Surxanı rayonunun icra başçısı Əziz Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı gətirilə bilər.
Hokm.az milletinsesi.info-ya istinadən bildirir ki, bu barədə adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Bildirilir ki, Əziz Əzizov Pezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Kərəm Həsənova yaxınlığı ilə seçilir.
Onun Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsinə də hələ Kərəm Həsənov Əmlak Komitəsinin sədri olanda yardım edibmiş.
O, 12 il (2006–2018-ci illər) Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Məhz Kərəm Həsənovun dəstəyi ilə Əziz Əzizov Cəlilabaddan Bakıya gətirilib və 2018–2019-cu illərdə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunduğu deyilir.
Daha sonra, yəni İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin olunub.
Məlumatda deyilir ki, hazırda digər icra başçılarından fərqliliyi ilə seçilməyə və belə bir görüntü yaratmağa çalışan Əzizov hazırki vəzifəsinə tramplin kimi baxır.
“Hacıbala Abutalıbov da Surxanı rayon icra başçısı vəzifəsindən Bak meriyasına rəhbər gətirilmişdi. Əzizov da bu vəzifəyə tramplin kimi baxır. Hər halda onun bu vəzifəyə gətirilmə ehtimalı çoxdur, çünki Kərəm Həsənovla çox yaxın münasibəti var”, – deyə məlumatda qeyd olunur.
Görünür, bir müddət öncə müxtəlif media orqanlarında “Prezident Əziz Əzizovu təriflədi” başlıqlı yazılar da təsadüfən dövriyyəyə buraxılmayıb.
Məlumatla bağlı Surxanı Rayon İcra Hakimiyyətindən və Əziz Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.
Bakının hazırki icra başçısı Eldar Əzizovdur. O, 2000–2003-cü illərdə Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin başçısı, 2003–2011-ci illərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı, 2011–2015-ci illərdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail rayon icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Gəncədə işləyərkən İlham Əliyevin ad gününə 48, Sumqayıtın icra başçısı olanda isə hazırlatdığı 50 metrlik tortla gündəmə gəlib. Onun adı mediada müxtəlif korrupsiya faktları, dövlət satınalmalarının düzgün xərclənməməsi kimi məsələlərdə hallanır.
Eldar Əzizov Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Ölkə başçısının 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.