Ölkəmizdə son zamanlar insanlarda mərc oyunlarına maraq artır. Lakin bundan istifadə edərək insanları şirnikləşdirib bu cür oyunlara cəlb edənlər görünür, qumarın təşkilinin nə qədər böyük məsuliyyət yaratdığını unudurlar. “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Şəhərin mərkəzi küçələrində hər kəs “Azərlotoreya” məntəqələrinə toplaşıb və asan pul qazanmağa şirnikləşdirilir, qumar təbliğ olunur. İnsanları sanki halal puldan, əziyyətdən yayındırıb rahat pul qazanmağa yönləndirirlər…
Məsələ ilə bağlı fikirlərini editor.az-a bölüşən sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki, keçən ilin fevral ayından “Azərlotoreya” ASC türk şirkətinin idarəetməsinə verilib:
“Küçə oyunları, qumarlar, mərc oyunları, mobil qumarxanalar ölkəmizdə getdikcə çoxalır. Çox təəssüf ki, Azərbaycan əhalisi, əsasən kasıb təbəqədən olan insanlar bu tipli ucuz oyunların girovuna çevrilib. Bu həm ümumi maarifləndirmə səviyyəsindən, həm də bu sahədə şəffaflığın olmamasından irəli gəlir. İstənilən mərc oyunları təşkil edən şirkətlər böyük mənfəətlə işləyirlər, buna görə də onların vergi ödəyicisi yüksək olmalıdır. Ancaq “Azərlotoreya”ya bir sıra güzəştlər tətbiq olundu. Bu gün küçələrimiz, meydanlar belə oyunların əsarəti altındadır. Bu mərc oyunu məntəqələrinin başında izdihamları gördükdə reaksiya vermək lazımdır. Hesab edirəm ki, bu oyunbazlığa qısa zamanda son verilməlidir. Şirkətə tətbiq olunan vergi və digər məsələlərlə bağlı güzəştlər təcili aradan qaldırılmalıdır. Ciddi şəkildə KİV-də belə oyunların mahiyyəti də insanlara izah edilməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, son zamanlar ölkəmizdə mərc oyunları xeyli “populyarlıq” qazanıb:
“Əsasən də “Poz qazan” və digər bu tipli ucuz lotoreya oyunları vətəndaşlar tərəfindən ciddi maraqla qarşılanır. Bunun da əsas səbəbi ilkin mərhələdə insanlara bir manatlıq lotoreyalarla müəyyən qədər pul qazanabilmə imkanının verilməsidir. Vətəndaşlar hər zaman belə bir ümidlə yaşayırlar ki, yüksək məbləğdə qazanc onlara da qismət ola bilər. Zaman-zaman yaxınlarının belə bir uduşlu lotoreyalarda iştirak etməklə müəyyən məbləğ udduğunu görən insanlar arasında bu, dildən-dilə dolaşır və marağın artmasına səbəb olur. Beynəlxalq təcrübəyə əsasən hansı ölkələrdə işsizlik, sosial problemlərlə bağlı məsələlər öndədir, həmin ölkə vətəndaşlarının bu tip oyunlara marağı artır. Bu məsələ qanunvericiliklə indiki halda qadağan edilə bilməz. Lakin sosial çarxlar, müəyyən ictimai müzakirələr vasitəsilə vətəndaşlara tipli oyunların onlara böyük ziyan vura biləcəyini çatdırmaq lazımdır. Məşhur bir deyim var :” Sonda həmişə lotoreya və ya kozino sahibi udur”. Bu fikri təcili surətdə insanlarımıza da aşılamaq lazımdır”.