o qədər normal haldır və buna o qədər öyrəşib ki, bu gün ondan iclasını təyin olunmuş vaxtda başlamasını tələb etdiyim üçün, qəzəbini heç cürə cilovlaya bilməyərək məni ilk vəsatətimdəcə 500 manat cərimə etdi! Təsəvvür edirsiniz? Hakimdən vəzifəsini yerinə yetirməsini istəyirəm, onun katibi vasitəsilə mənə “zalda gözləsin, yarım saata zala düşəcəm” ismarıcına gözləyə bilməyəcəyim cavabını verirəm, hakim isə iki dəqiqə keçməmiş zala gələrək mənə qəzəblənir ki, sən niyə deyirsən ki, iclası vaxtında başlayın?! Bu cür düşüncə sahibi olan hakimdən hansı hakimliyi gözləmək olar?
Elman Məmmədov onun rahatlığını pozmağıma o qədər qəzəblənmişdi ki, bunu gizlədə bilmirdi. Məhkəmə iclasında həmin iş üzrə verdiyim ilk vəsatətimdə məni 500 manat cərimə etdiyini elan etdi! Düşünməyin ki, hakim bununla sakitləşə bildi. Xeyr. Dərhal vəkilə – mənə əmr etdi ki, telefonu söndür. Ardınca da katibə dedi ki, protokola yaz ki, vəkil məhkəmə iclasında qaydanı pozduğuna görə xəbərdarlıq olunur. Hakimə deyirəm ki, telefonum səssiz rejimdədir, iclasın normal gedişinə heç bir maneçilik yaratmır, həm də siz iclas başlayanda telefonun sönülü olması barədə bir qayda müəyyən etməmişdiniz, müəyyən olunmamış qaydanı necə poza bilərəm?! Hakim deyir ki, qaydanı indi müəyyən edirəm, sizi də xəbərdar edirəm! Bax belə.
Axı mən kiməm ki, hakimin səhərki rahatlığına imkan vermirəm, nə zaman istəyər, o zaman da zala gələr, iclasını başlayar, o vaxta kimi səbrlə onu gözləməli, zala təşrif buyuranda da mehribanlıqla üzünə baxıb salamlaşmalıyam.
Hakim Elman Məmmədovun qəzəbinin onu idarə etməsinə imkan verməsi həm də ona görədir ki, məhkəmə iclasının audio qeydiyyatı aparılmalı olduğu halda, aparılmır. O da rahat-rahat vəkilə də qəzəblənir, onu əsassız cərimə də edir, telefonunu da söndürür. Ən pis halda deyəcək ki, elə olmayıb, belə olub. Nə ilə sübut olunacaq ki, vəkil haqlıdır?!
Onu da deyim ki, Elman Məmmədov bu günün sonuna doğru elektron məhkəmə sistemində yerləşdirdiyi qərardadında artıq zalda mənimlə əlaqədar baş verənləri təhrif etmişdi. Bu da hələ başa çatmayan (çatdırılmayan) məhkəmə islahatının acı nəticəsi!”E-huquq.az