Ötən gün Azərbaycan bayrağını təhqir edən Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Pərviz Məhəmmədovun xaric edilməsi geniş müzakirələrə səbəb olub.
Bu qərarı bəzi şəxslər düzgün hesab etsə də, digər şəxslər ədalətsiz hesab edib.
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, universitetin dediyinə görə, həmin tələbə dərslərdə tez-tez belə hallara yol verib:
“O, son görüntüdə də göründüyü kimi dərsin gedişinə mane olub. Düşünürəm ki, burada sırf xəbərdarlıq etmək məsələsi ola bilərdi. Töhmət vermək isə onsuz da universitetlərdə keçmir. Sadəcə, tələbəyə və valideynlərinə xəbərdarlıq olunması lazım idi. Bu qərara sırf Azərbaycan bayrağının bu formada təhqir olunmasına qismən haqq vermək olar. Mən yalnız o zaman haqq qazandıra bilərdim ki, həqiqətən, o tələbəyə əvvəllər xəbərdarlıq edilmiş olsun. Amma yenə də bu qərarı çox da düzgün hesab etmirəm. Ən azından biz tələbəni islah etməli idik. Məsələn, bu ixtisasa uyğun başqa qrupa keçirə və sonuncu dəfə xəbərdarlıq edə bilərdik. Və ya psixoloji söhbətlər aparıla bilərdi. Düzdür, bayraq haqqında Konstitusiya qanunu var. Orada bayrağın heç bir halda alçaldılması yolverilməzdir və cinayət məsuliyyəti daşıyır. Universitet də bunu əsas götürüb. Amma 18 yaşlı yeniyetməyə insani davranış sərgiləmək daha yaxşı olardı”
Vəkil Babək Həmidov isə universitetin bu qərarının əsassız olduğunu söyləyib:
“Açıqlamada universitet iki məsələyə toxunur. Birincisi, tələbə tərəfindən universitetin daxili nizam-intizam qaydaları pozulub. Belə çıxır ki, tələbənin qaydalara əməl etməməsi artıq xroniki hal alıb. Bunun nə qədər doğru olduğunu isə yalnız onlar bilir. Lakin tələbənin çıxarılmasına səbəb yayılan son görüntülər olub. Məsələ belədir ki, indiki mərhələdə BDU hesab edir ki, bayraq təhqir olunub. Əslində, universitetin bunu belə hesab etməsinin hüquqi və qanuni əsası olmalıdır.
Azərbaycan bayrağını təhqir etmək Azərbaycan Respublikasının cinayət məcəlləsi ilə qadağan edilir. Bununla bağlı hər hansı hadisə baş verərsə, araşdırma aparılmalı, cinayət işi başlanılmalıdır. Əgər təsdiqini tapar və qanun qüvvəyə minərsə, həmin şəxsə biz bayrağı təhqir etdiyini deyə bilərik. Yəni şəxsin haqqında bayrağı təhqir etməsi ilə bağlı məhkəmənin qüvvəyə minmiş qərarı yoxdursa, biz heç kimə bayrağı təhqir etdiyini deyə bilmərik. Bu səbəbdən universitetin tələbəyə “bayrağa qarşı təhqiredici hərəkət edib” deməsi əsassızdır. Universitetin belə mövqe qoymağa haqqı yoxdur. Əksinə, universitetin belə bir mövqeyi həmin tələbənin Konstitusiyada nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasını pozur. Yəni universitet bu gün həmin hərəkətləri özü hər hansı bir hüquqi səlahiyyəti olmadan qiymətləndirir, hansı ki o cinayət əməli hesab olunur və həmin cinayət əməlini törətməkdə tələbəni ittiham edir. Deməyim ondan ibarətdir ki, məhkəminin bayrağı təhqir etmə ilə bağlı qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxsə “bayrağı təhqir etmisən” demək qanunsuzdur.
Lakin istisna edilmir ki, bayraqla rəftarda etik qaydalar pozulub. Onun təhqir olunub-olunmamasına qərar vermək cinayət təqibini həyata keçirən orqanın vəzifəsidir. Lakin görüntülərdə bayraqla davranışda etik qaydaların pozulması görünür. Bu da xoş deyil”.