Zamanın tələbinə uyğun olaraq Azərbaycanın xarici siyasəti hansı istiqamətə dəyişməlidir?
Siyasi şərhçi: “Azərbaycanın coğrafiyasına görə yaranmış fürsətdən istifadə etməsi üçün çox ciddi müttəfiqlərə ehtiyacı var. Xarici siyasətin də bu gün prioriteti bu olmalıdır”.
“Son günlər Azərbaycanın Gürcüstan və Serbiya ilə münasibətlərinin korlanmasına yönəlmiş addımlar təsadüfi sayılmamalıdır”.
Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Azərbaycanın xarici siyasətinin güclü və zəif tərəflərini PİA.az-a şərh edərkən qeyd edib.
Heç kimə sirr deyil ki, Azərbaycanın xarici siyasəti bu günə qədər əsasən neft lobbiçiliyi üzərində formalmışdı. Lakin dünyada gedən inkişaf geosiyasi mübarizəni neftdən kənar maraqlar üzərində kökləməkdədir.
Zamanın tələbinə uyğun olaraq Azərbaycanın xarici siyasətinin güclü və zəif tərəfləri haqqında nə demək mümkündür və ölkəmizin xarici siyasəti hansı istiqamətə dəyişməlidir?
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Orucluya müraciət edib.
Ərəstun Oruclu: “Şimal-Cənub dəhlizi üçün Rusiya Azərbaycana basqılar edir, bunun üçün Qarabağ münaqişəsindən yararlanmağa çalışır”.
Azərbaycan ərazisindən Şərq-Qərb və Şimal-Cənub dəhlizinin keçməsi planının nəzərdə tutulduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında təəssüf hissi ilə qeyd edib ki, böyük oyunçular bu planda Azərbaycanın maraqlarını nəzərə almamağa çalışırlar. İlk növbədə isə Azərbaycanın marağını Rusiya nəzərə almamağa çalışır:
“Bəli, qlobal geosiyasi mübarizədə neft artıq həm siyasi, həm də iqtisadi amil olaraq arxa plana keçir. Bu gün müasir geosiyasət daha çox daşımalar, logistika üzərində qurulur. Bu baxımdan Azərbaycanın çoğrafi mövqeyi son dərəcə önəmlidir. Yəni biz artıq bilirik ki, Azərbaycan ərazisindən Şərq-Qərb və Şimal-Cənub dəhlizinin keçməsi planı nəzərdə tutulub. Amma çox təəssüf ki, böyük oyunçular bu planda Azərbaycanın maraqlarını nəzərə almamağa çalışırlar. İlk növbədə isə Azərbaycanın marağını Rusiya nəzərə almamağa çalışır. Bunun üçün də Şimal-Cənub dəhlizi üçün Rusiya Azərbaycana basqılar edir, bunun üçün Qarabağ münaqişəsindən yararlanmağa çalışır.
Hesab edirəm ki, Azərbaycanın coğrafiyasına görə yaranmış fürsətdən istifadə etməsi üçün çox ciddi müttəfiqlərə ehtiyacı var. Xarici siyasətin də bu gün prioriteti bu olmalıdır. Azərbaycan çoxlu müttəfiq və dost əldə etməlidir.
Qeyd edim ki, son günlər Azərbaycanın Gürcüstan və Serbiya ilə münasibətlərinin korlanmasına yönəlmiş addımlar təsadüfi sayılmamalıdır. Azərbaycanın çox az müttəfiqi var. Bu gün Azərbaycan az qala təcrid olunma vəziyyətə çatdırılmaq üzrədir. Buna görə də biz xarici siyasət konturlarımızı açıq, aydın müəyyənləşdirib, bizimlə maraqları üst-üstə düşən, bizə ənənəvi müttəfiq ölkələrlə münasibətlərimizi bir qədər də intensivləşdirməliyik. Bu ölkələr Türkiyə, Gürcüstan və Pakistandır. Çünki hərbi cəhətdən də güclü olmaq lazımdır.
Ərəstun Oruclu: “Azərbaycanın çox az müttəfiqi var. Bu gün Azərbaycan az qala təcrid olunma vəziyyətə çatdırılmaq üzrədir”.
Eyni zamanda da ABŞ və Avropa ölkələri ilə əlaqələr qurulmalıdır. ABŞ Konqresində müzakirə olunanlar və orada qəbul olunan qərarlara düzəliş onu göstərdi ki, Azərbaycana münasibət heç də biganəlik deyil. Deməli biz bundan yararlanmalıyıq. Buna üçün də xaric siyasət qurmalıyıq və çevik çalışa bilən diplomatik korpus yaradılmalıdır. Bu bizim prioritetimiz olmalıdır.
Eyni zamanda da qonşu və müttəfiq ölkələrdən yararlanaraq onlardan dəstək almalıyıq. O cümlədən Rusiya və İranla qarşılıqlı münasibət qurmağa çalışmalıyıq. Bu çətindir, amma mümkündür. Mümkün olmayan heç nə yoxdur. Düzgün konturlar, istiqamətlər seçməliyik. Başqa yolumuz yoxdur. Çünki ətrafımızda bu dövlətlərdir”.