Azərbaycanın “bir nömrəli” operatoru Azercell rəqiblərindən niyə geridə qalır?backend

Azərbaycanın “bir nömrəli” operatoru Azercell rəqiblərindən niyə geridə qalır?

Azərbaycanın üç əsas mobil operatoru arasında ciddi rəqabətin getdiyi heç kimə sirr deyil. Xüsusilə də, yeni texnologiya və tətbiqlərin istifadəçilərə təqdim olunması, eləcə də tariflərdə bu vəziyyət özünü daha aydın büruzə verir. 

Ölkənin vaxtilə “birinci” mobil operatoru olması ilə öyünən və abunəçi sayına görə ilk pillədə qərarlaşdığını iddia edən Azercell isə bu rəqabətdə yavaş-yavaş geri qalır.

Əsas rəqibləri olan Bakcell və Nar-ın yeni imkanları daha ucuz tariflərlə abunəçilərinə təqdim etməsi fonunda, Azercell-də hər hansı yeniliklərə nadir hallarda şahid oluruq.

Müqayisəmizi Bakcell üzərindən davam etdirməklə aradakı fərqi daha aydın şəkildə görə bilərik. Belə ki, Bakcell son həftələrdə Azərbaycanda ilk olaraq iki yeni tətbiqi abunəçilərinə istifadəsinə verib:

1. eSIM

Bu yenilik vasitəsilə istifadəçilərin plastik SIM kartlardan istifadəsinə ehtiyac qalmayacaq. Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. Bu texnologiya vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

2.  VoLTE

VoLTE tətbiqi smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir. Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq.

Yeniliklər təqdimat olaraq qalır…

Maraqlı məqamsa bundan ibarətdir ki, Azercell tərəfindən hər iki yenilik hələ bir neçə il öncə istifadəçilərə təqdim edilib. Araşdırmalarımız nəticəsində məlum olub ki, VoLTE texnologiyalı ilk zəng hələ 2017-ci ilin dekabrında reallaşdırılıb. Bir digər yenilik olan eSIM-in isə 2019-cu ilin aprelində mobil operator tərəfindən təqdimatı baş tutub.

Lakin sözügedən yeniliklər elə təqdim olunmaqla qalıb. Təqdimatın üzərindən illər keçməsinə baxmayaraq, nə eSIM-dən, nə də VoLTE abunəçilərin istifadəsinə verilib. Bir sözlə Azercell-in ölkədə ilk olaraq reklam etdiyi tətbiqlərdən istifadə etmək şirkətin abunəçilərinə müəssər olmayıb.

Azercell şirkətinin mobil operatorların rəqabətində geriliyi internet keyfiyyətində də özünü göstərir. Xüsusilə də, günümüzdə abunəçilər üçün ilk və ən önəmli kriteriyaya çevrilən internet sürəti rəqabətə təsir edən əsas faktorlardan, yəqin ki, birincisidir.

Dünyada internet sürətinin ölçülməsində əsas göstərici hesab olunan “Ookla” şirkətinin “Speedtest” indeksində isə mobil operatorlar arasındakı fərq aydın şəkildə görünür. Belə ki, şirkətin 2021-ci il üçün hesabatına əsasən, internet sürətinə görə, Bakcell ilk, Nar Mobile ikinci pillədə qərarlaşıb. Azercell üç operator arasında yalnız üçüncü yerin sahibi olub.

Sürət cəhətdən rəqiblərindən xeyli geri qalsa da, “Azercell”in tarifləri qiymət sarıdan rəqiblərindən nəinki geri qalır, hətta şirkət bir sıra paketlərdə abunəçilərinə daha yüksək qiymətlərlə xidmət təklif edir.
Eyni zamanda sosial şəbəkələrdə istifadəçi rəylərinə nəzər saldıqda da “Azercell”ə bağlı şikayətlərin bitib-tükənmədiyinə şahid olduq.

Şirkət abunəçilərini necə itirir?

Bütün sadalananların şirkətin reputasiyasına təsiri isə özünü abunəçilərin seçimində aydın şəkildə büruzə verib. Belə ki, “Azercell” abunəçisi olan bir sıra şəxslər sadalananlara görə digər mobil operatorlardan istifadə etməyə başladıqlarını qeyd edirlər.

Təsadüfi deyil ki, yerli KİV-lərin araşdırmasında bir neçə il öncə 5 milyon abunəçisi olan “Azercell”in 2021-ci ilin sonlarında aktiv abunəçilərinin sayının 3 milyona qədər azaldığı qeyd olunub.

2020-ci ilin mayında “Bussines İnsight” şirkəti tərəfindən aparılan sorğuda isə “Bakcell”in abunəçi sayında “Azercell”i geridə qoyduğu öz əksini tapıb (link). Eləcə də “Azercell”dən imtina edən respondentlərin 80%-nin aşağı gəlirli şəxslər olduğu və onların tariflərin yüksək olması səbəbindən digər operatorlara üz tutduğu məlum olub.
Aparılan araşdırmalara istinadla deyə bilərik ki, “Azercell” özünü ölkənin “birinci mobil operatoru” kimi təqdim etsə də, reallıqda vəziyyət xeyli fərqlidir. Ekspertlərin sözlərinə görə, texnoloji yenilikləri yalnız təqdim etməklə öyünən “Azercell”in yaxın vaxtlarda operatorlararası rəqabətdən məğlub çıxacağı olduqca real görünür.

Məqalə reklam  və ya antireklam xarakteri daşımır, redaksiyanın araşdırmasının nəticəsidir. Mövzu ilə bağlı Azercell şirkətinin mövgeyinidə işıqlandırmağa hazırıq. bizim.media

  •  (1)
  •  (0)